Liviya diktatoru hakimiyyətdən gedərsə ölkəsində qala bilər
NATO-nun Müəmmər Qəzzafinin devrilməsini hədəf alan hərbi əməliyyatlar davam edərkən hərəkatın ən əhəmiyyətli iştirakçısı Fransa yaranmış vəziyyətdən çıxış yolu üçün üsyançılarla əməkdaşlığını daha da sıxlaşdırıb.
Fransa prezidenti Nikolya Sarkozi ilə görüşən Livyalı müxaliflərin strateji şəhəri Misratadan gəlmiş hərbi nümayəndələr paytaxt Tripolinin ələ keçirilməsi üçün rəsmi Parisdən silah və maliyyə dəstəyinin artırılmasını istəyib. Görüşdən sonra Fransanın xarici işlər naziri Alen Jupp “Qəzzafi getməlidir” bəyanatlarından geri çəkilərək “Polkovnik iqtidardan gedərsə Liviyada qala bilər” açıqlamasını verib.
Nazir atəşkəs və siyasi böhrandan çıxış prosesinə başlanmazdan öncə Qəzzafinin hakimiyyətdən getməsinin vacib olduğunu söyləyib. Jupenin sözlərinə görə, atəşkəs rejimi Liviya diktatorunun hərbi və mülki səlahiyyətlərindən imtina etməsindən sonra mümkün olacaq. Ancaq Qəzzafinin Liviyada qalması Beynəlxalq Tribunalda müharibə cinayətlərinə görə məsuliyyətə cəlb olunmasını əngəlləyir.
Diktatorun oğlu Seyfüislam Qəzzafinin “Fransa ilə birbaşa müzakirələr aparırıq” açıqlamalarına baxmayaraq Alan Jupe xəbərləri təkzib edərək “Qəzzafi rejimi ilə Paris arasında hərhansı danışıqlar mümkün deyil” bəyanatını səsləndirib.


