Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov Azərbaycanın Türkiyə ilə viza rejimini ləğv etməməsinin səbəblərini açıqlayıb. Əsl səbəbin bu olduğuna qətiyyən inana bilmərik. Amma Əli Həsənov deyir: “Biz Türkiyə ilə viza rejiminin ləğvində problem görmürük. Amma Iran buna kəskin etiraz edərək, ona münasibətdə də eyni addımın atılmasını istədi. Əks halda, Azərbaycanın Naxçıvanla quru əlaqəsini kəsəcəyinə dair xəbərdarlıqla çıxış etdi”.
Birinci təəccübümüz. Heç bilmirdik ki, Naxçıvanda əhalinin əhədini kəsən, ona göz verib, işıq verməyən bir hakimiyyət bu əhalinin quru yol dərdindən divanə imiş. Onsuz da Naxçıvanın nəfəsini kəsmisiniz, artıq o quru yol bağlansa da, böyük faciə olmaz! Hətta onu da bilirsiniz ki, Iran bu addımı ata bilməz. Ikinci təəccübümüz. Azərbaycan hakimiyyəti Irandan çəkindiyini etiraf edir. Molla rejiminin Azərbaycana düşmən olduğu aydındır. Amma onun indiki gücü o səviyyədə deyil ki, qarşısından qaçasan, hədələrindən çəkinəsən. Daxilən sarsılmış bu rejimin dünyadakı yeri də laxlayıb. Ərəb inqilabları isə bu rejimi mənən məhv edib. Onun ideyaları boşa çıxıb. Müsəlmanların artıq yeni arzuları var və onlar bu cür islami rejimlərin islama da zidd olduğunu anlayırlar. Elə Əli Həsənovun özü də eyni açıqlamada Irandakı qeyri-sabitlikdən söhbət salır.
Digər tərəfdən, hər hədəni qəbul etsən, sən necə müstəqil dövlət olacaqsan ki! Iran Naxçıvana quru yolunu kəsəcək, sən də Iranın yolunu kəsəcəksən. Ona cavab verəcəksən ki, yerini biləcək. Bir vaxtlar iki gündən bir sərhədimizi pozan Irana Türkiyə Şahinlərinin Bakı göstərisi ilə birdəfəlik cavab verildi. Iran bununla da əl-ayağını yığışdırdı…
Üçüncü təəccübümüz. Ağır günlərdə Türkiyə Şahinləri ilə – əslində Türkiyə dövlətinin gücü ilə Irana cavab verən Azərbaycan indi Iranı Türkiyəyə bərabər tutur.
Nəhayət: Bizim şanlı hakimiyyətimiz Avropanın demokratiya tövsiyələrini, çağırışlarını rədd edir. Şir kimi hayqırır ki, bizim işimizə qarışmasınlar, ay nə bilim, bizim öz yolumuz var və s. Baxmayaraq ki, bu çağırışlar yalnız Azərbaycan xalqının xeyrinədir, onlar yalnız dövlətimizi və toplumumuz gücləndirməyə xidmət edə bilər. Bizim hakimiyyət onları cəsarətlə rədd edir. Amma Iranın ziyanımıza olan bir tələbini, hədəsini quzu kimi yerinə yetirirlər. Təkzib. Bütün bu təzadlara hətta Əli Həsənovun özü tab gətirməyib, “Today’s Zaman” qəzetinə müsahibəsində dediyi həmin sözləri dərhal təkzib etdi. Guya türkiyəli jurnalist onu düz anlamayıb. Amma Azərbaycan xalqı 15 ildir bu adamları düz anlayır.
Ictimaiyyəti aldadan Rabitə Nazirliyi
Illərdir “Azerfon”un əsl sahiblərinin kim olduğunu gizlədən, bununla da qanunları pozan Rabitə Nazirliyi yenə də 3G oyunu aparır. O da çoxdan bəllidir ki, nazirlik 3G tezliklərinin hamısını kabel televiziyası olan B&BTV-yə satıb. “Azerfon”a lazım olduqda həmin tezliklərdən biri alındı. Digər operatorlardan “Azercell” illərdir bu texnologiyanı tətbiq etməyə hazır olduğunu bəyan etsə də, əngəli aşa bilmir.
Indi nazirlik digər operatorları tezliklə təmin etmək əvəzinə, onları B&BTV-nin üzərinə yollayır. Amma yenə də xalqı aldadırlar. Çünki bu arada B&BTV-ni “Azerfon”un alması haqda məlumatlar yayıldı. Həmin məlumatlar təkzib edilmir. Bu şübhələrin doğruluğunu “Azerfon”a asanlıqla tezlik verilməsi, onun rəqibi olan “Azrecell”ə isə əngəllər yaradılması da artırır. Bir sözlə, hakim ailənin üzvlərinə məxsus “Azerfon” nəinki bir 3G tezliyinə sahibdir, 3G-nin yayıla biləcəyi bütün tezliklər ondadır. Rabitə Nazirliyi isə özünü “Azerfon”un bir şöbəsi kimi aparır.