Aqil Xəlildən bəhs edən “073 saylı reys»

Çərşənbə günü axşam “Jurnalistikanın inkişafına yardım” Ictimai Birliyi “073 saylı reys” adlı yarımsaatlıq sənədli filmin təqdimatını keçirib. Film Azərbaycanda jurnalistlərin azadlığı və təhlükəsizliyi probleminə həsr olunub.

Filmin baş qəhrəmanı- “Azadlıq” qəzetinin yeni fəaliyyətə başlayan reportyoru Aqil Xəlilin vasitəsilə təqdim olunur. O, jurnalistikada atdığı ilk addımlardan dövlətin görünməmiş zorakılığı ilə qarşılaşır və yalnız həmkarlarının, xarici diplomatların dəstəyi sayəsində xilas olur.
Demək olar ki, onu Milli Təhlükəsizlik Nazirliyinin əlindən alaraq 073 saylı reyslə Fransaya aparıblar.

Lakin o, Fransada da keçmişin dəhşətli xatirələri ilə yaşayır və ümid edir ki, nə vaxtsa Azərbaycan adlı demokratik ölkəyə qayıdacaq. Aqil Xəlilin epopeyası 2008-ci ilin martında başlayıb. Belə ki, o, zeytun bağının qanunsuz kəsilərək satılması barədə jurnalist tədqiqatı aparırdı. Bu qanunsuz əməliyyatda iştirak edən MTN-in iki zabiti Aqili döyüblər. Bir qədər sonra ona qarşı sui-qəsd edilib və xoşbəxtlikdən bıçaq yarası ilə canını qurtarıb.

Aqilin işi Azərbaycanda istisna deyil. Belə ki, bir neçə jurnalist öldürülüb, yaralanıb, onlarla jurnalist müxtəlif uydurma cinayətlərə görə həbsxanada yatıb. Filmdə Aqilin əhvalatı digər təcrübəli jurnalistlərin əhvalatları ilə uzlaşır. 2006-cı ilin mayında “Bizim yol” qəzetinin redaktoru Bahəddin Həziyev oğurlanaraq döyülüb, şikəst edilib. “Azadlıq”ın redaktoru Qənimət Zahid dəfələrlə  döyülüb, nəhayət, guya xuliqanlıq hərəkətinə görə həbs edilib. Ancaq onlar özlərini qəhrəman hesab etmirlər. “Biz, sadəcə, öz işimizi görürük. Qəhrəmanlar ön cəbhədə səngərdə duran zabitlər və əsgərlərdir”, – Həziyev bildirib. Lakin filmin müəllifi Arzu Hacıyeva onları qəhrəman hesab edir və  hər bir jurnalist bu qəhrəmanlarda özünün bir parçasını görür. Film pessimist, eyni zamanda nikbin əhval-ruhiyyəlidir. Çünki film müasir yerli mətbuatın faciəvi məqamlarından bəhs edir, eyni zamanda azad Azərbaycan jurnalistikasının mübarizəsini əks etdirir. Filmin müəllifi qeyd edib ki, yerli demokratik jurnalistikanın qismətinə təkcə oxucuların maraqlarını təmin etmək deyil, həm də azad və ədalətli cəmiyyət uğrunda mübarizə aparmaq düşüb.
Film Marşal Fondunun dəstəyi və Fransa səfirliyinin yardımı sayəsində işıq üzü görüb. Sərhədsiz Reportyorların binasında müvəqqəti sığınan gənc azərbaycanlı jurnalist öz azadlıq, qardaşlıq və bərabərlik ideyalarını gerçəkləşdirmək üçün vətənə qayıtmaq  arzusu ilə yaşayır(Turan).