…İttihamlar dolu cavab aldı
“525-ci qəzet”in dünənki sayında Azərbaycan Yazıçılar Birliyinin sədri Anar “Xalq şairi Fikrət Qocaya açıq məktub” başlıqlı yazısında ad çəkməsə də, dəst-xətdən görünür ki, Əkrəm Əylisli və Şamo Arifə cavab verib. Anarın fikrincə, Fikrət Qocanın arqumentlərinə mətbuatda yalnız söyüş, təhqir və böhtanlarla cavab verilib. O, Fikrət Qocaya xitabən deyir: “Sənə etiraz edənlər, doğrudan da orijinal metod tapıblar. Sən bir şey deyirsən, onlar sözü başqa yerə çəkirlər. Sənin, eləcə də hörmətli Hüseynbala Mirələmovun (ona, eləcə də adaşım Anar Mahmudoğluna da səmimi minnətdarlığımı bildirirəm) gətirdikləri faktların bircəciyini də təkzib edə bilmirlər, dəlillərinizin birini də inkar edə bilmirlər, fikirlərinizə məntiqli cavab tapmırlar, əvəzində yalnız söyüşü, təhqiri üstün tuturlar. Bu münaqişə bir də onu təsdiq etdi ki, belələrinin həqiqətə qarşı yeganə silahları söyüş, təhqir və böhtandır.
Əlbəttə, belə polemika üsulunun heç bir mənası yoxdur. Sən həqiqəti, faktı ortaya qoyacaqsan, opponentlərin bunun heç üstünü vurmadan qulaqlarını tıxayıb, gözlərini qapadıb, kor tutduğunu buraxmadığı kimi nimdaş yalanlarını dönə-dönə təkrar edəcəklər. Şərin tərəfində durmaq məhz budur – həqiqətə göz yumub yalana, böhtana, iftiraya züy tutmaq.
Bu Yazıçılar Birliyinin rəhbərliyi nə matax vəzifə imiş ki, bunun üçün böyük bir təşkilata, onun keçmişinə və bu gününə, qocasına-cavanına bu qədər kin və nifrət bəsləyəsən. Yazıçılar Birliyini KQB tör-töküntüsü elan edənlər sovet vaxtında niyə bunu demirdilər, əksinə, bu təşkilata həvəslə daxil olur, onun tərkibində məsul vəzifələr tutur, rəhbər heyətlərinə məmnuniyyətlə üzv seçirdilər.
Yazıçılar Birliyinə belə çirkin hücumlar Cəfər Cabbarlıdan üzü bəri bütün rəhmətə getmiş üzvlərinin ruhunu incitmək, indi də bu təşkilatın üzvlük biletini fəxrlə daşıyan yüzlərlə yazıçını təhqir etməkdir. Ən ağır günlərdə bu təşkilatdan üz döndərməyən, ən çətin zamanlarda dilimizin, mənəviyyatımızın, milli şüurumuzun etibarlı qoruyucuları olan yüzlərlə yazıçını KQB tör-töküntüsü adlandıranlar o dövrdə KQB-yə güldən ağır söz deməyə cəsarət edərdilərmi?
Düz deyirlər ki, “icazəli cəsarət” zəmanəsi yalançı qəhrəmanları ortaya çıxardı.
Əzizim Fikrət, nə etməli, belə insanlarla bir dövrdə yaşamaq bizim taleyimizdir. Hələ Allaha şükr etməliyik ki, indi 37-ci il deyil. Yoxsa donoslarla, böhtanlarla neçəmizin evini yıxardılar.
Sənin müdrik və ağrılı “Babalarım” şeirində verdiyin suala mən də cavab tapa bilmirəm.
Birliyimiz yazıçıları iqtidara, müxalifətə ayırmadan hamıya – cavanına da, qocasına da onların yaradıcılığı baxımından qiymət verir, yazıçıların yubileylərini, kitablarının təqdimatını keçirəndə baxmır ki, bu müəllif iqtidardandır, ya müxalifətdən. Bu cəhətdən Yazıçılar Birliyi Azərbaycanda tolerantlığın, dözümlülüyün bariz örnəyidir. Bizi yamanlayanlar isə bunun tam əksini nümayiş etdirirlər. Əlvan dünyanın, ictimai həyatın bütün rənglərini, çalarlarını qavramadan, daltoniklər kimi hər şeyi yalnız qara rəngdə görürlər, bütün hadisələri yalnız və yalnız dar siyasət baxışıyla dəyərləndirirlər, bəyənmədikləri Sovet quruluşunun təməl prinsiplərini əsas götürürlər: “Bizdən deyilsənsə – düşmənimizsən”.
Yazıçılar Birliyində cavanlara münasibəti gənclər-qocalar ziddiyyəti kimi qələmə vermək dəfələrlə təkrar olunan və dəfələrlə ifşa edilən yalandır. Istedadlı cavanlar həmişə Birliyin rəhbərliyi tərəfindən, onun mətbu orqanları tərəfindən hər cür qayğı görüblər və görəcəklər. Istedadsızlar ən çox istedada qısqınırlar – istər qoca olsun, istər cavan”.
“Anarın gördüyü iş KQB-nin ruhuna yaxın və doğmadır”

Anarın ittihamlarına Əkrəm Əylislinin də cavabını öyrəndik:
– Mən dediyim hər sözün arxasında dururam, o sözlərin hər birinin altından qol çəkməyə hazıram. Çünki həqiqətləri demişəm. Bundan sonra bu səviyyəli yazılara cavab verməyi mənasız və faydasız hesab edirəm. Hər fürsət düşəndə biri-birinə yarınıb, biri-birinə arxa duranların arxasının boş olduğunu mən Əylisdən də açıq-aşkar görürəm. Bu boşluqda bu adamların nə ilə nəfəs aldığına həmişə böyük heyrətlə yanaşmışam. Mənim bu heyrətim ömrümün axırına qədər davam edəcək. Ona görə ki, boşluqda nəfəs almağa adət eləyənlərin nə istədiyini və nəyə nail olmaq arzusunda olduğunu dərk eləmək, görünür, ömrümün axırına qədər mənə nəsib olmayacaq. Mənim dediklərimdə nəyin həqiqət, nəyin səhv olmadığını “Azadlıq” qəzetini oxuyanların yəqin ki, 90 faizi gözəl bilir. Azərbaycan Yazıçılar Birliyinə rəhbərlik edənlərin görünür, özlərinə məxsus həqiqət meyarları və əxlaq normaları peyda olub.
Dediklərimə yalnız bunu əlavə edə bilərəm ki, bu meydan Ədəbiyyat meydanı deyil, burada özünə isti yer tapan bir-iki yazıçı qismində dövlət məmurunun meydanıdır. Nə vaxtacan ki, bu adamlar o meydana sahib olacaq, Azərbaycan ədəbiyyatında nə yeni bir real dirçəliş, nə də yeni bir ədəbi hadisə baş verəcək.
Əgər Anar məni sovet ədəbiyyatına xidmət edənlərdən biri kimi görmək və bu mənada ictimai şüuru çaşdırmaq niyyətindədirsə, bu yerdə mən Anara öz sözlərimlə yox, mərhum prezidentimiz Heydər Əliyevin sözlərilə cavab vermək istərdim. Çıxışlarının birində Heydər Əliyev qeyd etmişdi ki, “Moskva və sovet hökuməti Əkrəm Əylislini həbs etmək istəyirdi. Ancaq mən, öz səylərimlə Moskvanın bu niyyətlərinin qarşısını ala bildim”.
Indi belə çıxır ki, Anar hərdənbir qüdrətlənib mərhum prezidentimizin fikirlərinə qarşı çıxacaq qədər özündə cəsarət tapa bilib. Yazıçılar Birliyinin son 20 illik fəaliyyətində cəsarət, şücaət, əxlaq və mənəviyyat naminə mən heç vaxt heç bir hərəkət görməmişəm. Mən dönə-dönə öz çıxışlarımda qeyd etmişəm ki, Anar Yazıçılar Birliyinin əxlaqını son həddinəcən axtaladı. Və bu fikirdən heç zaman dönmək niyyətində deyiləm. Mənim KQB ilə haçansa hər hansı bir əlaqədə olduğumu heç bir sağlam şüurla ağla sığışdırmaq mümkün deyil. Mən əsla bu fikirdə deyiləm ki, bu gün Anar bilavasitə təhlükəsizlik orqanlarına xidmət etməkdədir. Amma onun Yazıçılar Birliyində gördüyü iş keçmiş KQB-nin ruhuna tamamilə yaxın və doğmadır. Buna görə də mən istərdim ki, Anar və Fikrət səviyyəsində adamlar onlardan 20 il bundan əvvəl birdəfəlik ayrılıb, uzaqlaşmış Əkrəm Əylislinin barəsində elə KQB əxlaqına və ruhuna uyğun ittihamlarla hücuma keçəydilər. Mən bu hücumları ömrüm boyu dəf etməklə məşğul olmuşam və indi də buna qarşı öz dəyişməz mövqeyimi bütün kəskinliyi ilə mətbuatda bildirməyə ruhan və cismən hazıram. Mənim Fikrət Qocanın sayıqlamalarına qarşı dediyim sözlərin hər biri məncə, hələ mənəviyyatı çürüməmiş hər bir azərbaycanlıya gün kimi aydındır. Mən istərdim ki, həyatımızda yeni aydınlıq məqamları daim böyüməkdə, genişlənməkdə olaydı. Şüurları aydınlaşdırmaq əvəzinə qaranlıqlaşdırmaq niyyətində bulunan Yazıçılar Birliyindən mən 20 il bundan qabaq imtina etmişəm və buna görə zərrə qədər də peşman deyiləm.
“Fikrət Qoca qaçıb gizləndi…”

Anarın yazısında ittiham obyekti olan yazıçı Şamo Arif də ünvanına səslənənlərə münasibətini bildirdi:
– Çox təəssüfləndim ki, Anar hələ də başa düşmür ki, özü hansı hərəkətlərə yol verib, amma başqalarına ağıl qoyur. Birincisi, həmin ağlı dostu Fikrət Qocanın başına qoymalıydı. Ikincisi, bu ağlı öz başına qoymalıydı. Guya Şamo Arif nə Hüseynbala Mirələmovun, nə də Fikrət Qocanın gətirdiyi faktı, yazını təkzib edə bilməyib. Birincisi, mən cavab vermişəm və onun bir hissəsi çap olunub.
Anar mərdanə oğul və yazıçı idisə, “20 Yanvar” günlərində Yazıçılar Birliyinin qapısını bərk-bərk bağlayıb, özünü akademiyanın iclas zalına salmazdı. O iclasda mən də iştirak edirdim. Iclasda çıxış edib dedim ki, bu gün elə hərəkət edin ki, yəni partiyadan vaxtında çıxın ki, sabah xalq qarşısında xəcalət çəkməyəsiniz. Anarın cəsarəti çatsaydı, bu yığıncağı Yazıçılar Birliyində təşkil edərdi. Ondan soruşmaq lazımdır nəyə görə oranı bağlayıb, akademiyaya gəldi?
Mən Anar kimi gizlənsəydim, elə gizlənərdim. Mən gizlənsəydim, Fikrət Qoca kimi başımı soxardım və səsimi çıxarmazdım. Və ya tankın qabağına gedənlərə gülməzdim. O, mənə qarşı ünvanladığı məktubda yazıb ki, qızlarımın əlindən tutub, gəzintiyə çıxmışam. Ayıb olsun ona. Ona görə ayıb olsun ki, 88-ci ildə fövqəladə vəziyyət yarananda Prezident Aparatının qarşısında 132 saylı məktəbin müəllim, şagirdləri, iki qızım və həyat yoldaşımla əl-ələ verib hərəkət edən tankın qarşısına çıxmışdım. Amma Fikrət Qoca gülə-gülə isteza ilə mənim qızlarımın əlindən tutub, gəzintiyə çıxdığımı yazır.
Qeyrətli oğul, insan onun xalq şairi, xalq deputatı olmağından asılı olmayaraq, millətinin yolunda hər şeyə hazırdır. Mən yenə deyirəm, 24 yaşından həmişə KQB-nin “qara siyahısında” olan kişi, millətçi Süleyman Rəhimovun millətçi oğlu Şamo Arifəm. Bu adla fəxr edirəm.
Gətirsinlər o cümlələri ki, mən kiminsə barəsində təhqirli sözlər işlətmişəm. Küçə söyüşünü həmin o Hüseynbala Mirələmov yazır. Mirələmov deyir ki, Nigar Rəfibəyliyə söz deyən şərəfsizdir. Mən deyirəm ki, bu sözü Anara aid edin. O gətirib bu sözü ora. Bütün bunlar təkzib deyilmi?
Indi mən böyük hörmət bəslədiyim Nizami Cəfərovun, çox gözəl insan olan Rüstəm Behrudinin yazılarını oxudum. Amma nala-mıxa vurmasınlar. Anar kimdir ki, ondan qorxurlar? Anar təhlükəli adamdır. Nə qədər təhlükəli adam olsa da, hər kişinin öz mənliyi var. Desinlər ki, məni nəyə görə söyürlər? Mənim əleyhimə heç bir yazı gətirmədən, ağızlarına gələni deyir, şərəfsizliyə yol verirlər.
Indi Nizami Cəfərov yazıb ki, onlar barışığa gəlməlidir. Kim başlayıb birinci? Nizami Cəfərova müraciət edirəm: Ay mənim hörmət bəslədiyim deputat, vicdanını qarşına qoy, kim birinci başlayıb, bütün bunlara? Birinci başlayan Anar olub.
Bu yaxınlarda saytlarda oxudum ki, Anar guya Ənvər Məmmədxanlının adından yazıb. Mən faktlarla danışıram. 39-cu ildə Fərrux Abdulla Mircəfər Bağırovun yanına girəndə guya Süleyman Rəhimov deyib ki, “o təxribatçıdır”. Bu sözdən sonra Rəsul Rzanı çıxarıb Süleyman Rəhimovu ora sədr qoyublar. Mircəfər Bağırov repressiya illərində Fərrux Abdullanı tutdura bilməsə də, müharibə illərində onu cəbhəyə göndərib ki, orada güllələnsin. Ayıb olsun. Necə olur ki, Mircəfər Bağırov öz doğma oğlunu da müharibəyə göndərir. Onu da Süleyman Rəhimov göndərib?! Bağırov yüz minlərlə Azərbaycanın oğul və qızlarını mübaribəyə göndərib. Fərrux kim idi ki, onu göndərməsin? Guya məqalədə ad çəkilmir. Amma barmaqla göstərilir ki, filankəs gəldi, filankəs getdi. Əslində ad çəkməmək tülkülüyün, yaramazlığın göstəricisidir. Ad çəkmirsənsə, 20 mart tarixli, Mehdi Hüseyn haqqındakı məqaləni oxu. Özü-özünü ifşa edib.
REDAKSIYADAN:
“Azadlıq” qəzeti bu qarşıdurmanın başlanğıcından bəri sübut edib ki, heç bir tərəfə xüsusi münasibət bəsləmir. Amma yazıçı Anar öz yazısını başqa media orqanına göndərməklə bir daha qəzetimizə qarşı qərəzini nümayiş etdirdi. Biz yenə də öz prinsiplərimizə sadiq qalırıq. Nəticəni isə təbii ki, hakim mövqeyində olan oxucumuz çıxarır.



