Şahin Həsənliyə 2 il həbs cəzası verildi

“Bu hökmlə qulluq etdiyiniz çirkin rejimin mahiyyəti bir daha ifşa olundu”

İyulun 21-də Şəmkir Rayon Məhkəməsində AXCP Rəyasət Heyətinin üzvü Şahin Həsənlinin işi üzrə yekun proses keçirilib. Hakim Qalib Paşayevin sədrlik etdiyi prosesdə Ş.Həsənlinin hüquqlarını vəkil Mənsum Bayramov müdafiə edib. Prosesdə AXCP sədrinin müavinləri Gözəl Bayramlı, Asəf Quliyev, AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseynli, partiyanın rayon təşkilatlarının sədrləri, Ş.Həsənlinin ailə üzvləri və yaxınları, həmçinin yerli ictimaiyyət nümayəndələri iştirak edib.
Qeyd edək ki, ötən iclasda dövlət ittihamçısı Ş.Həsənliyə 2 il yarım iş istəmiş, hakim də çıxışlara hazırlaşmaq üçün müdafiəçilərə vaxt vermişdi.

“Budur sizin ulu öndərə hörmətiniz?”

Vəkil Mənsum Bayramov müdafiə çıxışında ölkədə diktatura rejiminin hökm sürdüyünü, insanların Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlarının kobud şəkildə pozulduğunu və siyasi əqidələrinə görə təqib olunduğunu bildirib: “Heydər Əliyev vaxtilə belə bir ifadə işlətmişdi ki, cəmiyyət iki halda sarsıla bilər – biri günahsız cəzalandırılanda, biri də cinayətkar cəzasız qalanda. Budurmu hüquq-mühafizə orqanlarının öz ulu öndərlərinə hörməti?”.
M.Bayramov istintaqın obyektiv aparılmadığını, Ş.Həsənliyə qarşı saxta, qurama sübutlar toplandığını deyib: “Guya Şahin Həsənlinin üzərindən 5 ədəd 9 mm-lik döyüş sursatı tapılıb. Araşdırmamız zamanı bəlli oldu ki, belə bir patron nə Daxili İşlər Nazirliyində, nə də digər qurumlarda itib”.
M.Bayramov müdafiə etdiyi şəxsin əvvəllər məhkum olunmadığını, aktiv fəaliyyətlə məşğul olduğunu, himayəsində 3 azyaşlı uşaq olduğunu, həmçinin xəstə qardaşının ailəsinə də onun baxdığını əsas gətirərək hakimdən hökm çıxararkən bunları nəzərə almağı, eləcə də Ş.Həsənli barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi.
Şahin Həsənli isə son sözündə bildirdi ki, AXCP fəalı, eləcə də İctimai Palatanın üzvü olduğu üçün ona qarşı bu cür planlı və çirkin əməliyyat keçirilib. O, irəli sürülən ittihamlar üzrə özünü günahkar saymadığını hakimin diqqətinə bir daha çatdırdı: “Mənə görə Şəmkir rayonunda yaşayan qohum-əqrabamı işlədikləri təşkilatlardan qovaraq cəmiyyətdən tam təcrid ediblər. Mənim istəyim Azərbaycanda  demokratik cəmiyyətin qurulmasıdır. Hüquq və azdlıqlarımızı qoruyan normal bir cəmiyyət istəyirik. Bax, budur mənim və mənsub olduğum siyasi partiyanın amalı. Bircə şeyi başa düşə bilmirəm. Övladları hüquq-mühavizə orqanlarında işləyən
valideynlər görəsən onları belə tərbiyə ediblər ki, asayişini qorumalı olduğun vətəndaşın cibinə narkotik, yaxud silah-sursat qoy?!”.

“Tapançaya görə 1 il şərti cəza, patrona görə 2 il 6 ay?”

Daha sonra Ş.Həsənli üzünü dövlət ittihamçısına tutaraq irad bildirdi: “Ötən prosesdə bir nəfərin üzərindən tapılan “makarov” tipli tapançaya görə bir il şərti cəza istəmisiniz. İndi necə olur ki, 5 ədəd patrona görə mənə 2 il 6 ay cəza istədiniz? Bununla qulluq etdiyiniz bu çirkin rejimin mahiyyətinin nədən ibarət olduğu bir daha ifşa olmurmu?”.
Ş.Həsənli himayəsində azyaşlı uşaqların olmasını, xəstə  qardaşının ailəsinə də baxdığını diqqətə çatdıraraq hakimdən ona bəraət hökmü çıxarılmasını xahiş etdi.
Ş.Həsənlinin həyat yoldaşı da söz alaraq hakimdən cəza təyin edərkən onların ailə vəziyyətini nəzərə almağı xahiş etdi.
Hakim Q.Paşayev müşavirə otağından qayıdandan sonra Ş.Həsənlinin 2 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxardı.
2 saylı Gəncə istintaq təcridxanasında saxlanılan Ş.Həsənli barəsində Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə cinayət işi başlanmışdı. Ş.Həsənli martın 31-də Şəmkirdə dostunun evində olarkən saxlanılıb. Polis bölməsində onun gödəkçəsinin cibindən kağıza bükülmüş beş ədəd doqquz kalibrli güllə tapılıb.
Qeyd edək ki, AXCP sədrinin müavinləri Hurəddin Məmmədli, Gözəl Bayramlı, partiyanın Rəyasət Heyətinin üzvü Hemət Əliyev, Rövşən Quliyev, təşkilat şöbəsinin müdir əvəzi Rafiq Daşdəmirov da daxil olmaqla AXCP rəhbərliyi Ş.Həsənlinin işini daim diqqətdə saxlayıb və bütün proseslərdə iştirak edib.