“2 aprel məhbusları” məhkəmədə meydan oxudu

Məhbuslar ittihamları rədd etdilər, onlar təqsirsiz olduqlarını bəyan edirlər

«Gözdən əliləm və cəmi 35 manat təqaüd alıram, buna etiraz etməyim?»

Ictimai Palatanın 2 aprel mitinqinə görə həbs olunanlardan 6 nəfərin – Sahib Kərimov, Babək Həsənov, Arif Alışlı, Zülfüqar Eyvazov, Elşən Həsənov və Elnur Israfilovun işi üzrə dünən Səbail rayon məhkəməsində proses davam etdirildi. Hakim Elnur Həsənovun sədrliyilə keçirilən məhkəmə prosesində dövlət ittihamını Vüqar Hacıyev müdafiə edirdi.

Qandal və dəmir qəfəs

Məhkəmə zalına təqsirləndirilən şəxslər qandallı gətirildilər. Onları yenə də dəmir barmaqlıqlar arxasında əyləşdirdilər. Lakin məhkəmə iclasının gedişində vəkillərin vəsatəti əsasında hakim onların dəmir barmaqlıqlar arxasından çıxıb kənarda əyləşməsinə imkan yaratdı.

Qəzet qorxusu

Məhkəmədə təqsirləndirilən şəxslərdən Babək Həsənov, Zülfüqar Eyvazov istintaq təcridxanasında onlara qəzet oxumağa imkan verilməməsindən şikayətləndilər. Onlar bildirdilər ki, qəzet tələb etsələr də, bu şərait onlara yaradılmayıb.
Hakim Elnur Həsənov vəkillərin vəsatətinə və jurnalistlərin müraciətinə baxmayaraq, məhkəmə iclasında 5 dəqiqəlik də olsa, video-foto çəkiliş aparmağa imkan vermədi.

Zərərçəkmişlər utanır

Məhkəmə iclas katibinin məlumatından belə aydın oldu ki, şahid və zərərçəkmiş qismində tanınan şəxslər məhkəməyə dəvət olunsa da, naməlum səbəblərdən onların hamısı iclasa gəlməyib. Hakim zərərçəkmişlərin iştirakı olmadan məhkəmə iclasının başlanmasıyla bağlı tərəflərin fikrini öyrəndi. Tərəflər zərərçəkmiş sayılan şəxslərin iştirakı olmadan məhkəmənin davam etdirilməsinə etiraz etmədilər. Lakin vəkillər qeyd etdilər ki, mütləq onlar növbəti məhkəmə iclaslarında dindirilmələri üçün gəlməlidir.
Hakim onların hamısının məhkəmədə dindiriləcəyini bildirdi.
Məhkəməyə zərərçəkmiş kimi gələn 4 nəfər proses boyunca zaldakıların qınağı ilə üzləşdilər. Zaldakılar onları şərə dayaq durmağa, yalan danışmağa görə ittiham edəndə onlardan birinin cavabı belə oldu: “Biz gəlməsəydik də kimsə gələcəkdi, bizim nə günahımız var?”
Zaldan qarşılıq gəldi: “Onda sən özünə sual ver: nəyə görə o cür böyük kollektivdə ancaq sizin üstünüzdə dayanıblar?”
Zərərçəkənlər pərt halda başlarını aşağı saldılar. Ancaq onlardan biri dedi ki, “biz heç kimin şüşə qırdığına şahidlik etmirik”.

“Əlavə şahidlər dindirilsin”

Arif Alışlının vəkili Mənsum Bayramov prosesə əlavə şahidlərin çağırılması barədə vəsatət qaldırdı. Vəkil bildirdi ki, ittiham tərəfinin məhkəməyə təqdim etdiyi şahidlərin siyahısı qərəzlidir. Həmin şahidlərin dindirilməsi ilə həqiqətin ortaya çıxarılması mümkün deyil: “Həmin şahidlərdən 17-si polis işçisidir, digərləri isə polislərin ifadəsini davam etdirənlərdir. Yəni, hər iki halda şahidlər istintaq orqanının marağına xidmət edənlərdir”.
Mənsum Bayramov daha sonra bildirdi ki, AXCP sədrinin müavini Gözəl Bayramlı avtobusda olarkən Arif Alışlı ona yaxınlaşıb: “Arif Alışlı Gözəl Bayramlını avtobusdan çıxarılmasına köməklik etmək istəyib. Lakin istintaq Gözəl Bayramlını dindirməkdə maraqlı olmayıb. Onun məhkəmədə əlavə şahid qismində dindirilməsi vacibdir”.

“Bakı şəhər Icra Hakimiyyətinin nümayəndəsi məhkəməyə çağırılsın”

Mənsum Bayramov, həmçinin Bakı şəhər Icra Hakimiyyətinin nümayəndəsinin də məhkəməyə çağırılması barədə vəsatət verdi. O bildirdi ki, aksiyanın keçirilməsilə bağlı müvafiq quruma müraciət edilsə də, onların müraciətlərinə müsbət cavab verilməyib. Vəkil Bakı meriyasının nümayəndəsinin məhkəməyə çağırılması və ona məhkəmədə aksiyanın keçirilməsinə icazənin verilməməsilə bağlı sualların verilməsinin vacib olduğunu vurğuladı.

Istintaqın qərəzi

Sahib Kərimovun vəkili Yavər Hüseyn bildirdi ki, müdafiə etdiyi şəxsə qarşı ittihamlarda sübut yoxdur. Onun sözlərinə görə, Sahib Kərimova qarşı yeganə şahid Sərvər Məhərrəmov ifadə verib: “Istintaqda həmin şəxsin ifadəsi əsasında Sahib Kərimova qarşı ittiham verilib. Onun ifadəsi əsasında ittihamın təsdiq edilməsi qərəzlidir. Həmin ifadənin sübutlar siyahısından çıxarılmasını istəyirəm”.
Prokuror vəsatətlərə münasibət bildirərək əlavə şahidlərin çağırılması məsələsinin məhkəmə istintaqı zamanı müəyyən ediləcəyini dedi və bu barədə vəsatətləri baxılmamış saxladı.

“Yalandır, iftiradır, nağıldır…”

Məhkəmə istintaqı prokurorun ittiham aktını elan etməsilə davam etdi. Ittiham aktında göstərilirdi ki, təqsiriləndirilən şəxslər mitinq keçirmək adı altında cinayətkar niyyətlərini reallaşdırmağa cəhdlər ediblər. Onlar ictimai qaydaları kobud şəkildə pozublar, əvvəlcədən xəbərdarlıq edilməsinə baxmayaraq, razılaşdırılmamış aksiyada iştirak ediblər. Bu zaman dövlət və şəxsi mülkiyyətə xeyli miqdarda ziyan vurublar. Prokuror çıxışını bitirəndə zaldan “yalandır, iftiradır, nağıldır” kimi replikalar gəldi.

“Təqsirsizik!”

Elan olunan ittihamla bağlı hakim dustaqların fikrini öyrəndi. Onların hər biri ittihamı rədd edərək, özlərinin təqsirsiz olduqlarını dedilər.

35 manat təqaüd alan Elnur

Təqsirləndirilən şəxslərdən ilk ifadəni Elnur Israfilov verdi. O, ittihamın əsassız olduğunu bildirdi. Uşaq yaşlarından gözdən əlil olduğunu deyən Elnur Israfilov bildirdi ki, 2 aprel ərəfəsində Bakıya Yəhudi Xeyriyyə Cəmiyyətindən yardım almağa gəlibmiş. O, aprelin 2-də Bakının mərkəzində icazəsiz aksiyanın keçirilməsindən xəbərsiz olduğunu bildirdi: “Mən təsadüfən şəhərə gəzməyə çıxmışdım. Bu zaman şəhərin mərkəzində aksiyanın keçirildiyini gördüm, onlara qoşuldum. Aksiyaya qoşulmağımın səbəbi işsizliyə etirazla bağlıdır. 1 il 3 aydır ki, işsizəm. Gözdən əlil xəstəyəm, buna görə də 35 manat təqaüd alıram. Mən buna etiraz etməyim?”

“Nə Arif Hacılını tanıyıram, nə də başqalarını…”

Istintaqdakı ifadələrini təsdiqləməyən Elnur Israfilov onları “müstəntiqin uydurması” adlandırdı. Prokurorun suallarını cavablandıran Elnur Israfilov onunla birlikdə mühakimə olunanları əvvəllər tanımadığını, onları məhkəmədə tanıdığını bildirdi. Mitinqin təşkilatçısı kimi göstərilən  Arif Hacılı, Fuad Qəhrəmanlı, Tural Abbaslı və başqalarını da tanımadığını deyən Elnur onlarla birlikdə Bakının mərkəzində ixtişaşlar yaratmaq barədə planın olmadığını bildirdi.

“Mən şüurlu şəkildə aksiyaya çıxmışam”

AXCP fəalı Arif Alışlı da ona qarşı sürülən ittihamların cəfəngiyat olduğunu dedi: “Mən şüurlu şəkildə aksiyaya çıxmışam. Işsizliyə, rüşvətə, monopoliyaya etiraz etmişəm. Mənim burda başqa məqsədim olmayıb. Bu gün qondarma ittiham qurulub, 120 vərəq yazıblar. Həmin vərəqdə olanların hamısı eynidir. 120 vərəqdə yazılanları 1 vərəqdə yerləşdirmək olar, amma təkrar yaza-yaza bunu 120 vərəq ediblər. Elə bundan da görünür ki, bizə qarşı sürülən ittihamlar cəfəngiyatdır”.
Arif Alışlı avtobusun şüşəsinin əvvəlcədən sındırıldığını da bildirdi. Bu ittihamın da əsassız olduğunu deyən Arif Alışlı qeyd etdi ki, avtobusun da, obyektlərin də şüşələrini təxribatçılar sındırıb.
Məhkəmə iyulun 22-də saat 10.30-da davam etdiriləcək.

Natiq