Yaxud Müdafiə Nazirliyi əsgərlərimizin döyüldüyünü etiraf edir…
Üç zabitin əhvalatını bilirsiniz. Onlar hərbi hissədə üzləşdikləri problemləri, korrupsiya hallarını ali baş komandana çatdırmaq üçün videomüraciət hazırlayıb internetdə yaydılar. Müraciətin böyük ajoitaj yaratdığını deyə bilmərik, amma ciddi ictimai diqqətə səbəb oldu. Hətta bu zabitlərə qarşı təzyiqlərin olması da o müraciətin ictimai əhəmiyyətini azalda bilməz. Ali baş komandanın siyasəti bizə onsuz da bəllidir. Amma belə müraciətlər çoxalarsa, onların faydası böyük və əvəzsiz olar. Hakimiyyətin reaksiyasından asılı olmayaraq, bu videolar bütün cəmiyyəti danışmağa sövq edəcək. Insan dərdini harasa deməlidir. Və yaxşı nümunələr gördükcə, deyəcək, danışacaq. Bu halda cəmiyyətdə dərdləşmə, dərdləri bölüşmə başlayacaq. Bilirsiniz bu nə qədər əhəmiyyətli prosesdir?!
Yeni media dövrü elə budur. Internet dövrü ifadə azadlığına bu cür kömək edir, yeni imkanlar yaradır. Danışmaq çətindir, sözünü harasa çatdırmağa imkan vermirlər, amma fürsət tapıb bunu internetdə yayırsansa, onun qarşısını almaq çətin olacaq. Təbii ki, biz videomüraciətə görə zabitlərin üzləşdikləri təhlükəni unutmuruq. Amma biz onları müdafiə edə bilərik. Vətəndaş cəmiyyəti, mətbuat bu adamları müdafiə edəcək, onların taleyini nəzarətə götürəcək. Bizim vəzifələrdən biri elə budur. Sözünü deyən, tələb edən, şikayət edən vətəndaşı müdafiə etmək. Onların taleyinə ictimai diqqəti artırmaq. Bu, həm şikayət edənləri dirənişli edəcək, həm də onlara qarşı plan quranları çəkindirəcək.
QHT-lər qapalı otağa 10 nəfər yığıb seminar keçənə kimi, 10 vətəndaşa effektli şikayət etmək bacarığı və cəsarəti aşılamalıdır. Dərviş kimi ölkəni dolaşıb problemli insanlara öz problemlərini həll etməyin yolunu öyrətməliyik. Eyni vəzifə mətbuatın, müxalifətin, gənclər təşkilatlarının da üzərinə düşür. Təsəvvür edin ki, vətəndaş üzləşdiyi problemi vodeomüraciətə çevirərsə, ondan hər cür əzmi gözləmək olar.
Çox təəssüf ki, hazırda sosial şəbəkələrdə və bloqlarda müdrik qeydlər yazmaq, “buddaçılıq”“ sosial mahiyyətli paylaşmanı üstələyir. Hələ vətəndaş xəbərləşməsi zəifdir. Amma yaxşı nümunələr var və onları artırmaq olar. Vətəndaş jurnalistikasının gücünü isə artıq görmüşük. AzadlıqRadiosuna dinləyicilərin təqdim etdiyi sonuncu video – yol polisinin rüşvət almasını əks etdirən görüntü rəsmi qurumları fakt qarşısında qoydu. Onlar ölçü götürəcəklərini vəd etdi. Bu hallar vətəndaşı cəsarətli edən effektli nümunələrdir. Qanunsuz halları, problemləri, gizlinləri videoya, fotoya və səs yazısına alan vətəndaşlar bütün toplumun fəallığını artıra bilər. Amma nədənsə bu işlərə dəstək verməyi heç kim sistemli şəkildə görmək istəmir. Ordumuzda söhbətin nədən getdiyini anlamayan zabitlər var?
Ilham Əliyevə müraciət edən zabitlərə Müdafiə Nazirliyinin cavabı hamımızı güldürdü. Onlar dərhal kapitan Ramin Qasımovu cinayətkar elan etdilər. Guya Ramin Qasımov əsgərləri döyürmüş. Və onun əşyalarının arasından araq və sulu qəlyan çıxıb. Böhtan olduğu aydındır. Ən azı kapitan bu müraciətdən sonra xidmət yerində araq, sulu qəlyan saxlamazdı.
Daha maraqlısı odur ki, ordumuzda zabitlərin əsgəri döyməsi faktlarını biz yazdıqda, həmin nazirlik bizi böhtanda, ordunu gözdən salmaqda, erməni dəyirmanına su tökməkdə ittiham edir. Amma işləri çətinə düşən kimi, özləri belə faktlar söylədilər.
Hətta görün Ramin Qasımovla birlikdə videoda danışan digər 2 zabit haqda Müdafiə Nazirliyində tərbiyə işləri üzrə idarənin rəhbəri Vaqif Məmmədov nə deyir: “Onlar öz izahatlarında söhbətin nədən getdiyini anlamadıqlarını deyiblər”“.”
Yəni, bizim orduda söhbətin nədən getdiyini anlamayan zabitlər xidmət edir? Bu da Müdafiə Nazirliyimiz!