Bunu məhkəmə prosesində Cabbar Savalanlı dedi
«Ştatnı» hal şahidləri məhkəmədə ifadə verəcək
Sumqayıt Apelyasiya Məhkəməsində AXCP Gənclər Təşkilatının üzvü, həbsdə olan Cabbar Savalanlının şikayəti üzrə məhkəmə iclası keçirilib. Saat 15:30-a təyin olunan prosesə hakim Lətifə Məmmədova sədrlik edirdi.
“Hal şahidi bir gündə bir neçə ”proses”də olur”
Məhkəmə şahidlərin dindirilməsi ilə başladı. Sumqayıt polis idarəsinin cinayət axtarış şöbəsinin əməkdaşı Faiq Mirzəyev şahid qisimində ifadə verdi. O bildirdi ki, onlara daxil olan məlumat əsasında əməliyyat tədbiri keçiriblər: “Cabbar Savalanlı tərəfimizdən saxlanılmışdır. Polis idarəsində üstü yoxlanılıb, narkotik maddə aşkar edilib”.
F.Mirzəyev ifadəsini yekunlaşdırandan sonra C.Savalanlının vəkili Əsabəli Mustafayev ona suallar ünvanladı.
Əsabəli Mustafayev (Ə.M): – Məlumat sizə nə vaxt daxil olub?
Faiq Mirzəyev (F.M): – 20:30 radələrində…
Ə.M: – Əməliyyat tədbiri istintaq hərəkəti idi, yoxsa?
F.M: – Istintaq hərəkəti deyildi.
Ə.M: – Bəs nə idi?
Vəkilin sonuncu sualı cavabsız qalır. Ə.Mustafayev növbəti sualı ünvanlayır.
– Tutulan şəxsin vəkillə təmin olunmaq hüququ var. Tutulan andan vəkil verilməli idi. Niyə vəkillə təmin etməmisiniz?
F.M: – Istəmədi.
Ə.M: – Yazılı şəkildə izahat aldınızmı?
F.M: – Yox.
Cabbar Savalanlının başqa bir vəkili Anar Qasımov da Faiq Mirzəyevə suallar verdi.
Anar Qasımov məhkəmənin diqqətinə çatdırdı ki, Cabbarın tutulmasına əməliyyatçı kimi rəhbərlik edən Faiq Mirzəyev həmin gün 3 əməliyyatda iştirak edib: “Cabbar tutularkən hal şahidliyi etmiş Rahim Şıxaliyev həmin gün başqa bir əməliyyatda da hal şahidi olub. Bunu heç cür anlamaq olmur. Vəkillər bir prosesdən çıxıb başqa bir prosesə özünü güclə çatdırdığı kimi hal şahidi də bir gündə neçə ”proses”də olur. Axşam saat 8-də bir yerdə hal şahidi olub. Sonra 9-da Cabbarın işinə hal şahidliyi edib. Axşam 12-də yenidən Cabbarın evinə gedib. Heç cür anlamaq olmur. Bu “ştatnı” işçidir? “Ştatnı”dırsa, bizə sənəd təqdim etsinlər, deyilsə, başqa məsələ”.
“Dedilər ki, sənin qələmin qırılıb…”
Faiq Mirzəyev Rahim Şıxalıyevin onlarla heç bir əlaqəsi olmadığını söylədi. Sadəcə həmin gün ona müraciət etdik ki, bu işdə bizə yardımçı olsun.
Çıxış edən Cabbar Savalanlı dedi ki, onun üstünə baxış keçirilərkən otaqda olan iki hal şahidlərinin ikisi də içkili vəziyyətdə olub: “Mənə dedilər qol çək ki, hal şahidlərinin iştirakı ilə sənin üstünə baxış keçirilib və üstündən bu çıxıb. Qol çəkmədim, başladılar başıma vurmağa, məni stola yıxıb başıma vururdular ki, qol çək, söyürdülər. Mənə dedilər ki, sənin qələmin qırılıb, sənə kömək edə bilməyəcəyik. Yaxşılıqla boynuna al, boynuna almasan, onsuz da qanından narkotika çıxardacaqlar. Məni daha çox Faiq Mirzəyev döyürdü”.
Faiq Mirzəyev isə deyilənlərin yalan olduğunu söylədi. Söylədi ki, Savalanlıya heç bir təzyiq edilməyib.
Faiq Mirzəyev çıxışını bitirəndən sonra vəkillər hal şahidi olan Rahim Şıxalıyevin məhkəmədə ifadə verməsi üçün vəsatət qaldırdılar. Hakim vəsatəti təmin etdi və bildirdi ki, növbəti proses, iyulun 21-də saat 15.00-a qədər təxirə salınır.
Qeyd edək ki, Sumqayıt Dövlət Universitetinin tarix fakültəsinin II kurs tələbəsi olan Cabbar Savalanlını bu il fevralın 5-də Sumqayıt Şəhər Polis Idarəsinin əməkdaşları saxlayıb. Fevralın 7-də onun barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib və 3 saylı Istintaq Təcridxanasına köçürülüb. O, Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Cabbar Savalanlı ittihamları qəbul etməyib və həbsini siyasi fəaliyyəti ilə bağlayıb. Həbsindən öncə Savalanlı müxalifətin toplantılarında fəal iştirak edib və sosial şəbəkələrdə hakimiyyətə dair tənqidi fikirlərini bölüşüb.
Ramin DEKO


