«Belə dövlət qurulmaz ki… elə hey, yağma və zorakılıq»
Cəmil Ünal: «Parlament bir ailənin əlində. Məhkəmələr bir ailənin əlində. Ordu, iqtisadiyyat bir ailənin əlində»
Ankarada əsasını böyük öndər Məhəmməd Əmin Rəsulzadənin qoyduğu Azərbaycan Kültür Dərnəyindəyik: on illər ərzində Azərbaycan davasını təkbaşına aparmış, Azərbaycan həqiqətlərinin dünyaya yayılmasında mühüm rol oynamış müqəddəs bir ocaqda. Dərnəyin başqanı Azərbaycan cəmiyyətinə yaxşı tanış olan Cəmil Ünaldır. O, Rəsulzadə dönəmindən qalan sonuncu kişilərdəndir. “Burada qızıl kimi insanlar vardı, Rəsulzadə ilə çiyin-çiyinə mübarizə aparan, hər biri bir tarix kimi insanlar,.. Allahın rəhmətinə qovuşdular”, deyir.
Cəmil bəylə Azərbaycan haqqında, son zamanlar Türkiyəni başına götürmüş “Azərbaycan lobbiçiliyi” haqqında danışırıq.
“Millət onu idarə edənlərdən qorxmağa məcbur edilirsə, bu, milli hökumət deyil”
“Anlaşılmazlıq budur ki, xalq onu idarə edənlərdən qorxmağa məcbur edilib. Xalq və hökumət arasında bu qədər dəhşətli uçurum olmamalıdır. Özəlliklə də Azərbaycan kimi ciddi problemləri olan, düşmənli bir ölkədə belə bir şey olmamalıdır.
Insanlar ən müxtəlif metodlarla, tədricən qorxudulub, qırılıb, küskün salınıb. Hamı evində oturmağa məcbur edilib, Vətənin problemlərindən uzaqlaşdırılıb. Xalqı içəridə zəlil edib də qıraqda diaspor yaratmağın nə mənası var? Bu işlərin görülməsi üçün milyonlarla para xərcləyirlər. Orada hələ də çadırlarda yaşayan ailələr var axı. Türkiyədə diaspora, lobbi yaratmağın mənası varmı? Burada evlərin 90 faizi bir Azərbaycan qalasıdır. Bunların arasında kommunistlər də ola bilər, solçular da, millətçilər, dinçilər də ola bilər…
Burada diaspor, Azərbaycan lobbisi yaratmaq kimi mənasız planlar qurmağa dəyməz ki. Odur, dünyada erməni lobbisinin ən güclü olduğu ölkələr var: Rusiya, Fransa, Amerika Birləşmiş Ştatları. Bu lobbiləri orada qurmaq, o enerjini və lazım gəlirsə, paranı da orada xərcləmək gərəkdir. Burada bu işləri görməyə zərrə qədər də ehtiyac yoxdur.
(Siyirmədən bir fotoşəkil çıxarır). Baxın, 59-cu ildir. Türk ocaqlarında Azərbaycan istiqlalını kutladığımız tədbirdir. O zaman mən gəncdim, açılış nitqini də mən yapdım. O zaman bağımsız Azərbaycan yox idi, indi bunların adlandırmaq istədiyi təhərdə diaspor da yox idi. Bu işləri biz görürdük, başqaları görmürdü. Azərbaycan Kültür Dərnəyi bu ölkədə 40-cı illərdən bəri Azərbaycan adını gündən-günə daha ucalara qaldıran bir təşkilat idi, yeganə milli quruluş idi. Bu gün parayla qurulan yüz dənə dərnək bunun yüzdə birini edə bilməz. Çingənəyə para verməklə onu millətçi edə bilməzsən ki, parasını alar, oynayıb gedər. Parasını verməzsən, gedib başqasının oyununu oynar. Belə mənasız işlərin başını buraxmaq lazımdır…”.
“Para buraxmaqla diaspor yaradılmaz”
Bu dərnək 62 ildir var. Bundan əvvəl də ta 1924-cü ildən 1949-cu ilə qədər “Azərbaycan Milli Mərkəzi” adı ilə vardı. Ayrıca da “Qars Yüksək Təhsil Tələbə Cəmiyyəti” vardı. Bu iki təşkilat bütün dünyada Azərbaycan haqqında həqiqətləri yayan ən iri quruluşlar idi. Azərbaycan haqqında 50 min səhifəlik bildirişlər, hesabatlar burada hazırlanıb-yayılıb.
28 May 1949. Ankara Xalq Evi binasında Azərbaycanın Istiqlal günü qeyd edilir. Natiq Məhəmməd Əmin Rəsulzadə. Onlarla, yüzlərlə bu cür tədbirlər. Bu tədbirlərin keçirilməsi üçün, bu danışanlar üçün kimsə pul verirdimi? Parayla-pulla diaspora yaradılarmı? Erməni diasporası var. Hər il 300-400 milyon pul göndərir Ermənistana dünyanın hər yerindən. Ən azı, bir o qədər parayla da türk düşmənliyi, erməni təbliğatını yayırlar. Ermənistan hökuməti pul qoyub diaspor yaratmır ki.
O zamanlar bir “bayraq krizi” yaşandı. Azərbaycandan da, adlarını çəkməyəcəyəm, bir qrup millət vəkili gəlmişdi. Gördükləri iş də Heydər Əliyevin büstünün açılış törəninə qatılıb dağılışmaq oldu. Amma o günlərdə bizim Bursadakı şöbə başqanı olan bir xanım (o, mənim baldızımdır) Bursada 60 min Azərbaycan bayrağının qaldırılmasını təşkil etdi. Bursada on minlərlə evin pəncərəsindən Türkiyə və Azərbaycan bayraqları yanaşı asıldı.
“Azərbaycan bir ailənin əlindədir,.. bu şanssızlıqdan çıxmaq lazımdır…”
Azərbaycan əhalisinin 90 faizi ölkənin milli sərvətlərindən kənardadır. 2 milyondan çox insan orada, Rusiyada çörək pulu çıxarmaq üçün gedib ən ağır şərtlər altında, ölüm təhlükəsi altında çalışır. Mən başa düşürəm ki, əski Sovet bölgəsi olmağın bir şanssızlığı var. Amma Azərbaycan o bölgəyə məxsus olan şanssızlıqdan qurtulmaq üçün çox şeyə sahibdir. Baxın, Şərqi Avropaya. Orası da əski sovetlər bölgəsidir. Amma orada toparlandılar, məşru, qanuni parlamentlər yaratdılar, insan hüquqları önə çıxdı, ölkələrin-millətlərin üzü güldü. Azərbaycanda bu yoxdur. Niyə olmasın? Parlament bir ailənin əlində. Məhkəmələr bir ailənin əlində. Ordu, iqtisadiyyat bir ailənin əlində.
Ola bilər ki, 90-cı illərdə Bakıda abadlıqla bağlı problem vardı, yemək yeyiləcək yaxşı yeməkxanalar yox idi. Amma insanlarda bir həyəcan vardı, gələcəyə böyük canatımlar vardı. Belə dövlət qurulmaz ki… Nə seçim var, nə siyasət var,.. elə hey, yağma və zorakılıq.
Eyni məntiqlə, düşüncə ilə də diaspor qururlar. Ailə diasporu yaradırlar. Mən Hollandiyada Nazim Ibrahimovun özünə dedim ki, sizin diaspor anlayışınız kökündən yanlışdır. Diaspor dövlətin əmrində ola bilməz. Bu, özəl təşəbbüslərin nəticəsi olaraq yaranmalıdır. Dövlətin siyasəti fərqli ola bilər. Diasporu bu siyasətin quyruğuna bağlamaqla heç nəyə nail ola bilməzsən. Əksinə, diaspor fərqli, daha açıq, hərdən hətta çox avantürist görünə biləcək siyasi kampaniyalar aparmalıdır. Diasporun davranışlarını müəyyənləşdirməyə çalışan dövlət özünü də xəcil edər, yaratdığı o təşkilatların da dəyəri olmaz. Bu qədər dərnəklər yaradırlar, para buraxırlar… O paranın yarısını orda bu işin tapşırıldığı adamlar mənimsəyər, yarısı yolda mənimsənilər, qalan yarısını da buradakılar mənimsər.
Əlbəttə, buradakı dərnəklərdə yaxşı adamlar, bu prosesə səmimi olaraq qoşulanlar da var. Amma oturduqları ortam, plansızlıq, məqsədsizlik,.. bu adamları da bir iş görməyə qoymaz. Bəzən bəlli şərtlər də insanları doğru söyləməkdən çəkindirər. Bakıdakılar da burada kimləri fərqləndirdiklərini bilirlər. Kimlərdən necə yararlanacaqlarını bilirlər. Bu, Azərbaycan davası deyil. Götürün Marmara qrupunu. Adamlar seçimdən-seçimə yararlı olur. Amma bu zehniyyətlə aparılan fərqləndirilmə baxışını da hər kəs qəbul etməz. Bunu Türkiyədə özünə yaraşdırmayan çoxlu sayda insanlar, quruluşlar var.
Elçibəyin Azərbaycan Kültür Dərnəyinə verdiyi bir altın var. Mən onu evdə saxlayıram. O rəhmətlik Dərnəyə bir rəsm də bağışlayıb, burada, divardan asılıb. Mən Elçibəyin bu hədiyyələrini on min dənə təltifə dəyişmərəm.
Rəsulzadə Bakıda qalıb Stalinlə işləyə bilərdi…
1920-ci ildə Məhəmməd Əmin Rəsulzadənin qurduğu hökuməti kimlər yıxdısa, 1993-cü ildə Elçibəyin qurduğu hökuməti də eyni güclər yıxdı. O zamanın parlament başçısı, hökumət başçısı, dövlətin banisi,.. bütün bu adamların sonrakı taleyinə baxın. Bu adamların heç biri öz Vətənində ölə də bilmədi. Terrorla aradan qaldırdılar çoxunu. Bəyəm Məhəmməd Əmin bəy Bakıda qalıb mənsəb sahibi ola bilməzdi? Ola bilərdi, əlbəttə. Heç Nərimanovun da Stalinlə o qədər yaxşı münasibəti yox idi ki, Məhəmməd Əmin bəyin var idi. Amma Rəsulzadə məslək və ideya adamı idi. Indi odur, Bakıda Azərbaycan idealının daşıyıcısı, Azərbaycan dövlətinin banisi olan bu kişinin abidəsi yoxdur, ölkənin bağımsızlığını, istiqlalını, istiqbalını ruslara təslim etmiş Nərimanovun abidəsi isə şəhərin hər yerinə boylanır. 31 Martı Soyqırım Günü elan etməmisinizmi? Etmisiniz və çox da yaxşı. Amma bu prosesin içində Azərbaycan kommunistləri-bolşevikləri də var. Şaumyanla çiyin-çiyinə eyni siyasi dalğanı irəli aparan Azərbaycan türkləri vardı.
“Azərbaycan ziyalıları Məhəmməd Əminə abidə qoyulması üçün hərəkat başlamalıdırlar”
Azərbaycanda Məhəmməd Əmin bəyin abidəsinin yoxluğunun qarışılığında bir ziyalı hərəkatının olmamasını anlaya bilmirəm. Bu, ziyalılıq deyil. Mən utanıb xəcalət çəkirəm onların yerinə. Niyə səslərini çıxarmırlar, həyat yalnız yaltaqlanıb yaşamaq üçün deyil…
Anlaya bilmirəm, Məhəmməd Əmin Rəsulzadə bu adamlara neyləyib?! Nə pislik eləyib?! Bunu mənə kimsə anlada bilmədi!..
Biz burada Məhəmməd Əmin Rəsulzadənin abidəsini ucaltdıq. Azərbaycandan da adamlar dəvət etdik. Prezidentə də, başqalarına da məktub göndərdik, onların da adından adamlar gəldi. Yazdıq ki, Azərbaycan dövlətinin qurucusu olan Rəsulzadənin abidəsinin açılışına dəvətlisiniz. O törənə 10 min nəfərə qədər adam qatıldı burada. Yüzlərlə dövlət adamı qatıldı, generallar gəldi… Düşündük ki, bu mərasimdən sonra Bakıda da bir dəyişiklik olar, Rəsulzadəyə qarşı bu qəzəb ortadan qalxar. Amma heyf, heç nə baş vermədi.
“Lazım gələrsə” deməklə iş bitmir, sözünün arxasında durmayanlar dövlətə uşaq oyuncağı kimi baxırlar”.
Orada bu münasibətlərin ağılla izah edilməsi mümkün olan hansısa bir kökü olmalıdır. 20 ildir bunlar Köçəryanla, Sərkisyanla, Nalbandyanla,.. danışıqlar aparırlar, görüşürlər. Ortada heç nə yoxdur. Hə, bəlkə ürəklərində, “bunlardan bir-iki xarabalıq ala bilsəydik, ”Qarabağı qaytarırıq” deyə millətin qarşısında özümüzü öyərdik” kimi şeyləri düşünürlər. Amma, hətta bundan da bir nəticə yoxdur. Azərbaycanın o cür düşmənləri ilə görüşə bilirlər, amma millətin hansısa günündə ürəyi bu millət üçün döyünən, Azərbaycanın xoşbəxtliyini arzulayan və bunun üçün həyat sərf edən insanlarla görüşməkdən çəkinirlər. Bu natamamlıq kompleksi haradan yaranıb? Ilin hansısa bir günündə, hansısa bir bayramında müxalifətlə bir yerdə buluşmaq kimi bir ənənənin yaranması bunlar üçün bu qədərmi qorxuludur?
Yoxsa, ildə bir neçə dəfə “lazım gələrsə, gedib torpaqlarımızı güc yolu ilə alacağıq” şəklində səslənməklə iş bitmiş sayılarmı? Sözü dedin, arxasında duracaqsan, bu, dövlətdir, uşaq oyuncağı deyil…
Ayəndə Mürsəliyeva


