Rusiya tam dəyişməyincə Qarabağ problemi həll olunmayacaq
Vəfa Quluzadə: «Putinin arxasında hərbi-sənaye kompleksinin milyarderləri, xüsusi xidmət orqanları dayanır»
Israilin Hayfa Universitetinin və Azərbaycan Diplomatik Akademiyasının professoru Brenda Şaffer Kazan görüşünü məhz Putinin pozduğunu düşünür. Kazanda məhz Putinin səyləri nəticəsində nəticənin əldə olunmadığını düşünən professor hesab edir ki, Rusiya Qarabağ münaqişəsinin həllində həlledici rolu saxlamaqdadır. “Fikrimcə, Putin Medvedevin prezidentliyi dövründə ciddi diplomatik tərəqqiyə imkan verməz. Digər tərəfdən, Rusiya doğrudan da münaqişənin həllində maraqlıdırmı? Cənubi Qafqazdakı bu münaqişənin tam həll olunmaması Rusiyanın əlinə yaxşı rıçaqlar verir”, deyə B.Şaffer vurğulayb.
Politoloq Vəfa Quluzadə bildirdi ki, Putinin Medvedevə qarşı kampaniya aparması birinci dəfə deyil baş verir. Əslində Putinin bir siyasətçi kimi ciddi gücü olmadığını deyən V.Quluzadə əlavə etdi ki, Rusiya baş nazirinin arxasında Müdafiə Nazirliyinin, hərbi-sənaye kompleksinin milyarderləri, xüsusi xidmət orqanları dayanır. Elə Putini də güclü edən məhz bu mafioz qüvvələrdir: “Putin Qarabağda ”nə sülh, nə də müharibə” vəziyyətini saxlamaqda maraqlıdır. Çünki bu cür situasiyanın köməkliyi ilə Rusiya tərəflərə təsir edir və onlara öz maraqlarını yeridə bilir”.
Bu üzdən Rusiyadakı rejimin kökündən dəyişməyəcəyi təqdirdə Qarabağ kimi problemlərin çözülməyəcəyini deyən V.Quluzadə əlavə etdi ki, artıq Rusiyanın da dəyişəcəyi zaman uzaqda deyil. “Rusiyada artıq bir hərəkat baş qaldırıb. Həmin hərəkatın adı ”Başqa Rusiyadır”. Həqiqətən də Rusiya tam başqa dövlət olandan sonra onunla normal münasibətlər qurmaq olacaq”.
Xəyal