Öz topumuz, öz fişəngimiz

«Prezidentə məktub» silsiləsindən

Sizə məktubu hərdənbir yazıram. Ehtiyac hiss eləyəndə. Bütün hədlər aşılanda. Əslində sizə yazmaq ehtiyacı, demək olar,  hər gün yaranır. Amma gec-gec yazmağa üstünlük verirəm. Bu dəfə ənənəni pozdum. Daha doğrusu bu ənənəni sizin pozduğunuzun qənaətindəyəm. Niyə? Yenə atanızın şəkli ekranların küncündəydi. Öyrəncəliyik. Saxta və saxta olmayan bayramlarda bu şəkil bütün telekanalların qırağını “bəzəyir”. Dözmək olar. Hətta 15 iyunu – Qurtuluş günü deyib xalqa sırınan günü də hardasa başa düşmək olar. Bəs 14 iyula nə ad qoyaq?

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibinin seçildiyi gün. Seçilməni dırnaqda da yaza bilərdim. Saxta seçki olduğuna şübhə yoxdur. Amma ehtiyac duymadım. Tarixin arxivinə atılmış, milyonların həyatına son qoymuş, sonda özü də gömülmüş bir partiya haqqında müstəqil Azərbaycanda heç danışmaq istəmirəm. Yaxşı mənada. Onun törətdiklərisə dərsliklərə salınmalı, yeni nəsil də bu cinayətlərdən xəbərdar olmalıdır. O partiyada yüksək post tutub cinayətə şərik olanlar da bir-bir göstərilməli, xalqa, daha doğrusu, bundan xəbərsiz olanlara tanıdılmalıdır. Müstəqil dövlətin vətəndaşları qanlar bahasına xilas olduğu rejimə daim lənət yağdırmalıdır. Sizinkilərsə o günü bayram kimi qeyd edir, atəşfəşanlıq yapır, adamları konsertə yığır, kef məclisləri qurur. Hansı əxlaqa sığır bu? Təxminən 30 dəqiqə müddətində dayanmadan toplardan yaylım atəşi açıldı. Ekspertlər bu yaylım atəşinin 1 dəqiqəsinin təxminən 30 min dollara başa gəldiyini deyir. Üçrəngli bir fişəngin qiyməti 5-7 min dollar arasındadır. Təsəvvür edirsinizmi nə qədər milyonlar sözün həqiqi mənasında göyə sovrulur?

Kür daşqınlarından ziyan çəkən xeyli adam onlara çatası 1000 manatı hələ də ala bilməyib. Itirdiklərinin qarşılığında bu 1000 manat çox gülüncdür. Amma onların, hətta bu 1000 manata nə qədər ehtiyacı olduğunun fərqindəsinizmi? Yox, 1 milyona ayı kəsdirən, 75 milyona villa alan sizinkilər bunu bilməz…Pensiyaçının, tələbənin təqaüdü, sizin rejimin nökəri olan müəllim və həkimlərin maaşı manat-manat artırılır, amma milyonlar bir neçə dəqiqənin içində topdan (pərakəndə yox) havaya atılır. Hanı Səddam, Mübarək, Bin Əli… Tarix dərs almaq üçündür.

Müdafiə Sənayesi Nazirliyi xeyli vaxtdır silah istehsal edir. Keyfiyyətiylə işim yoxdur. Sadəcə bir şey ki istifadə olunmur (sizin bundan sonra nə qədərsə çəkəcək hakimiyyətiniz dövründə də bu silahlardan istifadə edilməyəcəyinə əminəm), onun istehsalının nə mənası? Vaxtilə siz də bizneslə məşğul olmusuz, heç bir biznesmen gəlir gətirməyən iş dalınca getməz, yaxud gəlir gətirməyən sex işlətməz. Bu baxımdan təklif edirəm ki, profil dəyişdirilsin, ölkədə atəşfəşanlıq üçün top mərmilərinə olan ehtiyac, döyüş mərmilərinə olan ehtiyacla müqayisəyə gəlməz. Hər gün tappatapdır. Hacıbala rəsmən bayram olmayan günlərdə də atır. Üstəlik, son illər toylarda da hərə imkanına görə göyə fişəng buraxır. Yəqin bir müddət sonra hər şadlıq evinin özünün topu olacaq. Yeri gəlmişkən, elə şadlıq evləri üçün top istehsal etməyə də dəyər.

Nədən Müdafiə Sənayesi Nazirliyinin zavodları bu gəlirli sahəyə işləməsin? Fişəngləri Çindən, Ukraynadan alınca elə özümüzdən almaq yaxşı olmazdımı? Necə deyərlər, öz topumuz, öz fişəngimiz… At ki atasan…

Üç zabit nağılı

Ali Baş Komandan kimi xəbəriniz var yəqin. Üç zabit sizə videomüracit yollayıb. Azərbaycanda uşaqdan-böyüyə hamıya bəlli olan ordudakı vəziyyət barədə. Müdafiə Nazirliyi tərbiyə işləri üzrə idarənin rəisi Vaqif Məmmədov isə “yoxlama aparandan” sonra açıqlama verib ki, kapitan Ramin Qasımov əsgərləri incitdiyinə görə onun haqqında cinayət işi var. Kapitan bu işdən canını qurtarmaq üçün ordu rəhbərliyindən qisas almaq qərarına gəlib və məlum videomüraciəti yayıb (tərbiyəçinin dediklərinin həqiqət olub-olmadığını hələlik kənara qoyaq). Deməli, əsgəri incidəndə susurlar, amma rəhbərliyin özbaşınalıqlarını, rüşvəti, korrupsiyanı ortaya qoyanda adamı dərhal cinayətkar, narkoman adlandırırlar. Axı özünüz demişdiniz ki, bu hallarla bağlı şəxsən sizə məlumat versinlər…
Məncə, Vaqif Məmmədovun tərbiyəsi ilə məşğul olmaq Ali Baş Komandan kimi sizin üzərinizə düşür…