Məmmədovlar “Elmlər”i də nəzarətə götürdü

Bakı Dövlət Universitetinin (BDU) qarşısındakı küçə boyu yerləşən bütün ticarət obyektlərinin sökülməsinə qərar verilib. Yaxın günlərdən etibarən Elmlər Akademiyasının ətrafındakı bütün ticarət obyektlərinin sökülməsinə başlanılacaq. Bakı Şəhər Icra Hakimiyyətinin (BŞIH) həyata keçirəcəyi proses fərqli şəkildə əsaslandırılır. Belə ki, həmin ticarət obyektlərinin yerində metro üçün çıxışlar quraşdırılacaq. Halbuki bir müddət öncə metropolitenin rəisi Tağı Əhmədov mətbuata açıqlamasında metronun “Içərişəhər” stansiyasının yeni nativ çıxışının Dənizkənarı Milli Parkda, “Elmlər Akademiyası”nın yeni nativ çıxışının Bakı Dövlət Universitetinin qarşısında, “Nizami” stansiyasının nativ çıxışının Azərbaycan Dövlət Dram Teatrının qarşısında olacağını bildirmişdi.

“ZQAN”ın maraqları…

Söküntü işləri ilə əlaqədar ərazidəki bəzi sahibkarlara xəbərdarlıq edilib ki, yaxın vaxtlardan etibarən obyektləri boşaltsınlar.
Lakin məsələnin mahiyyətində bunun dayandığı inandırıcı görünmür. Çünki yeni plana əsasən həmin küçə boyu yerləşən ticarət köşklərinin yerində yeni ticarət mərkəzinin tikiləcəyi nəzərdə tutulub. Bundan başqa, orada piyadalar üçün keçidin tikilməsi nəzərdə tutulub ki, onun da metro ilə heç bir əlaqəsi olmayacaq.
Birmənalı şəkildə demək mümkündür ki, atılan bu addım hansısa məmurun maraqlarına xidmət edir və onun yeni biznes sahəsi yaratmaq istəyindən irəli gəlir.
“Azadlıq”a məlumat verən qaynaq həmin planı nəqliyyat naziri Ziya Məmmədovun həyata keçirdiyini deyir. Çünki yeraltı keçidlərdəki ticarət obyektləri nazirin oğluna məxsus “ZQAN” holdinqə tabedir. Bir müddət əvvəl holdinq şəhərin bir neçə yeraltı keçidində olan ticarət obyektlərini sökərək yenisini tikib. Yüzlərlə sahibkar işindən, obyektindən olub. Sonda yeni ticarət mərkəzində yerlər onlara daha böyük məbləğə “arenda”ya verilib. Qaynaq deyir ki, nazirin bu addımı ötən dəfəkilərin təkrarıdır. Məqsəd yeraltı keçid ticarətini həm genişləndirmək, həm də inhisarda saxlamaqdır.

Sahibkarlara vəd verilib

Ötən gün adıçəkilən ünvana baş çəkib satıcılarla söhbət etdik. Sahibkarlara rəsmi qaydada bildiriş verilməyib. Əksəriyyəti isə məsələdən xəbərsizdir. Yolun sağında olan dükanların sahibləri yolun solundakı obyektlərin söküləcəyini, sol tərəfdə ticarətlə məşğul olanlar isə əks tərəfin yerlə-yeksan ediləcəyini deyirlər. Bir sözlə, hər kəs ümidini yolun digər hissəsinə dikib.
“Azadlıq”a məlumat verən qaynaq deyir ki, hər bir dükana rəsmi qaydada deyil, obyekt sahiblərinə gizli şəkildə bildirişlər veriblər. Sadəcə sahibkarlara tapşırıqlar verilib ki, bu barədə kimsəyə söz deməsinlər. Hər bir sahibkara tikiləcək yeni ticarət mərkəzində daha böyük obyekt veriləcəyi vəd edilib. Üstəlik, onlar ticarət mərkəzi tikildiyi müddət ərzində işsiz qalacaqları təqdirdə ya kompensasiya alacaqlar, ya da yeni obyektlərində bir il kirayə haqqını yarıbayarı ödəyəcəklər.
Qaynağın bildirdiyinə görə, bu cür şirnikləndirici təkliflərlə sahibkarları razı sala biliblər. Onlar da öhdələrinə düşən vədi maksimum dərəcədə yerinə yetirməyə çalışırlar.
Söhbət etdiyimiz bir neçə sahibkar bu faktı gizlətməyə çalışsa da, danışan da tapıldı. Iki-üç gün öncə əraziyə baxış keçirilib. Ilkin olaraq universitetin əsas girişi ilə üzbəüz olan yerdə sxem çəkilib.
Kirayə dükan işlədən Elçin adlı şəxs “Şərq bazarı”ndakı obyektini bağlayaraq bura gəldiyini söylədi: “Bura təzə köçmüşəm. ”Şərq bazarı”ndakı parfümeriya mağazamı bağladım. Təkcə mən yox, bir çox ticarətçi “Şərq bazarı”ndan bura gəlib, bəziləri metronun başqa stansiyalarında obyekt götürüb. Dəqiq məlumatım yoxdur, ola bilsin, dükan sahibinə bildiriş verilib”.

Ramin DEKO