«Belarusda siyasi dəyişikliklər qaçılmazdır»

Eji Buzek: «Lukaşenko rejimi Tunis və Misirdəki quruluşlar kimi tez və gözlənilməz şəkildə çökə bilər»

Avropa Parlamentinin prezidenti Eji Buzek Belarusda siyasi dəyişiklikləri qaçılmaz sayır. Onun sözlərinə görə, Avropa Birliyinin qapıları “Şərq tərəfdaşlığı” proqramında iştirak edən altı keçmiş sovet ölkəsi üçün hələ də açıqdır. Bu fikri E.Buzek Brüsseldə jurnalistlərə açıqlamasında deyib.
AB-nin Minskə qarşı sanksiyalarının səbəbinin Belarusun keçənilki mübahisəli prezident seçkilərindən sonra keçirilən etiraz aksiyalarını dağıtması olduğunu deyən E.Buzekin qənaətincə, Belarusda “böyük və dərin dəyişikliklər” uzaqda deyil və Lukaşenko rejimi Tunis və Misirdəki quruluşlar kimi tez və gözlənilməz şəkildə çökə bilər: “Belarusda hökumət əleyhinə çıxışlarda zəifləmə hiss olunmur. Mən hələ ki, bizim məqsədyönlü sanksiyalarımızın nəticəsini görmürəm. Belarus rejiminin davranışlarında dəyişiklik yoxdur. Amma bu, tipik davranışdır. Çünki siz heç zaman bilmirsiniz ki, hakimiyyət nə zaman çökəcək. Ona görə də bu hadisə iki-üç həftə ərzində də baş verə bilər”.
Bir il əvvəl heç kimin Şimali Afrikada hazırda yaşananları proqnoz etmədiyini deyən AP prezidenti bildirib ki, bu dəyişikliklər hazırda yaşanır. Ona görə hazırda Belarus da oxşar hadisələri yaşayır. “Şərq tərəfdaşlığı” proqramının reallaşmasını məhz AB ilə Belarus arasında iki il əvvəl başlayan gərgin münasibətlərin tormozladığını deyən E.Buzek qeyd edib ki, bu proqram AB ilə altı keçmiş sovet ölkəsi – Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna arasında daha sıx iqtisadi və siyasi əməkdaşlığı nəzərdə tutur.
AB üzvlüyünə keçmiş sovet ölkələrinin hələ şansının olmadığı ilə bağlı deyilənlərə də toxunan E.Buzek bu fikri qətiyyətlə təkzib edib və misal olaraq Balkan ölkələrini göstərib: “On il əvvəl heç kim Balkan ölkələrinin Avropa Birliyinə üzvlüyü barədə düşünmürdü. Heç kim bu barədə, hətta ümid belə, etmirdi. Indi 21-ci əsrin əvvəlində Xorvatiya, Serbiya, Qaradağ və Makedoniya artıq Avropa Birliyinə üzvlüyün bir addımlığındadır”.

Xəyal