Cəbhə möhtəşəm bayram tədbiri keçirdi

 AXCP-nin 22 illiyi siyasi hadisəyə çevrildi

Əli Kərimli: «Əminəm ki, millətimiz qamətini dikəldəcək, silkələnib boynundakı zəlilərdən azad olacaq»

Hökumətin çeşidli maneələrinə baxmayaraq, Azərbaycan Xalq Cəbhəsinin yaradılmasının 22 illiyi ötən gün ADP-nin qərargahında yüksək səviyyədə keçirildi. Tədbirə qatılanlar sırasında ictimai-siyasi elitanın tanınmış nümayəndələri – Müsavat başqanı Isa Qəmbər başda olmaqla, partiyanın rəhbərliyi, ADP sədri Sərdar Cəlaloğlu və partiya funksionerləri, AXP sədri Qiyas Sadıqlı, Pənah Hüseyn, Ibrahim Ibrahimli, Sülhəddin Əkbər, hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səadət Bənənyarlı, ilahiyyatçı Ilqar Ibrahimoğlu, yazıçı Seyran Səxavət, hüquqşünas Erkin Qədirli, politoq Rasim Ağayev, tanınmış ziyalılar Nurəddin Mustafayev, Eldəniz Quliyev, Firudin Cəlilov, bir müddət əvvəl həbsdən çıxmış vicdan məhbusu Eynulla Fətullayev vardı…

Tədbirin keçirildiyi zal M.Ə.Rəsulzadə və Ə.Elçibəyin fotoşəkilləri, şüarlar, Dövlət Bayrağı və AXCP-nin bayrağıyla bəzədilmişdi. Sədarət kürsüsündə AXCP sədri Əli Kərimli, sədr müavinləri Gözəl Bayramlı və Nurəddin Məmmədlinin əyləşdiyi mərasim dövlət himninin oxunuşuyla başladı. Ardınca Əbülfəz Elçibəyin, eləcə də demokratiya və azadlıq uğrunda mücadilə verərək dünyasını dəyişmiş digər şəxslərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Bundan sonra Xalq Cəbhəsinin mübarizə tarixini əks etdirən videoçarx nümayiş etdirildi.

Azərbaycan Xalq Cümhuriyyəti və Cəbhəsi

AXC-nin 22 illiyilə bağlı AXCP sədri Əli Kərimlinin məruzəsi dinlənildi. Ildönümü tədbirinin geniş və normal şəraitli zallarda keçirilməsinə imkan verilməməsi məsələsinə toxunan Əli Kərimli, hakimiyyətin bu addımını Sovet Ittifaqının Azərbaycan Xalq Cümhuriyyətinə, onun mübariz qurucularına münasibətilə eyniləşdirdi. Dedi ki, AXC-ni gözdən salmaq, tarixi saxtalaşdırmaq cəhdi SSRI kimi nəhəng dövlətə nəsib olmadığı kimi, SSRI-nin tör-töküntülərinə də qismət olmayacaq.
AXCP sədri qeyd etdi ki, Istiqlalın əldə edilməsi şəksiz M.Ə.Rəsulzadə və onun rəhbərlik etdiyi Müsavat partiyasına aid olduğu kimi, Azərbaycanın Dövlət Müstəqilliyinin əldə edilməsi də birmənalı olaraq Əbülfəz Elçibəy və onun liderlik etdiyi Xalq Cəbhəsinin adıyla bağlıdır.

 

21 illik dava

Azərbaycanın ərazi bütövlüyü uğrunda silaha sarılan və müharibədə həlak olan minlərlə cəbhəçini xatırladan Əli Kərimli bildirdi ki, bu adamlar torpaq uğrunda qanlarını tökməklə Qarabağa, millətə səmimi sevgi nümunəsi yaradıblar. AXC-nin yaranmasından danışan Əli bəy qeyd etdi ki, bu təşkilatı daxilən azad olan, haqsızlıq görəndə susmayan, zalımın önündə durmaqdan qorxmayan, haqqı-ədaləti sevən insanlar qurub. Partiya sədrinin fikrincə, məhz bu səbəbdən 22 yaşının 21 ilini müxalifətdə olmasına baxmayaraq, AXCP hələ də ayaqdadır.
Əli Kərimli xatırlatdı ki, Xalq Cəbhəsini məhv etməyə ilk dəfə Sovet marşalı Yazov təşəbbüs göstərib. Daha sonra 1993-cü ildə qiyam yolu ilə hakimiyyətə gələn Əliyev rejimi AXC sədrinə 4 illik sürgün həyatı yaşatdırmaqla, yüzlərlə partiya üzvünü həbsə atdırmaqla təşkilatın fəaliyyətinə son qoymaq istəyib. 2003-cü ildə AXCP-nin qeydiyyatına növbəti dəfə problem yaratmaq cəhdi də cəbhəçilərin prinsipial mübarizliyi nəticəsində iflas olub.
2005-ci ildən bəri AXCP-nin qərargahsız, partiya sədrinin pasportsuz fəaliyyət göstərdiyini bildirən Əli Kərimli partiyanın 15 nəfər üzvünün həbsdə olduğunu da yada saldı. Əminliklə bildirdi ki, heç bir məhrumiyyət AXCP-ni ideallarından döndərə bilməyəcək.

AXCP-nin hədəfləri

AXCP-nin həm yaşı, həm də ideyasına görə gənc olduğunu deyən partiya sədri gələcəklə bağlı ciddi planlarından da söz açdı: “Bizi yaşadan təkcə keçmişlə bağlı şərəfli tariximiz deyil. Bizi yaşadan sabahla bağlı ciddi planlarımızdır.
Azərbaycanı yenidən qurmaq, siyasi sistemdə ciddi islahatlar aparmaq, ölkə iqtisadiyyatını normal hala gətirmək, vətəndaş cəmiyyətini dirçəltmək, milli və dini özünəxaslığı saxlamaqla Avropa dəyərlərini, prinsiplərini tətbiq etmək bizim hədəflərimizdir”.
Azərbaycanın demokratikləşəcəyinə inamını ifadə edən AXCP sədri məruzəsini “mən əminəm ki, millətimiz qamətini dikəldəcək, silkələnib boynundakı zəlilərdən azad olacaq, azadlığı geri qaytaracaq” fikri ilə tamamladı.

Başqanın təbriki

Təbrik çıxışı edən Müsavat başqanı Isa Qəmbər AXC-nin təsis gününü – 16 iyulu “Azərbaycan tarixinin işıqlı günlərindən biri” adlandırdı. Müsavat başqanı dedi ki, Xalq Cəbhəsi təkcə Azərbaycan tarixində deyil, Sovet imperasiyasının çökməsində həlledici rol oynadığına görə dünya tarixində yer alıb.
Azərbaycandakı rejimi “Sovet hakimiyyətinin gülünc forması” adlandıran Isa Qəmbər də avtoritarizmə qarşı mübarizə aparan qüvvələrin qələbəsinin uzaqda olmadığını bildirdi. Müsavat başqanı Ictimai Palatanın təsis olunmasına toxunaraq, onunla AXC-nin təsisi arasında paralellər apardı. Əlavə etdi ki, yaxın zamanlarda Ictimai Palata da demokratiyanın bərpasına nail olacaq.

Sərdar Cəlaloğlu AXC-ni Naxçıvanla əlaqələndirir

ADP sədri Sərdar Cəlaloğlu da çıxışında bildirdi ki, “Azərbaycan dövlətinin banisi” adına yeganə iddialı Xalq Cəbhəsi ola bilər.
AXC-nin avtoritarizmlə mübarizəsini yüksək qiymətləndirən Sərdar bəy çıxışında bəzi mübahisələrə yol açan fikirlər də səsləndirdi. Məsələn, o dedi ki, AXC-nin rəsmi təsisindən bir il əvvəl Naxçıvanda Xalq Cəbhəsini onlar yaradıblar.
Onun bu fikrinə Pənah Hüseyn yerindən etiraz elədi. Çıxışını özünütənqidlə davam etdirən S.Cəlaloğlu müxalifətin siyasi cəhətdən maariflənməsinə ehtiyac olduğunu bildirdi.
Daha sonra o, müxalifətdaxili həmrəylik probleminin olduğunu vurğulayaraq, özünü müxalifət adlandıran partiyaların müxtəlif fikirlərlə birliklərdən kənarda saxlanılmasını düzgün olmayan addım kimi tənqid etdi.

Pənah Hüseyn açdı sandığı…

Təbrik üçün söz alan Pənah Hüseyn dərhal ADP sədrini təkzib etdi. O, özü ilə kürsüyə çıxartdığı əl çantasını göstərərək, “burada sözün yaxşı mənasında xeyli sirlər var” deyib, onlardan ikisini açıqladı. Çantasından AXC-nin təsisi barədə ilk protokolun əlyazmasını və ilk nizamnamə layihəsini çıxarıb tədbir iştirakçılarına nümayiş etdirən Pənah Hüseyn bu sənədlərlə birgə, 1989-cu ildə müxtəlif rayonlarda keçirilən təsis konfranslarının audioyazısını da AXCP-yə hədiyyə etdi.

Mehdiçilik

Ilahiyyatçı Hacı Ilqar Ibrahimoğlu, təsis gününün 12-ci Imam Mehdinin mövlud gecəsilə eyni günə düşməsini gözəl bir təsadüf kimi təbrikində qeyd etdi. Ilqar Ibrahimoğlu cəbhəçilərə milli bayraqda əks olunan bütün rənglərin reallaşdığı bir cəmiyyət qurmağı arzuladı.

AXCP-Müsavat birliyi yenidən gündəmə gəlir

Avroatlantik Şuranın sədri Sülhəddin Əkbər təbrik çıxışını daha çox AXCP və Müsavatın birləşməsinin vacibliyi üzərində qurdu. O dedi ki, bu iki təşkilat birləşərək liderini müəyyən etməli, beləliklə də, xalqı ağır seçim qarşısında qoymamalıdır. Sülhəddin Əkbərin fikrincə, birlik alınarsa, cəmiyyətdə müxalifətə inam birə on artacaq: “Bizim millətin gah çeçen, gah qırğız olmaq istədiyi yetər. Indi də yəqin ki, ərəb olmaq istəyənlər var. Biz xalqımızın qürurunu özünə qaytarmalıyıq”.
“Veteran” cəbhəçi Ibrahim Ibrahimli təbrik çıxışında Xalq Cəbhəsini “siyasi-tarixi abidə” adlandırdı. O bildirdi ki, hazırkı nəsil Xalq Cümhuriyyətinin tarixini qürurla oxuyub tədqiq etdiyi kimi, gələcək nəsillər də Xalq Cəhbəsinin tarixdəki roluna belə yanaşacaq. Ibrahim bəy də birlik notlarını gücləndirərək vurğuladı ki, Azərbaycanda demokratiyanın, ərazi bütövlüyünün təminatçısı kimi iki partiyanın adını çəkmək olar – AXCP və Müsavat: “Kimin nə deməyindən asılı olmayaraq, Azərbaycanı zülmdən bu iki təşkilat qurtaracaq”.

Yaşasın Xalq Cəbhəsi!

AXCP Gənclər Komitəsinin üzvü Islam Hüseynli və Sənay Qəhrəmanlı Xəlil Rza Ulutürkün şeirlərini oxuduqdan sonra bayram təbrikləri yenidən davam etdi.
“ReAL” Vətəndaş Hərəkatının təsisçilərindən olan hüquqşünas Erkin Qədirli AXC-nin onun həyatında oynadığı rol barədə xatirələrini tədbir iştirakçılarıyla bölüşdü.

Təbrik məktubları

Çıxışlararası yenidən söz alan Əli Kərimli AXC-nin 22 illiyilə bağlı çoxsaylı təbriklər aldığını deyərək, onlardan bir neçəsini diqqətə çatdırdı. Bəlli oldu ki, tarixçi alim Cəmil Həsənli səfərdə olduğundan, xalq artisti Fuad Poladov tədbirin yerini səhv saldığından, AXCP Ali Məclisinin sədri Həsən Kərimov isə səhhətilə əlaqədar tədbirə qatıla bilməyib və şəxsən Əli Kərimlidən yığıncaqdakılara salamlarını çatdırmağı xahiş ediblər. Tədbirin gedişində Türkiyədən Azərbaycan Kültür Dərnəyinin rəhbərləri Cəmil Ünal və Yaşar Tezel də zəng edərək təbriklərini yetiriblər.

Arif Hacılı məhbəsdən təbrik yolladı

Əli Kərimli daha bir təbrik məktubunu isə xüsusi qaydada təqdim etdi. O, Ictimai Palatanın 2 aprel mitinqinə görə həbs olunan müxalifət funksionerlərinin adlarını sadalayaraq, onlarla qürur duyduqlarını bildirdi. Həmçinin vicdan məhbusları Cabbar Savalanlı və Tural Abbaslının analarının da tədbirə qatıldığını qeyd edərək, belə övladlar yetişdirdiklərinə görə həmin xanımlara ehtiramını bildirdi. Əli Kərimli daha sonra həbsdə olan Müsavat partiyası Mərkəzi Icra Aparatının rəhbəri Arif Hacılının təbrik məktubunu tədbir iştirakçılarına çatdırdı.
AXC-nin 22 illiyində iştirak edə bilmədiyini üzgünlüklə qeyd edən Arif bəy müstəqilliyin əldə olunmasında bu təşkilatın misilsiz rolu olduğunu məktubunda bir daha vurğulayıb. Arif Hacılı AXCP sədri Əli Kərimlinin də demokratiya uğrunda mübarizəsini və partiyanı gücləndirmək üçün göstərdiyi səyləri yüksək qiymətləndirir.
Arif Hacılının məktubunun oxunuşu başa çatandan sonra zalda “Azadlıq!” şüarları səslənməyə başladı.

Birlik polemikası

Ictimai Palatanın Koordinasiya Şurasının üzvü Vidadi Mirkamal da təbrik çıxışında birlik polemikasına toxundu. O, demokratiyanı uca dağ zirvəsində bir məbədə bənzədərək əlavə etdi ki, o məbədə gedən yollar fərqli ola bilər, əsas odur ki, hər kəs ora çatmağa cəhd göstərsin. Vidadi Mirkamal cəmiyyətin səfərbər olunmasına ən ciddi problem kimi Heydər Əliyev kabusunu qeyd etdi: “Bu kabusu öldürməsək, cəmiyyəti toparlamaq mümkün olmayacaq”.
Tanınmış vəkil Qurban Məmmədov da təbrik nitqində AXC barədə xoş sözlər işlətdi. O, bu təşkilatın ərsəyə gəlməsi üçün yollarda neçə-neçə ayaqqabılar cırdıqlarını, məhrumiyyət yaşadıqlarını söylədi. Qurban Məmmədov ondan əvvəlki çıxışçının məbədə ayrı-ayrı yollarla getmək ideyasını qəbul etməyərək, müxalifət partiyaları arasında ciddi birlik addımlarının atılmasının vacibliyini vurğuladı.
Gələcəkdə Əli Kərimlinin Azərbaycanın prezidenti olacağına şübhə etmədiyini deyən Qurban Məmmədov onu yaşa görə Müsavat başqanına güzəştə getməyə səslədi: “Mən istərdim ki, mənim prezidentim Abdulla Gül kimi Isa bəy, baş nazirim də Ərdoğan kimi Əli Kərimli olsun”.
Qurban Məmmədovun həmrəylik çıxışına replika ilə cavab verən Əli Kərimli dedi ki, bu məsələdə Isa Qəmbər-Əli Kərimli qarşıdurmasından söhbət gedə bilməz: “Biz artıq xeyli müddətdir bir təşkilatdayıq. Ictimai Palatada çiyin-çiyinə avtoritar rejimlə mübarizə aparırıq. Bizə qoşulmaq istəyən  varsa, buyursun gəlsin”.

Demokratiyanın yenilməz əsgərləri

AXCP Gənclər Komitəsinin üzvü, siyasi məhbus Elnur Məcidlinin atası Arzuman Məcidli çıxışında əvvəlcə oğlunun salamlarını tədbir iştirakçılarına çatdırdı. Arzuman Məcidli maraqlı fakt açıqlayaraq dedi ki, o, 10 dekabr 1989-cu ildə zavodda AXC-nin təsisini keçirərkən Elnur anadan olub. Oğlu Elnurun və gəncliyin simasında demokratiyanın yenilməz əsgərlərinin yetişdiyini deyən Arzuman Məcidli avtoritarizmin sonunun yaxınlaşdığını vurğuladı.
Ictimai Palatanın Koordinasiya Şurasının üzvu Aqil Səmədbəyli də çıxışında AXC-nin keçdiyi yola ekskurs edərək, Azərbaycanın dövlət müstəqilliyini əldə edən bir təşkilata hökumətin qısqanc münasibətini tənqid etdi.
Yazıçı Seyran Səxavət təbrik çıxışında 22 yaşlı AXC-ni “əsgərlikdən yenicə qayıdan gənc” adlandırdı. Milli demokratik düşərgəyə rəğbətini ifadə edən yazar bildirdi ki, bu rəğbət azadlığa, ədalətə ortaq baxışa görədir.
Ictimai Palatanın üzvü Yeganə Əmiraslanova tədbirdə yeganə xanım çıxışçı oldu. AXC-nin Azərbaycan tarixindəki yeri və müstəqilliyin əldə olunmasında bu təşkilatın rolu barədə danışan Yeganə xanım əminliyini ifadə etdi ki, AXCP tezliklə öz hədəflərinə çatacaq.


AXCP xalqın ruhunu ifadə edir

Tədbirdə son çıxışçı AXCP sədrinin müavini Fuad Qəhrəmanlı oldu. 14 yaşından cəbhəyə yazıldığını açıqlayan F.Qəhrəmanlı dedi ki, təşkilata məhəbbətinin yüksək olması onu öz yaşını çox göstərməyə məcbur edib. AXC-yə üzv olmaq üçün 16 yaşının tamam olması gərəkmiş.
“Şimali Azərbaycanda inqilab olmamışdı. Xalqımız üçün belə bir ilkə AXC imza atdı” – deyə Fuad Qəhrəmanlı xalq cəbhəsinin məziyyətlərinə toxundu.
AXC-nin tərkibində solçuların, sağçıların, dindarların və ateistlərin səmərəli fəaliyyətinə toxunan Fuad Qəhrəmanlı qeyd etdi ki, bununla da təşkilat siyasi mədəniyyət nümunəsi yaradıb.
“Bəzən bir millətin ruhunu bir əsərin, bir şəhərin ifadə etdiyini deyirlər. Bizim xalqın da ruhunu AXCP ifadə edir”, – deyə Fuad Qəhrəmanlı çıxışını tamamladı.

AXC lideri yad olundu

AXCP sədri Əli Kərimli və partiya üzvləri təşkilatın yaranmasının 22-ci ildönümü günü onun ilk sədri və milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin məzarını ziyarət ediblər.

Ziyarət dünən AXCP-nin ildönümü ilə bağlı tədbirdən sonra baş tutub. Cəbhəçilər Əbülfəz bəyin məzarı önünə gül dəstələri qoyub, ruhuna dualar oxuyublar. AXC liderinin xalq azadlığı mübarizəsində xidmətləri xatırlanıb.

Natiq Güləhmədoğlu