Cabbar! Biz bu yollara hər şeyi göz önünə alıb çıxdıq. Döyülməyi, söyülməyi, məhkəmələrdə süründürülməyi, sürgünü… Sonunda ölüm belə olacağını bilib çıxdıq biz bu yola. Sırtımızdan vurula biləcəyimizi, ağzımızdan atacaqlarını, köksümüzdən saplayacaqlarını bilib çıxdıq biz bu yola.
Bunların hərdən bizə çaşqın nəzərlərlə, heyrətlə, təəccüblə baxmaları da ona görədir. Anlamazlar içimizdəki bu azadlıq ehtirasını! Bu azadlıq ehtirasının bizə verdiyi cəsarəti, qətiyyəti, dönməzliyi, ürəkliliyi anlamazlar. Bunun necə bir sevda olduğunu anlamazlar bunlar, Cabbar, bunun necə bir eşq, necə bir divanəlik olduğunu bilməzlər.
Dəli olduğumuzu düşünərlər – ki, zatən aramızdan adını “dəli” qoyub zorla ruhi xəstəxanaya yerləşdirdikləri də az olmadı – oysa biz doğrudan dəliyik. Dəlicəsinə sevdik bu vətəni… Bayrağını dəlicəsinə sevdik… Dağını, daşını, ağacını, quşunu dəlicəsinə sevdik. Neftini deyil, qazını deyil, qızılını deyil, ümumi daxili məhsulunu deyil, çoxlu pullarını deyil, quş uçmayan göylərini, ot bitməyən çöllərini sevdik, tozlu yollarını sevdik. Dağlarının duman şalını sevdik. Laləsinin bağrındakı xalını sevdik. Hər halını sevdik bu vətənin. Aysız gecələrini, günəşsiz gündüzlərini sevdik. Soğulmuş bulaqlarını, qırılmış budaqlarını sevdik, Cabbar!
Amma onlar bu vətəni həmişə oturduqları kürsü boyda gördülər. Qışda isti, yayda sərin kabinetləri boyda gördülər. Qarınları boyda gördülər. Cibləri boyda gördülər. Onlar üçün bu vətən neft buruğu oldu, qaz yatağı oldu, bank hesabı oldu.
Ona görə də Prezident Administrasiyasından bir addım kənara çıxdılarmı, qürbət kimi gələr bu ölkə onlara, Cabbar, Panama qədər, Dubay qədər doğma gəlməz.Bizim davamızın isə çox sadə adı var, Cabbar – Vətəni sevənlərlə villaları sevənlərin davası!
Vətən həbsxanada da vətəndir, Cabbar, amma könlünü vətənə deyil, onun sərvətlərinə, var-dövlətinə verənlər üçün villa da həbsxanadır. Bu gün o villalar gözlərinə həbsxana kimi görünməsə də onların, bir gün başlarına uçurulanda dizlərinə döyəcəklər zatən, “keşkə bu qədər yekə tikməsəydik, sütunlarını bu qədər yoğun eləməsəydik” deyə…
Bir daha analarımız üzərinə
Bir dəfə də yazmışdım bu haqda, amma bir daha yazmaq ehtiyacı hiss etdim.
Iki gün öncə gənc fəallarımızdan biri “facebook”da bir status paylaşmışdı. Gənc dostumuz oxuduğu ali məktəbi məhkəməyə verib, məsələdən anası xəbər tutub. Qəzəblənib, “oğulluqdan çıxardım səni” – belə deyib.
Üç aşağı, beş yuxarı hamımızın başından keçib. Analarımızın belə öfkəsini, qəzəbini hər birimiz ən azı bir dəfə yaşamışıq. Adı üzərindədir – ana. Nə qədər çirkin, zalım bir rejimlə üz-üzə olduğumuzu da bilir o, bu yolda başımızdan nələr keçəcəyini də. O üzdən öfkə qarışıq, qəzəb qarışıq narahatlıqlarını, nigarançılıqlarını anlamamaq mümkün deyil.
Bir ananın vətəni də, dövləti də, bayrağı da, himni də, sərbəst toplaşmaq azadlığı da, azad mətbuatı da, demokratik seçkisi də, ədalətli məhkəməsi də onun övladıdır. Bir ana övladının taleyi söz konusu olduğunda başqa heç nəyi düşünməz, düşünə bilməz.
Amma hər kəs əmin olsun: bu gün hər nə qədər qarşımızda görsək də, bizi hər nə qədər yolumuzdan çəkindirmək, hər nə qədər davamızdan döndərmək istəsə də, başımızdan keçəcək ilk qəzada yanımızda onu görəcəyik. Xəstəxanaya düşsək, baş ucumuzda, həbsxanaya düşsək, başımız üzərində onu görəcəyik.
Zatən uzağa getmək lazım deyil, Cabbarın anasını xatırlamaq kifayətdir. Oğlunun tutulduğu ilk günlərdə o təlaşlı, o gözüyaşlı ananın yerində bu gün bizim hər birimizdən daha mübariz, daha mücadiləçi bir ana var.Adı üzərindədir – ana!