Bazarda qiymətlər «od tutub yanır»

Ərzaq mallarının bahalığı alıcıları yaxın düşməyə qoymur

Ərzaq mallarının qiymətinin qalxması, bunun qarşılığında əməkhaqqının məbləğinin stabil qalması təbii ki, əhalinin yaşayışını çətinləşdirib. Vəziyyəti yerində öyrənmək üçün Bakıdakı “Təzə bazar”a üz tutduq. Qızmar günəş altında təbdən çıxmış satıcılar və tək-tük gözə dəyən alıcılar…
Satıcılar alverin zəif getdiyindən, malların onlara baha başa gəlməsindən narazı idilər. Satıcı Bahar xanım deyir ki, alıcıları da qınamaq olmur. Yay ayları meyvə mövsümü olsa da, qiymətlər yüksəkdir. Ona görə alıcı da az olur: “Inanın ki, qiymətlərin yüksək olmasında biz satıcıların günahı yoxdur. Malı baha almağımız bizi məcbur edir ki, baha da sataq. Biz də çörəkpulu üçün buradayıq. Qiymətlərin qalxması bizim də marağımızda deyil. Malların ucuz olması bizə də sərf edir. Kim istəyər ki, alıcılarını itirsin? Məhz qiymətlərin bahalığına görədir ki, gün ərzində 1-2 nəfər mal alır”.
Başqa bir satıcı qiymətlərin normal olduğunu desə də, alıcıların azlığından şikayətləndi. Bunun səbəbini isə özü də izah edə bilmədi.
Satıcı Şəhla xanım da neçə illərdi ki, bazarda işləyir. Onunla söhbətləşəndə məlum oldu ki, qiymətlər Şəhla xanımın da “yaralı yeridir”. O da qiymətlərin bahalığı üzündən alverin zəif getməsindən şikayətləndi: “Keçən yayla bu yay arasında da qiymət fərqi var. Keçən yay qiymətlər daha ucuz idi. Alıcıların sayı da indikindən xeyli çox idi. Indi malı baha almağımız cəhənnəm, alıcı da yoxdur. Hər gün boş-boşuna vaxtımızı itiririk”.
Bazarda bir alıcı ilə də söhbətləşmək imkanımız oldu. Söhbətdən belə anlaşıldı ki, alıcılar da bazardakı qiymətlərdən son dərəcə narazıdır. Söhbətləşdiyimiz Sevda xanım deyir ki, ailəsinin aylıq gəliri heç ərzağa çatmır. Üstəlik, ölkədə qiymətlərin günü-gündən qalxması durumu bir qədər də qəlizləşdirir.
Beləliklə, həm satıcıları, həm də alıcıları narazı salan əsas məsələ qiymətlərdir. Odur ki, qiymətlərə nəzər salmağımız yerinə düşər:
1 kq. badımcan – 60 qəp.
1 kq. lobya – 70 qəp.
1 kq. pomidor – 60 qəp.
1 kq. xiyar – 50 qəp.
1 kq. gavalı – 2 man.
1 kq. ərik – 3 man.
1 kq. alma – 3 man.
1 kq. gilas – 3 man.
1kq. şaftalı – 2.50 man.
Elə bazardan çıxmağa hazırlaşırdıq ki, bir satıcı etiraz edə-edə bizə yaxınlaşdı: “Biz deməsək, kim deyəsidir ki…”
Bu xanım satıcı qiymətlərin yüksək olmasını bir çox malların xaricdən gətirilməsi, o cümlədən gömrükdəki rüşvət və monopoliya ilə izah etdi: “Xaricdən gətirilən mallarla bağlı deyirlər ki, baha başa gəlir. Yaxşı, bəs niyə Azərbaycanda yetişdirilən, daha konkret, Qəbələdə becərilən şabalıdın kiloqramı 20 manatdır? Alıcını da qınamaq olmur. Mənim də bunu almağa gücüm çatmaz. Belə olan təqdirdə biz satıcıların və ya alıcıların nə günahı var?”

Röya