Cəsur Sümərinli: «Azərbaycan məsələni təkbaşına qaldırsa, Rusiyanın təzyiqləri ilə üzləşə bilər»
Bu ilin əvvəllərində ABŞ senatorları Türkiyədə yerləşdiriləcək Raket Əleyhinə Müdafiə (RƏM) elementlərinin Gürcüstan, yaxud Azərbaycanda yerləşdirilməsi ilə bağlı təklif irəli sürdü. Bugünlərdə dövlət katibi Hillari Klintonun Türkiyəyə səfəri zamanı Dövlət Departamenti və Pentaqona təkrar müraciət edib. Klintonun Ankarada Amerika radarlarının Türkiyədə yerləşdirilməsi imkanlarını müzakirə edəcəyi gözlənilir. Lakin radarların Cənubi Qafqazda yerləşdirilməsinin mümkünlüyü də istisna olunmur.
Xatırladaq ki, bundan əvvəl Rusiya ABŞ-a yeni RƏM sisteminin yerləşdirilməsindən imtina edərək bunun əvəzində Qəbələ RLS-dən daxil olan informasiyadan istifadəni təklif edib. Lakin ABŞ Qəbələ RLS-in köhnə olduğunu bildirərək bu ideyadan imtina edib.
Senatorların təklifinin gerçəkləşməsi nə dərəcədə real görsənir və Rusiya buna nə kimi maneçiliklər törədə bilər?
Hərbi ekspert, “Doktrina” Ictimai Birliyinin rəhbəri Cəsur Sümərinlinin fikrincə, ABŞ tərəfdən bu tip bəyanatların səsləndirilməsi ölkəmiz üçün faydalıdır. Lakin Azərbaycan məsələni təkbaşına qaldırsa, Rusiyanın təzyiqləri ilə üzləşə bilər: “Azərbaycan bu məsələdə Qərbin, xüsusilə ABŞ-ın dəstəyinə ehtiyac duyur. Öz mövqelərinin möhkəmləndirilməsi, şərtlərin ortaya qoyulması üçün məhz Qərb Azərbaycana dəstək verməlidir”.
Ekspertin sözlərinə görə, Azərbaycan Moskvanın şərtləri ilə razılaşsa, yaxın illərdə Qəbələ RLS Rusiyanın Azərbaycandakı hərbi bazasına çevrilə bilər. Bu da regionun təhlükəsizlik düzəninə mənfi təsir edəcək.
Fizzə