Tovuzdakı faciəni yəqin heç vaxt unutmarıq. 13 yaşlı Aygünün çayla axıb gələn oyuncağı götürməsi və onun içində yerləşdirilmiş bombanın partlamasından ölməsi bir film kimi yaddaşlara çökdü. Bundan sonra uşaqların oyuncaqlara etibarının və sevgisinin azaldığını deyə bilmərəm, amma bəlli oldu ki, o uşaqların oyuncaqları belə, yoxdur…
Qətli ermənilər törədib, bu aydındır. Amma dostlarımızdan biri çox ciddi sual verdi mənə: özünün oyuncağı olan uşaq çayla axan oyuncağı götürərdimi?
Qətiyyən yox!
Biz demirik ki, niyə bu uşaqların Dubayda villası yoxdur, bəs onların adi oyuncağı niyə yoxdur?
Ən pisi odur ki, bundan qabaq da belə bir faciə baş vermişdi. Bundan öncə həmin çayla gələn oyuncağı götürən iki uşaq da partlayış qurğusundan həlak olmuşdu.
Əslində, oyuncaqların da əsl qiyməti indi bilinir. Onların uşaq aləmində tutduğu yer daha aydın görünür. Görürük ki, uşaqlar onlardan ötrü canını verir. Böyüklərin isə onlara oyuncaq almağa imkanı yoxdur. Birtəhər qarnını doyuzdurub, əynini geyindirirlər, oyuncaqları isə əhəmiyyətsiz sayıb zərurət siyahısından çıxarırlar. Ehtiyaca başqa nə cür qalib gəlmək olar ki!
Hadisənin başqa bir tərəfi də var. Bombanın hansı yolla bizim vətəndaşa tuş gəlməsindən asılı olmayaraq, onun insanlara xətər yetirməsinin qarşısını ordumuz almalı idi. Nə fərqi var düşmən vətəndaşa hansı yolla hücum edir. Bir dəfə bənzər faciənin baş verməsi çayda axan əşyalara süzgəc toru qurmağa əsas verirdi. Ordumuz bunu etməli idi. Amma elə eyni gündə şahidi olduq ki, onun digər qayğıları başından aşır.
Bir qrup zabit üzləşdikləri qanunsuzluqları Ali Baş Komandana çatdırmaq üçün internet üzərindən videomüraciət hazırlayıb. Bəlli olur ki, rəhbərlik təbii fəlakət nəticəsində dağılmış kazarmanı bu zabitlərə təmir etdirir. Təmirin xərcini də zabitlər özləri çəkir. Bu işə ayrılan pullar isə yeyilir. Ali Baş Komandan isə iki kəlmədən bir fəxrlə ordumuza ayrılan pulun çoxluğundan danışır.
Bəs bu halda zabitlər nə etməlidir? Ya sursat, inventar, benzin və s. satmalıdır, ya da əsgərdən rüşvət almalıdır. Bunu da etməyəndə çarəsiz və ac qalmalıdır. Yenə deyirəm, ermənilərin məsuliyyəti və günahı öz yerində. Amma təkcə onların günahı olsaydı, nə vardı ki!
Əks-effekt verən bayramlar
Bizim şanlı, şöhrətli, pullu, varlı hakimiyyətin artıq yeni bayramlar ənənəsi yaranıb. Hətta Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlməsi də bayram kimi, atəşfəşanlıqla qeyd edilir. Bunun səbəbləri hamıya bəllidir – şəxsiyyətə pərəstiş, məddahlıq, avtoritarizm.
Amma bu bayram hakimiyyət üçün əvvəlki təntənə effektini vermir. Onun əks-effekt verdiyi bəllidir. Bu bayram acı bir həqiqəti bir daha yada salır: niyə 1969-cu ildən hakimiyyətə gələn bir sülalə hələ də hakimiyyətdədir? Nə qədər çəkəcək bu hakimiyyətin ömrü? Ərəblər də belə uzunömürlü hakimiyyətlərə dözmədilər…
Hakimiyyətdəkilər anlamır ki, bu bayramların keçirilməsi özlərinin ziyanınadır. Bu cür qeyri-mütərəqqi addımlar bu hakimiyyəti çürüdür. Yeni nəsilləri ona qarşı olmağa hazırlayır. Amma o da var ki, bu hakimiyyətin başqa bayramı da yoxdur. Onlar dünyadan, tarixdən qopmuş bir yolla gedir. O yolla gedənlərin dünyada qalacaq bayramları, sevincləri olmur.