İlham Əliyev üçün və şərhsiz

“BMT-nin hesablamalarına görə, dünya miqyasında son beş ildə ən sürətlə inkişaf edən ölkə Azərbaycandır. Azərbaycan bu gün o ölkədir ki, öz hesabına yaşayır və gündən-günə daha da yaxşı yaşayır – həm iqtisadi məsələlər həll olunur, həm də sosial məsələlər”. Bunu srağagün Ilham Əliyev Suraxanı qəsəbəsindəki çıxışında deyib. Əcəb eləyib deyib. Heç bir sözüm yoxdur.

Mən indi sadəcə, kral həzrətlərinə bir neçə gün əvvəl “var.az” saytında oxuduğum kiçik bir reportajı yalnız yarımbaşlıqları mənə aid olmaqla, heç bir şərhsiz-filan təqdim edirəm. Zəhmət çəksin, o da oxusun. Sonda yuxarıda dedikləri ilə müqayisə eləməyi və nəticə çıxarmağı da Ilham Əliyevin öz vicdanına baxıram.
Və “var.az”dakı o reportaj…

14 ildir ət yeməyən ailə

“Gülnaz Atabalayeva 3 uşaq anasıdır. Onun iki qızı, bir oğlu var. Oğlu Isa Atabalayev daun sindromludur. Onlar Yeni Günəşlidə, acınacaqlı bir durumda, kirayə mənzildə yaşayırlar. Buna yaşamaq demək mümkünsə…
“Biz əvvəllər köhnə Günəşlidə olurduq. Elə oldu ki, yoldaşım 20 yanvarda ayağından yaralandı. Həmin gecə də onu iflic vurdu… Səhəri gün ”Voyenkomata” gedib yoldaşımın yaralandığını dedikdə mənə cavab bu oldu: “Nə olub? Cavan gəlinsən də, sağalacaq”. Yoldaşımın bədənində deşiklər açılırdı, su axırdı. Hər şeyimi satdım, bütün qızıllarımı, qablarımadək. Ancaq yoldaşım sağalmadı… Həkimlər hər yerdə bizdən pul istəyirdi. Əlimdə olan da bitdikdən sonra evimizi təcili satışa çıxardım. Evimiz satıldı, yoldaşım isə rəhmətə getdi…” – deyir Gülnaz Atabalayeva.
Həyat yoldaşını 1997-ci ildən itirən G.Atabalayeva oğlunu baxımsız qoymamaq üçün işlədiyi 195 saylı uşaq bağçasından çıxır. Təkbaşına 3 uşağı böyütmək üçün hər işi görüb – şadlıq evində qabyuyan, hüzr yerində aşbaz, xadimə… Ta infarkt keçirənədək çalışıb.
“Infarkt keçirdikdən sonra əvvəlki kimi işləyə bilmirəm. Ürəyim tutur, yıxılıram…” – deyən Gülnaz xanım kövrəlir, sözünün ardını gətirə bilmir…
Hazırda kirayə pulunu özünün və oğlunun təqaüdü ilə ödəyən Gülnaz xanım günlərlə ac qaldıqlarını, çörək tamarzısı olduqlarını söyləyir: “Isa o qədər ac qalıb ki… Evimizdə yeməyə quru çörək belə olmayıb. Heç çörək tamarzısı görmüsünüz? Biz onlardanıq…”
Gülnaz ana onlara bəzi xeyirxah insanların yardım etdiklərini də dedi.
“Biz 1997-ci ildən bəri nə ət görürük, nə toyuq… Qonşumuzun oğlu əsgərlikdən gələndə, bir də xeyirxah insanlar bizə yardım gətirəndə ət yeyirik” – deyən qadın ağlayır. Anasının ağlamağına dözməyən Isa da ona qoşulur.
“Elə də olur ki, evdə, qonşularda olan bankaları yığıb qatıq satana satıram. Əvəzinə qatıq, göyərti alıram. Doğramac eləyib yeyirik…” – bunu isə Isanın balaca bacısı Raminə söylədi.

Yaptokratlar utanmır, amma ana utanır

Ana yenə ağlayır: “Oğlum gec ayaq açıb. Atası rəhmətə gedəndən bir il sonra – 12 yaşı olanda. Onu nə məktəbə qoya bilmişəm, nə də bağçaya… Danışmağı da gec öyrəndi. Indi də səhhəti yaxşı deyil. Durduğu yerdə gömgöy göyərib özündən gedir. Ürəyində qüsur var. Gözləri yaxşı görmür, qulağı da yaxşı eşitmir. Mən ana kimi çox xəcalət çəkirəm ki, onun təqaüdünü alıb kirayəyə verirəm… Özüm 85 manat təqaüd alıram. Onun təqaüdünü də üstünə qoyub 160 manatlıq kirayə haqqını verməliyəm. Bu pulun üstünü isə böyük qızım Səbinə düzəldir… Özüm də belə xəstəyəm. Ondan qorxuram ki, mən ölsəm, oğlumun halı necə olacaq? Yemək pulumuzu çox zaman böyük qızım övladının boğazından kəsib verə bilir. Heç yerdə işləmir, yoldaşının əlinə baxır… Həyətə pomidor, meyvə gətirəndə oğlumu eyvana buraxmıram. Görəndə istəyir, mən ala bilmirəm… Mən ona təqaüdündən bir çöp belə ala bilmirəm”.
Söhbət boyu sakitləşə bilməyən Gülnaz xanımın bircə istəyi odur ki, oğlunun 55 manatlıq təqaüdünü kirayəyə verməsin: “15 ildir mən uşağa yalan danışıram ki, sənin pulunu alıb sənə paltar alacam, ev alacam, çoxlu meyvə alacam… Ancaq nə vaxtacan?.. Mən anayam axı… Ağlayanda isə oğlum mənə deyir: ”Ana, ağlama. Puyumu alanda sənə özüm ev alacam…”