Hakimiyyətin növbəti diplomatik uğursuzluğu


BMT-nin tanıdığı Cənubi Sudanı rəsmi Bakı tanımaqdan niyə çəkinir?

Rahim Hacıyev: «Azərbaycan hakimiyyəti mövcud reallıqları dərk etmədiyindən bəzi elementar məsələlərin həllində kobud səhvlərə yol verir»

 

Azərbaycanın yeni yaranan Cənubi Sudan dövlətini tanıyacağı ilə bağlı heç bir məlumat yoxdur. Bunu mətbuata açıqlamasında XIN mətbuat xidmətinin rəhbəri Elxan Poluxov deyib. Qeyd edək ki, Azərbaycan BMT-nin müstəqil dövlət kimi tanıdığı Kosovanı da tanımayıb. Hətta Ilham Əliyev Serbiyaya son səfəri zamanı bu ölkənin ərazi bütövlüyünü tanıdıqları ilə bağlı bəyanat verib.
Bu bəyanatdan bir neçə gün sonra isə Serbiya və Kosova arasında sənədlərin tanınması ilə bağlı razılıq əldə olundu. Cənub Sudanla da bağlı oxşar vəziyyət yaranıb. BMT, eyni zamanda Sudanın tanıdığı dövləti rəsmi Bakı tanımağa tələsmir. Görünür, Azərbaycan tərəfi belə dövlətlərin yaranmasını presedent kimi qəbul edir. Baxmayaraq ki, Kosova nümunəsində bunun Qarabağ məsələsi üçün presedent olmayacağı açıq qeyd edilmişdi. Onu da xatırlatmaq yerinə düşər ki, vaxtilə hakimiyyət Şimali Kiprin tanınması məsələsini gündəmə gətirmişdi. Baxmayaraq ki, bu, Qarabağ üçün təhlükə yarada bilərdi. Belə olan halda Azərbaycan hökumətinin bu addımları nə ilə izah oluna bilər? Bunu xarici siyasətdəki növbəti uğursuzluq kimi qəbul etmək olarmı?
Siyasi ekspert Rahim Hacıyev Azərbaycan hakimiyyətinin diplomatik uğursuzluqlarının göz qabağında olduğunu deyir. Ən müxtəlif vaxtlarda ciddi diplomatik uğursuzluqların şahidi olmuşuq: “Bu yaxınlarda Kosova ilə bağlı növbəti rüsvayçılıq yaşandı. Buna başqa ad vermək olmaz. Çünki artıq Serbiya Avropa Birliyinə üzv olmaq üçün qarşısına qoyulan şərtləri yerinə yetirirdi. Amma Ilham Əliyev iyun ayının əvvəllərində Serbiyada olarkən Kosovanın əleyhinə çıxışlar elədi. Bundan 20 gün keçməmiş Serbiya ilə Kosova arasında sənəd imzalandı”.
Ekspertin sözlərinə görə, bütün bunlar Azərbaycan hakimiyyətinin dünyada gedən proseslərdən xəbərsiz olduğunu göstərir: “Əgər xəbərləri olsaydı, ciddi şəkildə proseslərlə maraqlansaydılar, bilərdilər ki, Kosova ilə Serbiyanın münasibətlərinin yaxşılaşması yaxın günlərin işidir. Digər tərəfdən, məsələlərə formal yanaşmaq da düzgün deyil. ABŞ və Avropa Birliyi Kosovanı tanıyıb. Məhz o vaxt onlar qəti mövqe ortaya qoydu ki, bunun Dağlıq Qarabağ məsələsinə heç bir aidiyyəti yoxdur”.
Ekspertin fikrincə, Azərbaycan hakimiyyəti mövcud reallıqları dərk edə bilmədiyindən bəzi elementar məsələlərin həllində kobud səhvlərə yol verir: “Sudan məsələsində də bunlar çaşqınlıq içindədirlər. Növbəti dəfə nə edəcəklərini bilmirlər. Amma yaddan çıxarmaq lazım deyil ki, müasir dünyada proseslərə müstəsna təsiri olan dövlətlərin sözü əhəmiyyətli rol oynayır. Ona görə də Azərbaycan hakimiyyəti formal məsələləri kənara atıb Qərblə əməkdaşlıq etməlidir. Lakin hakimiyyət belə bir əməkdaşlıq yolunu seçməyib. Ən böyük səhv məhz budur”.

Fizzə