Dövlətin “A” plombu: yarı səndə, yarı məndə

Bizim ölkəmizdə qiymətlərdən başqa heç nə yuxarı qalxmır. Hətta ən uzun dirəkli bayrağımız da küləkli havada aşağı enir. Son üç-dörd ildə suyun, qazın, işığın qiymətləri dəfələrlə qalxıb, amma yenə də hökumətin gözü doymur. Əlbəttə, oğurluq, yalan, haram olan yerdə heç vaxt göz doymaz, ruzi-bərəkət olmaz. Əvvəllər məmurlar dövlətdən gizlində, qorxa-qorxa oğurluq edirdilərsə, indi çəkinmədən, açıq-aşkar bunu edirlər. Vaxt var idi ki, ölkə vətəndaşları lazımsız yerə işıq, qaz yandırmaqdan, suyu boş yerə açıq qoymaqdan, bir sözlə, israfçılıq etməkdən həzz alırdılar. Israfçılıq etmək günah, cinayət sayılsa da, sanki camaatımız bütün bunları qəfildən üstünə hücum çəkən quldur nəzarətçiyə rüşvət vermək üçün qəsdən edirdi. Etiraf etmək lazımdır ki, bizim camaata sayğac işlətmək mədəniyyətini “Barmek” şirkətinin prezidenti Hüseyn Arabul öyrətdi. Ölkə məmurlarının illərlə vətəndaşlara vərdiş etdirə bilmədiyi qayda-qanunu bir türkiyəli iş adamı 2-3 ilin içində sevdirə bildi. Sayğac, kasıb əhalinin xilaskarına çevrildi. Necə deyərlər, qaranlıq, soyuq otağım olsun, amma vicdansız nəzarətçinin hay-küyü olmasın. Nəzarətçinin həddi nədir sənə şişirmə borc yazsın: ortada plomlu-möhürlü sayğac var. Əslində, əhalinin Sovet hökumətinin vaxtından qalan şişirtmə işıq borclarını Hüseyn Arabul ləğv etsə də, sonradan bu “xeyirxahlığı” utanmadan Ilham Əliyevin adına yazdılar. Gördüyü dəyərli işlərə görə hökumətin Hüseyn Arabula verdiyi “mükafat”ın nədən ibarət olduğunu bilmək üçün “Vikipediya”da  Arabul haqqında yeganə, ilginc bir cümləni oxumaq yetərlidir: “Hüseyn Arabul – ”Barmek” şirkətinin prezidenti, Azərbaycandan didərgin salınaraq müflis edilmiş türkiyəli iş adamı”. Bu məlumatla tanış olandan sonra adam xəcalətdən yerə girmək istəyir. Əcəba, dəyərli iş adamı Hüseyn Arabulun suçu nə idi ki, Azərbaycan hökuməti onu müflis edib, ayaqyalın-başıaçıq, dilənçi günündə ölkədən didərgin saldı? Bəlkə, türkiyəli iş adamı vəzifəli-vəzifəsiz, varlı-kasıb abonentlər arasına fərq qoymadığına görə onun başına min bir oyun açdılar? Axı kimliyindən aslı olmayaraq “Barmek”in zamanında hamı işlətdiyi enerji haqqını qəpiyinə kimi  ödəməli idi. Bu isə vətəndaşları, sahibkarları soyub-talamağa vərdiş edən, yeyib-içdiyinin haqq-hesabını verməyi sevməyən quldur, oğru, fırıldaqçı məmurlara sərf etmirdi. Hüseyn Arabul və ona bənzəyən vicdanlı iş adamlarını Əliyev hakimiyyəti heç vaxt sevə bilməzdi, onlara ölkədə iş qurmağa imkan verməzdi. Yüzlərlə vicdanlı iş adamı ölkədən didərgin salındı, haqsız yerə həbs olundu, öldürüldü…
Indi əksər nəzarətçilər cibində işıq, qaz, su plomblarını qoz-fındıq kimi gəzdirirlər. Kim bilir, bəlkə, cibində prezident möhürü gəzdirənlər də peyda olub, hələ xəbərimiz yoxdur. Nəzarətçilər utanıb-çəkinmədən böyük obyektləri olan sahibkarlara müxtəlif təkliflərlə müraciət edirlər: “Gəl dövləti aldadaq: yarı səndə, yarı məndə”. Və harın bir məmurun villasında, obyektində bir ayda işlətdiyi enerji borcunu yarı yarıya sayğacdan silirlər. Nəticədə, milyonçunun tualeti də “svetomuzıka” ilə işləyir, təqaüdçü isə hətta şam yeməyini qaranlıqda edir. Bir tanış danışır ki, tutalım, bəzən sayğacda 1002 manat 50 qəpiklik borc yazılır. Nəzarətçi 2 manat 50 qəpiyi də dədə malı kimi iki yerə bölməyi tələb edir, qəpik-quruşu da güzəştə getmir. Belə ki, sahibkar nəzarətçiyə 501 manat 25 qəpik verəndən sonra o, sayğacdan 1002 manat 50 qəpiyi silib, yenidən plomblayır. Bu hökumətin adi sayğac nəzarətçisi sayğacı “zorlayıb” sonra onu plomblayırsa, indi görün, bu ölkənin polisi, həkimi, müəllimi, şairi… nələri və kimləri “plomlayır”. Zavallı Hüseyn Arabul, nəzarətçiləri dövlət plomblarını “semiçka” kimi ciblərində gəzdirən bir ölkədən yaxşı ki, quru canını xilas edə bildi. Vay qalanların halına…
Rəvayətlərə inansaq, keçmişdə şahlar uzaq səfərlərə, döyüşlərə gedəndə arvadlarını xəyanətlərdən çəkindirmək üçün onları möhürləyib, sonra ölkəni tərk ediblər. Səfərdən arğın-yorğun qayıdan şahlar arvadlarına vurulan yeni “plomb”un saxtalığını başa düşməyiblər. Maraqlıdır, bəs “cəsur” nəzarətçilərin sayğaclara vurduğu saxta “A” plombları kimə məxsusdur: taxt-tacdakı “A” şahlığına, yoxsa hələ üzə çıxmayan, gizlində fəaliyyət göstərən “M”, “K”, “Z”… şahlarına?..