«Azər-Ross IK» MTK-nın sahibinin qətlində ortağının əli var
“Azər-Ross IK” MTK-nın sahibi Əflatun Piriyevin qətlində onun biznes ortağı Hümbət Məmmədovun əli var. Bu barədə APA-ya Nərimanov Rayon Polis Idarəsindən bildirilib. Məlumata görə, araşdırmalar zamanı məlum olub ki, həmin iş adamının Ə. Piriyevə külli miqdarda pul borcu olub. Onun borcunu ödəyə bilmədiyi üçün bu addımı atdığı ehtimal etdirilir. H.Məmmədov artıq saxlanılıb, hazırda onun ifadəsi alınır.
Hadisəni törədən “killer” isə Azərbaycandan Gürcüstana qaçıb. Hazırda həmin şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Bu arada “Azər-Ross IK” MTK-nın daxil olduğu “Avesta” konserninin prezidenti, diasporla iş üzrə komitənin sədri Hacı Ibrahim Ibrahimov da bu hadisə ilə bağlı maraqlı açıqlamalar verib. O, “Yeni Müsavat” qəzetinə deyib: “Mən təhlükəsizlik kameralarının yaddaşına düşən görüntülərə baxmışam. O adamların görüntüləri əldə edilib və ona baxmışıq. Bizə elə gəlir ki, o adamlar sanki ilk dəfədir ki, Bakıda olublar. Həmin adamların Əflatun Piriyevlə heç bir əmlak, pul və digər məsələlərlə bağlı mübahisələri olmayıb. Mən hüquq-mühafizə orqanlarından maraqlanmışam. Mənə bildirdilər ki, hər şey ortadadır və bəllidir. Yəqin ki, yaxın 1-2 gün ərzində sifarişçinin kimliyi haqda rəsmi açıqlama veriləcək”.
Hacı Ibrahimin sözlərinə görə, öldürənlərin də, sifarişçinin də izi Gürcüstana gedib çıxır: “Bu məsələnin nə Naxçıvana, nə də ki Bakıya dəxli var”.
Xatırladaq ki, naməlum şəxslər iyulun 11-də “Azər-Ross” MTK-nın ofisinə daxil olaraq şirkətin rəhbəri Əflatun Piriyev və şirkətin baş mühasibi, Əmiraslan Əhmədovu güllələyiblər. Şirkətin rəhbəri aldığı güllə yarasından dünyasını dəyişib. Ə.Əhmədov isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisənin motivi məlum deyil.
Baş vermiş hadisə ilə bağlı Nərimanov Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.