Vidadi İsgəndərlinin məhkəməsində absurd iddialar
Prokuror hesab edir ki, hüquq müdafiəçisinin şəklinin çəkilməsi istintaqa, hüquq-mühafizə orqanlarına təzyiqdir
Dünən Göyçay Rayon Məhkəməsində hakim Elxan Süleymanovun sədrliyi ilə hüquq müdafiəçisi, Ictimai Palatanın üzvü Vidadi Isgəndərlinin işi üzrə hazırlıq iclası keçirilib.
Prosesdə V.Isgəndərlinin hüquqlarını vəkil Xalid Bağırov, dövlət ittihamını Nəriman Ələkbərov müdafiə edib.
Bölgə müxbirimiz Şahin Əzizovun verdiyi məlumata görə, V.Isgəndərlinin də iştirak etdiyi prosesi izələmək üçün 200-yə yaxın insan məhkəmə binasının önünə toplaşıb. Onların arasında Norveç səfirliyinin nümayəndələri, V.Isgəndərlinin yaxınları və həmkarları, həmçinin hüquqlarını müdafiə etdiyi şəxslər olub.
Məhəkəmə binasının önündə keşik çəkən polis əməkdaşları heç kimə fotoçəkiliş aparmağa imkan verməyiblər. Rayon polis idarəsinin rəis müavini isə V.Isgəndərlinin şəklini çəkmək istəyən jurnalistin fotoaparatını əlindən alaraq sındırıb: “Gələnlərin çoxunu məhkəmə zalına buraxmadılar. Zalda 28 yer var idi, onun da təxminən onunu polislər tutmuşdular. Məhkəmə zalına daxil olarkən hamının telefonlarını aldılar. Üstəlik müxbirlərə də diktafonlarını, fotoaparatlarını içəri keçirməyə icazə vermədilər”.
Ş.Əzizovun sözlərinə görə, vəkilin qaldırdığı vəsatətlərin heç biri təmin olunmayıb: “Vəkil həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması, prosesin daha böyük zalda keçirilməsi, audio və videoçəkilişin aparılmasına şərait yaradılması ilə bağlı vəsatətlər verdi. Həmçinin Vidadi Isgəndərliyə qarşı Cinayət Məcəlləsinin 159.4.1 maddəsi ilə ittiham irəli sürülməsinin əsassız olduğunu bildirdi. Və bu maddənin ittihamlar arasından çıxarılmasını tələb etdi. Guya, Vidadi Isgəndərli seçki vaxtı kimlərinsə səs verməsinə mane olub. Vidadi bəy bildirdi ki, o adamları ümumiyyətlə tanımır. Dedi, mənim nə marağım olub ki, səsverməyə mane olum. Hakim bu vəsatətlərin heç birini təmin etmədi”.
Əməkdaşımızın dediyinə görə, vəkil ilkin istintaq zamanı yol verilən pozuntulardan da danışıb: “Vəkil iş üzrə ifadə vermiş ruhi xəstənin ifadəsinin sübutlar siyahısından çıxarılmasını tələb etdi. Bunu da belə əsaslandırdı ki, həmin xəstədən həkimin iştirakı olmadan ifadə alınıb. Müdafiə tərəfinin əlavə şahidlərinin dindirilməsi barədə də vəsatət qaldırıldı. Vəkil hakimdən xahiş etdi ki, bir dəqiqəlik də olsa, Vidadi Isgəndərlinin şəklinin çəkilməsinə icazə verilsin. Prokuror bu xahişə münasibət bildirərkən dedi ki, şəklin çəkilməsi istintaqa, hüquq-mühafizə orqanlarına təzyiq ola bilər. Hakim müşavirədən qayıdandan sonra bu vəsatətlərin təmin edilmədiyini elan etdi. Vidadi Isgəndərli isə dedi ki, prokurorluq nəinki onun özündən, hətta şəklindən də qorxur”.
Çıxışı zamanı V.Isgəndərlinin özü də vəsatətlər səsləndirib: “Bildirdi ki, həbs olunarkən ilk on gündə ona mənşəyi bəlli olmayan iynələr vurublar. Tələb etdi ki, onun qanından analiz götürsünlər. Amma onun da vəsatəti təmin edilmədi. Növbəti proses isə iyulun 20-nə təyin edildi”.
V.Isgəndərli mayın 2-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 2 ay müddətinə həbs edilib. O, seçki (referendumda iştirak) hüquqlarının həyata keçirilməsinə mane olma, seçki (referendum) komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmədə günahlandırılır. Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsi ona Cinayət Məcəlləsinin 159.4.1 və 160.2.1 maddələri ilə iş qaldırıb. Sonradan hüquq müdafiəçisinin işinə yeni ittiham – CM-nin 132-ci (döymə) maddəsini də əlavə etdilər. Bir nəfər V.Isgəndərlinin üzünə duraraq ötən ilin noyabrında keçirilən parlament seçkiləri zamanı hüquq müdafiəçisinin onu döydüyünü iddia edib.
Gültəkin