“PKK və onun əlaltıları bizdən mərhəmət gözləməsin”

Ərdoğan muxtariyyat elan edən kürd bölücülərinə sərt cavab verdi

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan PKK terrorçularının 13 türk hərbçisini öldürməsi və terror təşkilatının siyasi qolu olan Barış və Demokratiya Partiyasının (BDP) muxtariyyət tələbi ilə çıxış etməsinə sərt reaksiya verib. İstanbulda cümə namazından çıxarkən media mənsublarının bu mövzuda suallarını cavablandıran baş nazir kürd partiyasının demokratik mühitdə fəaliyyət göstərməsi üçün hər cür şərait yaratdıqlarını söyləyib: “Amma onların təklifləri heç vaxt konstruktiv olmadı, bir dedikləri digərini tutmadı. Onların qeyri-ciddi təkliflərini müzakirə etmək üçün heç vaxt masaya oturmarıq. Sülh istəyirlərsə, silahı yerə qoymalıdırlar. Biz iqtidar olaraq Türkiyənin 780 min kvadrat kilometrlik ərazisi üzərində cərrahiyyə əməliyyatı aparılmasına imkan verməyəcəyik”.
Ərdoğan bəyan edib ki, Türkiyədə kürd problemi yoxdur, PKK problemi var: “Bu ölkədə kürd problemi yoxdur, bu ölkədə PKK problemi var. Biz hər zaman kürd vətəndaşlarımıza dəstək vermişik. Bizim hər millətdən olan vətəndaşlarımızın problemi var. Bu problemləri həll etməyə çalışmışıq və çalışırıq”.
Türkiyə mediası xəbər verir ki, baş nazir bir sıra generalların həbsindən sonra türk ordusunun əhval-ruhiyyəsinin pozulduğunu söyləyən müxalifətə də etiraz edib: “Bir ordu savaşa girirsə, itki verir. “Bizim əhvalımız pis idi, ona görə də müharibəni uduzduq” demək mümkündürmü? Türkiyə Silahlı Qüvvələrinin 600 mindən çox əsgəri var. NATO-nun ən böyük ordusuyuq. Təhlükəsizlik qüvvələrimiz dünənlə müqayisədə bu gün daha güclüdür. Terror təşkilatından bunun əvəzini çox ağır şəkildə çıxacaqlar. Artıq hər şey daha fərqli olacaq. Terror təşkilatı və onun əlaltıları bizdən mərhəmət gözləməsin. Muxtariyyət tələbi ilə özləri çalıb özləri oynayırlar. Parlamentdə kürdlər varmı? Var. Ən yüksək vəzifələrdə kürd əsilli qardaşlarımız varmı? Var. Bu ölkədə kürd prezident olubmu? Olub. Bu adamlar bizim kürd qardaşlarımızı aldadırlar”.