Nazir «Elmlər Akademiyası»nı ələ keçirir

Nəqliyyat naziri metro üçün quraşdırılacaq çıxışda ticarət köşklərini ticarət mərkəzləri ilə əvəzləmək niyyətindədir

 

Hakimiyyət içində biznes maraqları uğrunda gedən mübarizə nəticəsində yeni-yeni qalmaqallı məsələlər ortaya çıxır. Ancaq bu qalmaqallar və yeni biznes sahələri uğrunda aparılan mübarizənin ən böyük zərəri yekunda kiçik və orta sahibkarlara, o cümlədən vətəndaşlara dəyir. “Azadlıq”a verilən məlumata görə, daha bir qalmaqallı məsələ isə yaxın günlərdə baş verəcək.
Aldığımız məlumata görə, Bakı Dövlət Universitetinin (BDU) qarşısındakı küçə boyu yerləşən bütün ticarət obyektlərinin sökülməsinə qərar verilib. Qaynaq bildirir ki, yaxın günlərdən etibarən Elmlər Akademiyasının ətrafındakı bütün ticarət obyektlərinin sökülməsinə başlanılacaq. Bakı Şəhər Icra Hakimiyyətinin (BŞIH) həyata keçirəcəyi proses fərqli şəkildə əsaslandırılır. Belə ki, həmin ticarət obyektlərinin yerində metro üçün çıxışlar quraşdırılacaq. Artıq söküntü işləri ilə əlaqədar ərazidəki bütün sahibkarlara xəbərdarlıq edilib ki, yaxın vaxtlardan etibarən obyektləri boşaltsınlar.
Lakin məsələnin mahiyyətində bunun dayandığı inandırıcı görünmür. Çünki yeni plana əsasən həmin küçə boyu yerləşən ticarət köşklərinin yerində yeni ticarət mərkəzinin tikiləcəyi nəzərdə tutulub. Bundan başqa, orada piyadalar üçün keçidin tikilməsi nəzərdə tutulub ki, onun da metro ilə heç bir əlaqəsi olmayacaq.
Birmənalı şəkildə demək mümkündür ki, atılan bu addım hansısa məmurun maraqlarına xidmət edir və onun yeni biznes sahəsi yaratmaq istəyindən irəli gəlir.
Qaynaq həmin planı nəqliyyat naziri Ziya Məmmədovun həyata keçirdiyini deyir. Çünki yeraltı keçidlərdəki ticarət obyektləri nazirin oğluna məxsus “ZQAN” holdinqə tabedir. Bir müddət əvvəl holdinq şəhərin bir neçə yeraltı keçidində olan ticarət obyektlərini sökərək yenisini tikib. Yüzlərlə sahibkar işindən, obyektindən olub. Sonda yeni ticarət mərkəzində yerlər onlara daha böyük məbləğə “arenda”ya verilib. Qaynaq deyir ki, nazirin bu addımı ötən dəfəkilərin təkrarıdır. Məqsəd yeraltı keçid ticarətini həm genişləndirmək, həm də inhisarda saxlamaqdır.

 

Ramin DEKO