Mingəçevirdə “fövqəlnazir”in göstərişi “işləmir”

«AzTikinti» MMC 4 ildir tapşırılanı yerinə yetirmir

İlham Əliyevin vəzifəli məmurlara barmaq silkələməsi də gözlənilən effekti vermədi

 

Ötən il ölkədə baş verən təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına həsr olunmuş müşavirədə prezident Ilham Əliyev uzun illərdən bəri medianın gündəmində olan, lakin rəsmi səviyyədə elə bir ciddi təpkiylə qarşılanmayan Bakıda və ətraf qəsəbələrdə, eləcə də bölgələrdə qanunsuz tikililər mövzusuna da münasibət bildirmişdi. Yüksək gərginlikli elektrik xətlərinin altında, dəmiryolu xətlərinin yaxınlığında, neft buruqlarının arasında evlərin tikilməsinə toxunan ölkə başçısı bu məsələdə vətəndaşlardan daha çox yerli icra strukturu rəhbərlərinin məsuliyyət daşıdığını qeyd etmişdi. Respublikanın şəhər və rayonlarında park və yaşıllıqların ərazisində cürbəcür ofis və əyləncə mərkəzlərinin inşa edilməsinin yolverilməz olduğunu xüsusi vurğulayan prezident bu cür tikinti aparan şəxslər haqda dərhal prokurorluğun cinayət işi başlamasını da tapşırmışdı.
Bu məsələyə nahaq toxunmadıq. Belə ki, son illər hündür binaların (baxmayaraq ki, yerləşdiyi relyefi nəzərə alan mütəxəssislər dəfələrlə hündürlüyü maksimum 4 və 5 mərtəbəli olan binalardan savayı istənilən tikilinin Mingəçevirin gələcəyi üçün real təhlükə yarada biləcəyinə dair proqnozlar veriblər), eləcə də irili-xırdalı obyektlərin inşası Mingəçevirdə dəbdə olan sektora çevrilib. Təbii, heç kim bu cür tikintilərin əleyhinə deyil. Lakin bir şərtlə: inşa olunan tikililər şəhərin baş planına zərbə vurmasın. Çünki hələ sovetlər dönəmindən öz orijinal memarlıq uslubu ilə seçilən Mingəçeviri ölkənin digər şəhər və rayonlarından fərqləndirən cəhətlərdən biri şəhərin küçə və meydanlarının həddən artıq genişliyi olub. Bu genişlik ayrı-ayrı adamlar üçün qazanc mənbəyinə çevrilib. Bu gün şəhərin mərkəzi küçə və meydanları, yaşayış binalarının arası müxtəlif işbazların hədəfindədir. Maraqlı olan digər bir məsələ həmin inşaat işlərini aparan (və ya aparmaq niyyətinə düşən) tikinti şirkətlərinin adlarının, az qala dövlət sirri kimi qorunmasıdır. Hər tikilən binanın və obyektin arxasında hansısa nazir, komitə sədri və ya deputatın, yaxud şəhərdəki vəzifə sahiblərindən birinin adı hallanır. Bir sözlə, bu gün Mingəçevirdə bəzi məmurların bizneslə məşğul olaraq şəhərin müxtəlif yerlərini, o cümlədən Kür çayının sahili boyunca əraziləri zəbt edərək burada qiyməti yüz minlərlə manatla hesablanan obyektlər, villalar ucaltması adi hal alıb.
2007-ci ilin əvvəllərində şəhərin Füzuli və I.Islamzadə küçələrinin kəsişdiyi “Uşaq şəhərciyi” adlanan parkın ərazisi çoxmərtəbəli yaşayış binasının inşası üçün hasara alındı. Bu tikinti üçün nəhəng parkda, az qala Mingəçevirlə həmyaş olan onlarla şam ağacı kəsildi. Ətrafda yaşayan sakinlərin o zamankı şəhər rəhbərliyinə etiraz dolu məktublarına sonuncu kəsilmiş ağacların sayının cəmi 45(!) ədəd olduğunu və bunun Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırıldığı cavabını verməklə kifayətləndi. Sakinlərin məsələylə bağlı adıçəkilən quruma ünvanladıqları şikayətləri nazirlik rəsmiləri də özünəməxsus şəkildə cavablandırdılar. Belə ki, nazirliyin məntiqinə görə, cüzi cərimə ödəməklə bütün ağacları kəsib taxta materialı kimi istifadə etmək olarmış.
Nəhayət, uzun yazışmalardan sonra Fövqəladə Hallar Nazirliyinin 16 aprel 2007-ci il tarixli göstərişi ilə sözügedən ərazidə tikinti işlərinin aparılması dayandırıldı. Mingəçevir Şəhər Icra Hakimiyyətinə tikintiyə icazə verilməsi haqqında 11 noyabr 2006-cı il tarixli 329 saylı sərəncamını ləğv etmək, ərazidə tikinti aparmaq istəyən “AzTikinti” MMC-yə isə parkı əvvəlki vəziyyətinə qaytarmaq məsləhət bilindi.
O zamandan 4 ildən də artıq müddət ötür. Lakin FHN-nin bu göstərişi indiyədək “qulaqardına” vurulur. Ərazini əvvəlki vəziyyətinə gətirmək bir yana (bunu etmək onsuz da mümkünsüzdür), ətrafdakı hasarlar bugünədək sökülməyib. Bəzi məlumatlara görə, FHN-nin göstərişinə məhəl qoymayan şəxs Prezident Administrasiyasından himayə olunduğundan yerli icra hakimiyyəti məsələnin üzərinə getmək iqtidarında deyil. Bu versiya ağlabatandır. Ən azı o səbəbdən ki, Mingəçevirə səfəri zamanı Ilham Əliyevin maşın karvanı düz həmin ərazinin qarşısından keçmişdi. Razılaşaq ki, dövlət başçısının Mingəçevir kimi kiçik şəhərdə kifayət qədər böyük ərazinin hasarlanmasını diqqətdən qaçırması, ona burada aparılan (?) işlərlə bağlı hər hansı məlumatın verilməməsi inandırıcı deyil.

Zeyd