İlham Əliyev “fövqəlnazir”in ad günündə

Dövlət başçısının Qəbələyə səfəri Kəmaləddin Heydərovun doğum günü ilə bağlı olub

Ilham Əliyev Qəbələyə səfər edib. “Azadlıq”a daxil olan məlumatlara görə, dövlət başçısının Qəbələyə səfərində məqsəd fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ad günü ilə bağlı düzənlənən ziyafətdə iştirak etməkdir. Iyulun 15-də ad günü olan “fövqəlnazir” 50 yaşını Qəbələdə qeyd etmək qərarına gəlib.
Ilham Əliyevin Qəbələ səfəri ilə bağlı  bir maraqlı məlumat da almışıq. Məlumatda deyilir ki, “eşşək qalmaqalı” ilə yadda qalan Şamaxının icra başçısı Asif Məmmədov Ilham Əliyevin Qəbələ səfəri ilə əlaqədar rayonun girəcəyində profilaktik tədbirlər görüb. Eşşək heykəlinə görə dövlət başçısının qəzəbləndiyini bilən icra başçısı Ilham Əliyevin Qəbələ səfəri barədə məlumat alan kimi rayonun girişində daha bir heyvana – keçiyə heykəl qoyduğunu xatırlayıb. Dövlət başçısının Şamaxıdan keçərkən heykəli görüb hiddətlənəcəyini düşünən Asif Məmmədov dərhal “keçi”nin qələmini qırıb.

İnformasiya şöbəsi