Hakimiyyət xalqı kapitulyasiyaya hazırlayır

Məmmədyarov sülh sazişinə hazır olduqlarını deyir

Arif Yunus: «Ancaq Azərbaycan faktiki olaraq Qarabağı itirir»

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın sülh sazişinə hazır olduğunu deyib. Rusiyanın “Interfaks” agentliyinə müsahibə verən nazirin sözlərinə görə, Azərbaycan Ermənistana yubanmadan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə sülh sazişi üzərində işə başlamağı təklif edir. Nazir hələ razılaşdırılmamış elementlərin olduğunu, lakin onların hər halda sülh sazişində əks olunmadığını bildirib.
Baza prinsipləri daxilində razılaşdırılmamış detal referendumun vaxtı ilə bağlıdır və Ermənistanın tələbi də məhz bu vaxtın dəqiqləşdirilməsindən ibarətdir. Belə olan halda, Azərbaycanın sülh sazişinə hazır olduğunu bəyan edən Məmmədyarovun fikirləri populizm kimi qəbul edilməlidir, yoxsa bu, kapitulyasiyaya hazırlıqdır? 
Konfliktoloq Arif Yunus əsas narahatçılığın Qarabağın taleyi, status məsələsi ilə bağlı olduğunu deyir. Burada məsələ yüz faiz həllini tapmayıb.
Ekspertin sözlərinə görə, hakimiyyət nümayəndələri öz vətəndaşları ilə açıq söhbət aparmalı və vəziyyətin nə yerdə olduğunu açıqlamalıdır: “Gah deyirlər ki, referendum yoxdur, gah deyirlər var. Məmmədyarov deyir ki, hər şey Azərbaycandan asılıdır. Biz ermənilərin etibarını qazanmalıyıq ki, onlar öz separatçı mövqeyindən imtina edib Azərbaycanın tərkibinə qayıtsınlar. Onda ortaya sual çıxır – referendum olacaq, ya yox? Referendum məsələsi var və bu, bizim xeyrimizə deyil”.
Ekspertin fikrincə, ermənilər öz vətəndaşlarına mənfi münasibət göstərən Azərbaycan hakimiyyətinə inanmır: “Hakimiyyətə məsləhət görərdim ki, ilk növbədə ölkədən gedən azərbaycanlıları vətənə qaytarsın. Ermənilər belə şeylərə fikir verir. Onlar açıq şəkildə bildirir ki, siz öz vətəndaşlarınıza normal münasibət bəsləyin, sonra baxıb fikirləşərik. Yaxşılığa doğru nəsə dəyişməlidir ki, ermənilər baxıb inansın. Onlar görməlidir ki, Azərbaycan həqiqətən demokratik ölkədir”.
Madrid prinsiplərinin Qarabağın itirilməsinə hesablandığını deyən A.Yunus Məmmədyarovun açıqlamasını kapitulyasiyaya hazırlıq kimi qiymətləndirdi: “Madrid prinsipləri o deməkdir ki, biz Qarabağı itiririk. Düzdür, yeddi rayonu qaytarırlar. Ancaq Azərbaycan faktiki olaraq Qarabağı itirir. Məmmədyarovun dedikləri də kapitulyasiyaya hazırlıqdır. Əlbəttə, populist məqamlar da var. Amma əsas məsələ odur ki, ermənilər rayonları qaytarır, əvəzində biz referenduma razılıq veririk. Qalır yalnız texniki məsələ, referendum nə vaxt olacaq. Bəlkə 10-15 ildən sonra olar. Ancaq bu müddətdə Azərbaycanda nə dəyişiləcək, həqiqətən də Avropa ölkəsi olacaqmı? Yox, biz bilirik ki, olmayacaq”.
Ekspert Azərbaycanın təzyiq altında olduğunu da vurğuladı. Bunun nəticəsində rəsmilər əhalini sülh sazişinə hazırlayır: “Nazirin fikirləri Azərbaycan cəmiyyətini hazırlamağa hesablanıb. Guya burada heç bir faciə yoxdur. Bu, uşaq söhbətləridir. Hakimiyyətdəkilərin səviyyəsinin nə yerdə olduğunu göstərir. Bizi, öz vətəndaşlarınızı aldada bilərsiniz. Axı erməniləri məcburi Azərbaycanın tərkibinə gətirə bilmərsiniz. Ermənistan Azərbaycandan zəmanət istəyir ki, sülh sazişinə imza atandan sonra öhdəliklərindən imtina etməsin”.

Fizzə