Anar-Şamo savaşına Fikrət Qoca da qoşuldu
Yazıçılar arasındakı qalmaqalın çevrəsi genişlənir
Xalq şairi Fikrət Qoca “Azadlıq”a “Palto oğurlayan, ya paltosu oğurlanan” başlıqlı məqalə göndərib. Fikrət Qoca məqaləsində əsasən son günlər yazıçı Şamo Ariflə Yazıçılar Birliyinin sədri Anar arasında yaşanan mətbu mübahisələrə münasibət bildirir. Bununla yanaşı, xalq şairi bir neçə tanınmış ictimaiyyət adamını da ittiham edir.
Redaksiya xalq şairinin yazdıqlarını onun şəxsi mövqeyi kimi müdaxiləsiz çap edir.
***
Palto oğurlayan, ya paltosu oğurlanan
Anarın kitabında nə yazılıb?
Şamo Arifin “Azadlıq” qəzetində yer verildiyi gen-bol iftiraları Rəsul Rzaya, Nigar Rəfibəyliyə və Anara aiddir. “Azadlıq” qəzetinin yazıya ləzzətlə verdiyi “Yazıçı Anarın əleyhinə arxiv sənədləri tapıldı” adlı başlıq əvvəlcə hansı “materyal” tapıb. Ancaq məlum oldu ki, qəzetin yalançı başlığına rəğmən heç bir arxivdən heç bir sənəd tapmayıb. Demə Anarın öz kitabından əvvəllərdə gətirdiyi və Şamo Arifin normal adam məntiqinə sığışmayan ağlasığmaz şəkildə şərh etdiyi bir mətni yenidən danos verirmiş. Bu parça Anarın “Mübarizə bu gün də var” kitabındandır. Mən bu əsəri hələ əl yazması şəklində oxumuşdum və bu münasibətlə Anara yazdığım məktub kitabda Son ön söz kimi dərc olunub. Odur ki, Şamo Arifin dönə-dönə istifadə etdiyi parça yaxşı yadımdadır. Hər halda yaddaşımda təzələmək üçün bir daha kitabın o səhifələrini oxudum. Oxuculara da həmin mətni olduğu kimi çatdırıram. Anar yazır:
“Anam danışırdı ki, otuzuncu illərdə Moskvada təhsil alanda tək bir tələbəlik təqaüdüylə dolanmaq çətindi, odur ki, SSRI Ali Sovetində tərcüməçilik işinə düzəlmişdim. Ali Sovetin sənədlərini ruscadan azərbaycancaya çevirirdim. Işimdən razı idilər, amma bir gün gördüm ki, izahsız-filansız məni işdən azad ediblər. Səbəbini indiyəcən bilmirəm.
Əlbəttə, anam ehtimal edirdi ki, məsələ onun nəsliylə bağlıdır, amma ömrünün sonuna qədər bilmədiyi həqiqi səbəb bu gün əldə etdiyim məktubdadır. Məktubun mətni belədir:
Məxfi məktubda nə yazılıb?
Tamamilə məxfi. Şəxsən ÜK(b) MK xüsusi sektorunun müdiri Poskrebışevə. Azərbaycan K(b)P üzvləri Əli Həsənovun və Süleyman Rüstəmzadənin Nigar Rəfibəyliyə aid bu ilin 5 oktyabr tarixli məktubunu göndərirəm. Öz tərəfimdən də onun Kremldə işdə saxlanmasını mümkünsüz hesab edirəm.
Əlavə: deyilən məktub.
Azərbaycan K(b)P MK Katibi M.C.Bağırov. 19.10.1937″.
Şamo Arifin danosunda kompromat kimi verilən və “Azadlıq” qəzetində guya Anara qarşı arxiv materialı kimi oxuculara sırılan mətn bax budur. Bu mətndə ağlı başında olan adam üçün aydın olmayan nə var? O illər Azərbaycan və rus dillərini mükəmməl bilən kadrların Moskvada az olması və Nigar Rəfibəylinin də ehtiyac ucbatından bu qara fəhlə işinə (Ali Sovetin sənədlərini, məlumatların tərcüməsinə) qatlanması tamamilə təbiidir. Bunu da ona çox görənlər Bağırova məktub yollayırlar və Bağırov da N.Rəfibəylinin bu işdən uzaqlaşdırılmasını tələb edir.
Şeytanın ağlına gəlməyən nəticələr
Şamo Arif yazır ki, Anarın kitabında bu yeri oxuyanda ayağımın altından yer qaçdı. Görünür, ayağının altından yer qaçanda başı da divara dəyib zədələnib, yoxsa bu aydın-aşkar mətndən şeytanın ağlına gəlməyən nəticələri çıxarmazdı. Bu məktubdan nəticə çıxararaq yazır ki, Nigar Rəfibəyli Stalinin otağının yanında işləyirmiş, yazır ki, Beriyanın təşkilatına yaxın imiş (Mirələmov yaxşı xatırladır ki, Beriya o vaxt Gürcüstanda Partiya işində çalışırdı) yazır ki, M.C.Bağırov belə, Nigar Rəfibəylidən çəkinirmiş. Görünür, “çəkinə-çəkinə” Moskvaya onun işdən çıxarılması haqqında məktub yazıb və Moskva da onun bu tələbinə dərhal əməl edib. Şamo Arifin mülahizələrində məntiq axtarmayın, bu hikkədən, hiddətdən, həsəddən beyni dumanlanmış bir insanın sayaqlamalarından başqa bir şey deyil.
Bu cəfəngiyyatda yer alan bir iddia da odur ki, Rəsul Rzanı Nigar Rəfibəyliyə görə tutmayıblar.
Qəribədir, NKVD müavini Xoren Qriqoryan Nigar Rəfibəylinin və anasının Sovet quruluşunun düşmənləri kimi sürgün edilməsi haqqında M.C.Bağırova raport verir (bu sənəd də Anarın kitabında var).
Amma Nigar Rəfibəyli Rəsul Rzanı həbsdən saxlayır? Vallah, lap ağlı çaşmış adam da belə səfsəfələri uydura bilməz.
Nigar xanım yeddi yaşındaykən atası güllələnmişdi, yetimliklə oxuyub, işləyib, namusla çörəyini qazanmışdı, hər an repressiya təhlükəsi altında yaşamışdı, amma hər zaman ləyaqətini qoruyub saxlamışdı. Bütün vicdanlı Azərbaycan türklərinin Analıq, Qadınlıq rəmzi kimi hörmət bəslədikləri Nigar xanım haqqında Şamo Arif yenə də əvvəllər etdiyi qələti edir (Şamo Arifin Mirələmov haqqında işlətdiyi “qələt etmək” ifadəsini özünə qaytarırıq), Napoleonun sözlərindən neçənci dəfə istifadə edərək ən çirkin ifadələrə əl atır.
Bu rəzaləti qələminə rəva bilən adama şərəfsiz demək azdır, bu, çox yumşaq ifadədir. Beləsinin daha dəqiq adı mətbuat səhifələrinə çıxarılmayacaq sözdür.
Ritorik suala absurd cavab
Nigar Rəfibəyli haqqında iftiralarından sonra Şamo Arif sağlığında şıdırğı təriflər yağdırdığı Rəsul Rzanı hədəfə alır: Yazır: “Anar kitabının 444-cü səhifəsində Əsildar Hüseynovun ”Kəşfiyyat generalı ilə müsahibə” kitabından misal gətirərək yazır: DTK əməliyyat işçilərinin və rəhbərliyinin Azərbaycan KP MK tərəfindən dəstəklənən inadı bu görkəmli insanı (Rəsul Rza nəzərdə tutulur) həqiqi Azərbaycan vətənpərvərlərini elə öz kolleqalarının təqiblərindən xilas etdi”.
Şamo Arifi bu yerdə fikir alır. Yazır: “Əgər, həqiqətən Azərbaycanın vətənpərvər kişiləri o güc-qüvvəyə malik olsaydılar, niyə Hüseyn Cavidi, Mikayıl Müşfiqi, Əhməd Cavadı və digər görkəmli simaları qoruyub saxlaya bilmədilər?”.
Öz ritorik sualına Şamo Arif absurd bir cavab tapır: “Ona görə ki, bu şəxsiyyətlərin arxasında Rəsul Rzanın arxasında dəyanətlə dayanan Nigar Rəfibəyli kimi qüdrətli bir insan dayanmırdı”.
Nigar Rəfibəylinin dəyanəti heç kəsdə şübhə doğurmur, amma onun bütün Sovet sistemindən, onun təhlükəsizlik və partiya orqanlarından daha güclü olması, yalnız psixi cəhətdən problemləri olan adamın ağlına gələ bilər. Ali Sovetdə adicə tərcüməçi işi Şamo Arifin bərəlmiş gözlərində nəhəng, böyük imkanları olan vəzifəyə çevrilir.
Niyə Süleyman Rəhimovu güllələmədilər?
Yəni, Şamo Arif doğrudanmı hamını axmaq və savadsız sayır? Saymasaydı belə cığallığa yol verməzdi axı? Guya bilmir ki, Əsildar Hüseynovun kitabında söhbət otuzuncu yox, altmışıncı-yetmişinci illərdən gedir, o vaxtlardan ki, daha 37-ci ilin danosları əvvəlki gücə malik deyildi. DTK orqanlarının başında duranlar da Xoren Qriqoryanlar deyildi və Mərkəzi Komitədə Rəsul Rzanı kolleqalarının (məhz kolleqalarının, yəni həmkarlarının, şair və yazıçıların) təqiblərindən qoruyan da Heydər Əliyev idi. Odur ki, Rəsul Rzanın bu dövrdəki taleyini otuzuncu illərin represiyyaları ilə eyniləşdirmək və Nigar Rəfibəylinin fantastik gücü haqqında əfsanələr uydurmaq şulerlikdən (kartbasanlıqdan) başqa bir şey deyil.
Bu əfsanə və nağılların yerinə başqa bir cavabsız sual daha maraqlıdır: Necə oldu ki, otuzuncu illərdə tutulan bütün yazıçılar güllələndi, ya sürgünlərdə çürüdüldü, bircə Süleyman Rəhimov həbs ediləndən beş ay sonra azadlığa çıxdı, yüksək vəzifələrə təyin olundu. Bax, məhz bu müəmmalı məsələ daima Şamo Arifi müdafiə yox, başqalarına hücum mövqeyinə sövq edir. Amma nahaq yerə. Başqalarına böhtan atmasa, yalandan gerçəkdən ailəsini müdafiə etməsinə də ehtiyac qalmaz.
Əlbəttə, Şamo Arifin əsas hədəfi Rəsul Rza deyil, Nigar Rəfibəyli də. Onun başının dərdi Anardır. Öz aləmində Anarı hörmətdən salmaq üçün dəridən qabıqdan çıxır, eyni yalanları, eyni iftiraları, eyni sözləri və ifadələri ildən ilə, yazıdan yazıya, qəzetdən qəzetə təkrar edir. (Yəqin təzələrini uydurmağa fantaziyası çatmır).
“Azadlıq” qəzetinin iki nömrəsində Anar haqqında yazdıqlarının hamısı yalandır. Anarın anası haqqındakı mətni iblisanə şəkildə tərs yozması, Anarın guya Süleyman Rəhimova pis münasibət bəsləməsi, guya ki, Rusiyanın adamı olması və aranı qarışdırması haqqında paranoik fikirləri, Anarla guya ki, ötkəm davranması haqqında ağ yalanları artıq yetərincə ifşa olunub. Dəfələrlə ifşa olunmuş yalanlarını indi də “Azadlıq” qəzetinin 9 iyul tarixli nömrəsində “Anar ermənilər qarşısında susub” adlı yazısında bol-bol səpələyib.
Əhsən belə qeyrətə, əhsən belə şərəfə!
Belə görünür ki, Şamo Arif Anarın kitablarını, bütün yazılarını bitdə-bitdə oxuyur. Qoy onda yenicə çapdan çıxmış “Əsrin əsiri” kitabıyla da tanış olsun. Bu kitabda Anarın ermənilərə qarşı Bakıda çayxanalarda deyil, Moskvada, Ali Sovetin iclaslarında və SSRI Xalq deputatları qurultaylarında, Mərkəzi televiziyada və Moskva qəzetlərində, ABŞ-da, Fransada, Isveçrədə, Türkiyədə keçirilən müxtəlif mötəbər forumlarda çıxışları, Qorbaçova etiraz məktubları toplanıb. Qara yanvar günlərindən sonra Anarın SSRI Ali Sovetinin iclasında bir gündə dörd dəfə ifşaedici çıxışlarının lent yazıları da durur və TV-yə nümayiş etdirilib. Bakıda olduğu zamanlar dəfələrlə izdihamlı mitinqlərdə çıxışlar edib. Qara yanvar gecəsinin səhəri günü Prezident Aparatı qarşısındakı mitinqdə çıxış edib, Elmlər Akademiyasında yığıncağa sədrlik edib, SSRI deputatlarına və respublikaların Yazıçılar təşkilatlarına məktubun mətnin yazıb, göndərib, elə həmin gecə Azərbaycan Ali Sovetinin fövqəladə vəziyyət şəraitində keçirilən sessiyasında dəfələrlə çıxışlar edib, bəzi başqa deputatlarla bir yerdə bəyanatların, dünya ictimaiyyətinə müraciətlərin mətnlərini hazırlayıb. Türkiyəyə də Şamo Arifin yalandan yazdığı kimi o ağır günlərdə deyil, üç il sonra, 1993-cü ildə gedib və yenə də həmin ilin ən təhlükəli ayında – iyunda Vətənə qayıdıb. Anar Moskvada düşmənlərimizlə üzbəüz qalıb öz-özünü onların üzlərinə şax dediyi günlərdə Şamo Arifin öz etirafına görə ən böyük hünəri qızlarıyla birlikdə küçələrə gəzintiyə çıxması olub. Şamo Arifin fikrincə şərəf, qeyrət elə budur! Əhsən belə qeyrətə, əhsən belə şərəfə!
Anar heç vaxt elə söz deməyib
Başqa bir yalanını da dönə-dönə təkrar etməkdən yorulmur: “Anar deyir ki, Qorbaçov məni tanıdı, mənə elə bu bəsdir”.
Anar heç bir vaxt, heç bir yerdə daha çox Şamo Arifə yaraşan belə sözləri deməyib və deməz. Bir dəfə Anarın əvvəlcədən yazılmadığı çıxışına Qorbaçov imkan verməyib, səhərisi günü də ondan üzr istəyib. Anar yalnız bunu, – yəni Qorbaçovun ondan üzr istəməsini deyib. Qorbaçovla üzbəsurət görüşdə isə Prezidentin: “Sizin xalqınız məni cəllad, Çauşesku adlandırır” sözlərinə Anar: “Bunu ərlərini, oğullarını, qardaşlarını öldürdüyünüz analar, arvadlar, bacılar deyir” – cavabını verib. Bu faktlar da Anarın “Şəhidlər dağı” kitabında öz əksini tapıb. Bu kitabı da alıb oxuyun, Şamo Arif, onda bilərsiz ki, cəsarət də, qeyrət də budur, danosbazlıq, iftira, hamıya çirkab atmaq yox, böyüdüyün, yetişdiyin mühitdə eşitdiyin qeybətləri, şayiələri, bazar söhbətlərini mətbuata çıxarmaq yox.
Şamo Arifin bütün yalanlarını bir-bir ifşa etmək çox vaxt aparar və çox yer tutardı. Zənnimcə, elə bu ifşa olunmuş yalanları da onun kim olduğunu, nə yuvanın quşu olduğunu hamıya bəlli edəcək.
Amma bu mövzuya nöqtə qoymazdan əvvəl bir məsələnin üstündə də dayanmaq istəyirəm. Qəribədir ki, bu qalmaqalla bağlı fikir bildirənlər, ya suallara cavab verənlər bəzən hər iki tərəfi günahlandırırlar. Elə Əkrəm Əylisli də müdrik ağsaqqal roluna girərək Anarı da, Şamo Arifi də eyni dərəcədə məzəmmət eləyir. Guya ki, Rəsul Rzanın ölümündən sonra ona ilk böhtan atanlardan biri elə Əkrəm özu deyildi. Elə Şamo Ariflər də, onun bəzi tayları da bu məsələdə Əkrəmin davamçıları deyilmi?
Suçluyla suçsuzu, böhtan atanla böhtana məruz qalanı, iftiralarla konkret faktları, yalanlarla həqiqətləri bir ölçüdə dəyərləndirmək elə böhtanın, yalanın, iftiranın tərəfini saxlamaq deməkdir.
Palto əhvalatına gəldikdə isə, belə bir lətifə yada düşür: Kimsə bir nəfəri xatırlayarkən: – Onun başına paltoyla bağlı bir hadisə gəlmişdi- deyir. Ya onun paltosunu oğurlamışdılar, ya o kiminsə paltosunu oğurlamışdı.
Palto oğurlayanlarla paltosu oğurlananları bir cərgəyə qoymaq olmaz.
HƏMÇİNİN OXU
“Fikrət Qoca təpədən-dırnağacan saxtadır”
Mehriban Vəzir Fikrət Qocaya sərt cavab verdi
Xaliq Bahadır: “Anardan… anasınadək”
Şamo Arif Xaliq Bahadıra cavab verdi
Anar Şamo Arifin debat çağırışını rədd etdi
“Anar ermənilər qarşısında susub…”
Şamo Arif Anara qarşı arxiv sənədləri çıxardı


