“Cəzaçəkmə müəssisələrində despotizm hökm sürür”

İctimai Palata həbsxanalardakı vəziyyəti müzakirəyə çıxardı

Eynulla Fətullayev: «Məhz həbsxanada olanda bir insanın dərisinin diri-diri necə soyulduğunu gördüm»

Dünən Ictimai Palata cəzaçəkmə müəssisələrindəki vəziyyətlə bağlı ictimai dinləmə təşkil edib. Ictimai Palatanın Koordinasiya Şurasının üzvü Vidadi Mirkamal bu sahədəki real durum barədə danışıb. Hüquqşünas bildirib ki, Azərbaycan Avroatlantik məkana inteqrasiya kursu seçdiyini bəyan etsə də, qəbul olunan qanunların böyük əksəriyyəti imitasiya xarakteri daşıyır. V.Mirkamal bu fikrini əsaslandırmaq məqsədilə konkret faktlar da göstərdi:

“Azərbaycandakı qanunlar imitasiya xarakteri daşıyır”

– Bakı Şəhər Icra Hakimiyyətinə aksiyanın keçirilməsi ilə bağlı dəfələrlə edilən müraciətlərin hamısına mənfi cavab verilir. Vətəndaşlarımız Konstitusiyada nəzərdə tutulan hüquqlarından istifadə edərək aksiyaya çıxanda polis zorakılığıyla üzləşir, həbsxanaya salınırlar. Həbsxanadakı durumdan isə hamımızın xəbəri var. Avroatlantik məkana inteqrasiya etdiyini iddia edən hakimiyyət unutmasın ki, Avropa dəyərləri həm də həbsxanalarla bağlı müəyyən qaydalara riayət etməkdir. Həbsxanalar insanları əzmək üçün tikilmir, qanunları pozan şəxsləri bir müddət cəmiyyətdən təcrid etməyə hesablanır.

“Cəzaçəkmə müəssisələrində vəziyyət acınacaqlıdır”


Bir müddət əvvəl azadlığa buraxılmış jurnalist Eynulla Fətullayev mövzu ətrafında çıxışına başlamazdan əvvəl həm belə bir tədbirin təşkilinə, həm də həbsdə olduğu müddətdə ona göstərdikləri dəstəyə görə AXCP sədri Əli Kərimliyə və Müsavat başqanı Isa Qəmbərə təşəkkürünü bildirdi. Həbsxanalardakı vəziyyətin acınacaqlı olduğunu deyən Eynulla Fətullayev xüsusən, siyasi məhbuslar üçün həbsxanada yaşamağın çox çətin olduğunu vurğuladı:
– Həbsxanalardakı vəziyyət Azərbaycan üçün çox aktual, eyni zamanda ağrılı mövzudur. Belə bir tədbirin təşkilinə görə Ictimai Palataya minnətdarlığımı bildirirəm. Keçmiş vicdan məhbusu kimi, AXCP-yə, Müsavat Partiyasına dərin təşəkkürümü bildirirəm ki, həbsdə olan zaman daim mənim durumuma diqqət yetirmisiniz. Həbsdə olan bir insan üçün bu,     çox önəmlidir. Həbsxanada, ümumiyyətlə, həyat dayanır. Orada fərqli zaman və məkan kateqoriyaları mövcuddur. Amma hazırda siyasi fəaliyyətlə məşğul olan və həbsxana həyatından keçən xeyli insan var. Və mən yəqin ki, deyəcəklərimlə bağlı sizləri təəccübləndirməyəcəm.

“Hələ də o auradan çıxa bilmirəm…”

Həbsxanada insan kiçik bir otaq çərçivəsində yaşayır. Bütün dünyadan təcrid olunursan. Mən iki il dörd ay ərzində qapalı vəziyyətdə, demək olar ki, tənhalıqda qalmışam. Çünki siyasi məhbuslar üçün həbsxanada yaşamaq çox çətin və mürəkkəbdir. Təmas dairəsini qura bilmirsən, ümumi dəyərlər, birləşdirən mövzular yox… Ona görə də insanın təmas yeri mətbuat və kitablar olur. Insanın dövlətdən ümidi qırılıb, ədalətli məhkəmə yox, ona görə yeganə ümid ictimaiyyət,  həmfikirlərin, ideyadaşların olur. Qəzeti açıb ictimaiyyət nümayəndələrinin dəstəyini hiss edəndə insan daha güclü olur. Mən həbsxanada möhkəm oldum. Amma bu möhkəmlik ilk növbədə ictimaiyyət nümayəndələrinin dəstəyi nəticəsində oldu. Əgər bu dəstək olmasaydı, mən özümü güclü hiss edə bilməzdim. Ona görə də mən bu məsələyə çox həssas yanaşıram. Bu gün məni narahat edən ən əsas məsələlərdən biri həbsxanalarda hələ də vicdan məhbuslarının qalmasıdır. Çünki mən bu həyatı yaşamışam və hələ də bu auradan çıxa bilmirəm. Ümidvaram ki, Ictimai Palata həbsdə olan siyasi məhbusların azad olunması üçün əlindən gələni əsirgəməyəcək. Mən də bu işdə sizə yardımçı olmağa hazıram. Elə həbsdən çıxdıqdan sonra bu problemin çözülməsi istiqamətində səylər göstərmişəm. Avropa Şurası və digər beynəlxalq təşkilatlarla iş birliyimdə bunu xatırlatmışam.

“Həbsxanalar cəmiyyətdən gizlədilir”

Həbsxanalarda vəziyyət olduqca kritikdir. Orada bir despotizm hökm sürür və keçmişdən fərqli olaraq, həbsxanalar tam nəzarətsiz şəraitdədir. Ona görə də bu məsələ siyasi gündəmi zəbt etməlidir. Bu gün Azərbaycanın siyasi həyatında olduqca gərgin mübarizə gedir. Hər gün insanlar həbsxanaya düşür. Onlar bizim silahdaşlarımızdır. Hər birimiz sabah  bu despotik rejimin qurbanına çevrilə bilərik. Ona görə də düşünürəm ki, cəzaçəkmə müəssisələri  üzərində effektiv, ədalətli monitorinqi bərpa etmək lazımdır.
Altı-yeddi il öncə həbsxanalarda vəziyyət daha pis olsa da, bu müəssisələrə hüquq müdafiəçilərinin girişi sərbəst idi. Bu gün bu şərait mümkün deyil. Bu gün həbsxanalar cəmiyyətdən gizlədilir. Bu isə o deməkdir ki, daim risk altında olan siyasi məhbusun taleyi tamamilə sual altındadır. Ona görə də istər yerli, istərsə də beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə cəlb etmək lazımdır.
Iki il bundan öncə Kürdəxanıda yerləşən Bakı Istintaq Təcridxanası istifadəyə verildi. Bu müəssisə keçmiş Bayıl həbsxanasını əvəz etməli idi. Bu həbsxana istifadəyə veriləndən bir-iki ay sonra mənə qarşı irəli sürülən yeni ittihamla əlaqədar ora göndərildim. Bakı Istintaq Təcridxanasında bir il 23 saylı kamerada saxlanıldım. Yeri gəlmişkən, hazırda Arif Hacılı həmin kamerada saxlanılır. Mən bu həbsxana ilə tanış olandan sonra əmin oldum ki, bu, mağarada aparılan avro təmirdir. Çünki mahiyyət etibarilə bu, əvvəlki həbsxana idi. Həbsxana daxilində həm ənənəvi, həm də qeyri-ənənəvi qaydalar qalır. Əksinə, vəziyyət daha da pisləşib.

“Cəzaçəkmə müəssisələrində narkotik maddələr leqal şəkildə satılır”

Bildiyiniz kimi, sovetlərdən qalma bir sistem mövcuddur. O, məhkumları idarə etmək üçün icad olunub. Əvvəllər sovetlər həbsxanasında “oğru vəziyyəti” deyilən sistem fəaliyyət göstərirdi. Bu sistem əvvəl SSRI Daxili Işlər Nazirliyi tərəfindən yaradılmış, daha sonra hüquq-mühafizə orqanları onu inkişaf etdirmişdi. Əslində, bu sistemin mahiyyəti nədən ibarətdir? Məhkumların içərisindən guya ki, nüfuzlu bir şəxs ya “oğru”, ya “lider” vəzifəsinə təyin olunur və ona geniş səlahiyyətlər verilir. Həmin şəxs öz kamerasından çıxıb, istənilən kameraya daxil ola bilər. Bu, isə tamamilə qanunsuzdur. Bu həm yerli qanunvericiliyə, həm də Avropa Penitensiar qaydalarına cavab vermir. Həmin şəxsin ətrafında 20-30 nəfərdən ibarət qoçu dəstəsi formalaşdırılır. Burada hüquq-mühafizə orqanları ilə həmin cinayətkar ünsürlərin maraqları birləşir. Bu maraqlar nədən ibarətdir? Həmin həbsxananın rəisi məhbusdan birbaşa rüşvət ala bilmir. Rüşvət həmin cinayətkar ünsürlər vasitəsilə əldə edilir. Bundan başqa, müxtəlif cür narkotik maddələr cəzaçəkmə müəssisələrində leqal şəkildə satılır.

“Təcridxanada kriminal ünsürlərin hakimiyyəti hökm sürür”

Ən dəhşətlisi odur ki, son zamanlar həmin “obşaq”lardan siyasi məhbuslara qarşı cəza mexanizmi kimi istifadə olunur. Həbsxanada olarkən mənə qarşı irəli sürülən təzyiq mexanizmlərindən biri məhz bu idi. Görünür, hələ də sovet təfəkküründən kənara çıxmamışıq. Ona görə də həbsxanalarda “oğru”lar sanki çarlardır. Onların ağzından çıxan istənilən söz yerinə yetirilir. Bakı Istintaq Təcridxanasında kriminal ünsürlərin hakimiyyəti hökm sürür. Mən Ədliyyə Nazirliyində bəzi mənbələrdən maraqlanmağa çalışdım ki, bu “obşaq”ların saxlanılması rüşvət və narkotik satışından savayı daha nəyə lazımdır? Bunu belə izah etdilər ki, “obşaq” yalnız qapalı tipli həbsxanalarda saxlanılır. Çünki ayrı cür bu həbsxanalara nəzarət etmək mümkün olmayacaq. “Obşaq” hazırda iki təcridxanada – Bakı Istintaq Təcridxanasında və Qobustan həbsxanasında saxlanmaqdadır. Postsovet məkanında bu “obşaq”lar yalnız Azərbaycanda saxlanılıb. Gürcüstanda bu sistem tam yox edilib. Gürcü cinayətkarlarından soruşanda niyə Gürcüstana ekstradisiya olunmaq istəmirsiniz, deyirlər ki, biz Gürcüstanda qanunlara tabe olmaq məcburiyyətində qalacağıq, burada isə yaşamaq bizə çox asandır. Bütün bunlardan o nəticə çıxır ki, Ədliyyə Nazirliyinin rəsmiləri öz peşə fəaliyyətlərini icra edə bilmirlər.

“Cəzaçəkmə müəssisələrində ən ciddi problem işgəncədir”

Bakı Istintaq Təcridxanası ilə bağlı qeyd etmək istədiyim başqa bir məqam korrupsiyadır. Orada istənilən kameraya mobil telefon daxil ola bilər. Mən dəfələrlə bunun şahidi olmuşam. Bir çox kameralarda mobil telefon var. Onun qiyməti 500 manatdır. Bu telefonu bir dəfə aldıqdan sonra hər ay ona görə pul ödəmək lazımdır.
Ən ağrılı məsələ yeməkdir. Ədliyyə Nazirliyinin nəzdində Ictimai Komitə fəaliyyət göstərir. Heç olmasa, gəlin, o yeməkdən hərdən dadın. Görün ki, məhbus o yeməklə yaşaya bilərmi? Mən anlayıram ki, ora restoran deyil. Amma yeməyin keyfiyyəti heç olmasa, minimal normalara cavab versə, ən azı məhkum həmin istintaq təcridxanasında yaşaya bilər. Amma elə bir vəziyyətdir ki, məhkum məcburdur ailə üzvlərindən xahiş etsin ki, ona yemək gətirsinlər.
Daha ciddi bir problem işgəncədir. Bakı Istintaq Təcridxanasında Qobustandan fərqli olaraq, normal “karser”lər var. Yeri taxtadandır, qızdırıcı sistem var. Amma Cəzaların Icrası Məcəlləsinə görə, müqavimət göstərdiyi halda istənilən məhkumu, zərbənin sayı göstərilməklə vurmaq olar. Amma məhkumu “karser”ə salırlar, onu təpiklə döyürlər, daha sonra isə rəsmiləşdirirlər ki, “məhkum müqavimət göstərdiyinə görə rəisin göstərişilə ona üç dubinka vurulub”.

1000 məhkuma 23 ayaqyolu, 9 “duş”

Bizim bütün həbsxanalarımız sovet dövründə tikilib. Böyük Britaniyadan olan QHT-nin hesablamalarına görə, yalnız postsovet və Afrika ölkələrində əski sovet QULAQ (barak) sistemi – birgə yaşayış sahələri mövcuddur. Kiçik bir otaqda 100-150 məhkum bir yerdə saxlanılır. Bu, insan haqlarının pozulması deməkdir. Məsələn, 12 saylı cəzaçəkmə müəssisəsinə düşəndən sonra üç ay yata bilməmişəm. Pis iydən yatmaq mümkün deyildi. Bu barakın döşəməsi betondandır, daxili ventilyasiya yoxdur, baraklar arasındakı rabitə asandır və bu da təhlükəsizliyi sıfra endirir. Halbuki, bütün məhkumlar təcrid olunmalı və ayrıca saxlanılmalıdır, onların digər məhkumlarla ünsiyyəti məhdudlaşdırılmalıdır. Digər tərəfdən, Avropa Xartiyasına görə, məhkumlar arasında təsnifat aparılmalıdır. Amma bizdəki sistem hələ sovet sistemidir.
Bizim cəzaçəkmə müəssisələrində sanitar-gigiyenik vəziyyət acınacaqlıdır. Təsəvvür edin, 12 saylı həbsxanada səhər oyanırdım və ayaqyolu tapa bilmirdim. 1000 məhkum üçün 23 ayaqyolu nəzərdə tutulub. “Vurulmuş” məhkumlar bu məkanı gündə bir dəfə təmizləyirlər. Amma bu guşədə daim növbə olur. Eyni zamanda, hamam məsələsi… Həmin 1000 məhkuma doqquz “duş” nəzərdə tutulub. Məhkum sabunlanıb növbəyə dayanır… Növbə çatanda isə sabundan əsər-əlamət qalmır.
Bəzən isti su vermirdilər.

“Eldar Zeynalov və Çingiz Qənizadə rəislə ”razılaşdı”

“Karser”lər də başqa mövzunun söhbətidir. Beton zirzəmiləri xatırladan bu məkanlarda çarpayı olmur. Insanın bütün paltarları əlindən alınır. Bununla əlaqədar beynəlxalq təşkilatlara müraciət etmişəm. Bu, insan şəxsiyyətinin alçaldılmasıdır. Insanın geyimi əlindən alınır və ona ləyaqətini alçaldan, bəlkə də bir il ərzində yuyulmayan, üfunətli geyim verilir. Məqsədyönlü şəkildə fərqli ayaqqabılar verilir. Biri məsələn, 39 ölçüdə, digəri 45. Mən bir neçə dəfə bu şəraitdə qalmışam. Amma daim hərəkət etmişəm, yatmamışam. Çünki həmin soyuq otaqda yatmaq ciddi xəstəlik tapmaq deməkdir. Mən o zaman Ictimai Komitəyə müraciət etdim. Eldar Zeynalov və Çingiz Qənizadə gəldilər. Baş verənlər barədə onlara məlumat verdim. Amma onlar rəisin otağından “razılaşdırılmış” şəkildə çıxdılar və daha bu məsələyə qayıtmadılar. Ən azı, onlar həbsxanadakı şəraiti dilə gətirə bilərdilər. Əli Insanovun bacısı oğlu həbsxanaya gələndə onu əli qandallı “karser”də saxlayırdılar. Yalnız çörək yeyəndə qandalı açırdılar.

Elçin Behbudovun Ictimai Komitədən uzaqlaşdırılmasının səbəbi

Mən məhz həbsxanada olanda bir insanın dərisinin diri-diri necə soyulduğunu gördüm. 2009-cu ildə 12 saylı həbsxanada məhbusların qiyamı olanda 200 məhbusa gözümüzün qarşısında açıq-aşkar işgəncə verdilər. Onları həbsxananın beton yerində dəriləri soyulana qədər sürüdülər. Mən bu barədə Elçin Behbudova demişdim. Elçin Behbudov məsələni ictimailəşdirdikdən sonra onu bir daha Ictimai Komitəyə seçmədilər.
“Azadlıq”, “Yeni Müsavat”, “Bizim Yol” qəzetlərini oxumaq qadağan idi. Nə qədər desəm də ki, bunlar leqal nəşrlərdir, Azərbaycan Nəşriyyatında çap olunur – məhəl qoyulmurdu. Bu qəzetləri mən yalnız təcrid olunmuş şəraitdə oxuya bilirdim. Bəzən mən həmin otaqda unudulurdum və sonra qışqırırdım ki, gəlin məni azad edin.

Məhbusu səhər 6-dan axşam 5-ə qədər ayaq üstdə saxlayırlar

Korrupsiyaya qarşı qısamüddətli mübarizə kampaniyası həbsxanalardan da yan keçmədi. Burada korrupsiyanın səviyyəsini aşağı endirdilər. Halbuki, ondan əvvəl, hətta siyasi məhbuslardan da rüşvət alırdılar. Rüşvəti çox sadə şeylərə görə alırdılar. Məsələn, hər bir məhbus səhər saat 6-dan 17-dək ayaq üstə olmalıdır, uzanmağa belə, imkan verilmirdi. Səhər vaxtında durmamağa görə “karser”ə salına bilərdi. Beş-on dəqiqə gec durmağa görə iki manat verirdik ki, bu pozuntuya göz yumulsun. Bu baxımdan həmin qısamüddətli kampaniya zamanı rüşvətin yığışdırılmasına bir qədər təəssüfləndik. Çünki cəza aparatını müəyyən dərəcədə yumşaltmağa imkan verirdi.

İctimai Komitə müstəqil və ləyaqətli insanlardan ibarət olmalıdır!

Çıxışının sonunda isə Eynulla Fətullayev konkret təkliflərlə çıxış etdi. Jurnalist bildirdi ki, ilk növbədə Ədliyyə Nazirliyi yanında Ictimai Komitənin tərkibi müstəqil hüquq müdafiəçilərindən ibarət olmalıdır ki, onlar cəzaçəkmə müəssisələrində baş verənləri dilə gətirə bilsinlər. O, müstəqil, ləyaqətli şəxslər kimi, bir neçə hüquq müdafiəçisi və vəkilin adını da çəkdi: Leyla Yunus, Intiqam Əliyev, Ənnağı Hacıbəyli, Vüqar Qocayev, Fuad Həsənov, Mətləb Mütəllimli və s. Fətullayev bu məsələnin Avropa Birliyi, Avropa Şurası kimi qurumlar qarşısında qaldırılmasını təklif etdi.
“Bu təşəbbüslə dövlət başçısı qarşısında da çıxış etmək lazımdır. Bu, hakimiyyət üçün o qədər də prinsipial məsələ deyil və iqtidar geri çəkilə bilər”, – deyə Eynulla Fətullayev əlavə etdi.

İlham Əliyev həbsxanalardakı qanunsuzluqlara nəzər yetirsin!

Cəzaçəkmə müəssisələrində vəziyyətin yaxşılaşdırılması üçün Sülh və Demokratiya Institutunun rəhbəri Leyla Yunusun da konkret təklifləri oldu. Cəsarətli, öz sözünü deyə bilən şəxslərin Ictimai Komitədə təmsil olunmasına hakimiyyətin asanlıqla razılıq verməyəcəyini deyən hüquq müdafiəçisinin fikrincə, qanunu pozan müəssisə rəhbərlərinin adları ictimailəşdirilməlidir:
– Azərbaycanda 20 min məhbus var. Biz bir jurnalist qrupu yaradaraq, həmin məhbusların üzləşdikləri problemləri ictimailəşdirə bilərik. Cəmiyyət bilməlidir ki, hansı cəzaçəkmə müəssisəsində neçə məhkum işgəncədən ölüb. Bu şəxslərin adlarının mətbuatda getməsi onları çəkindirəcək. Ən əsası, bütün bu informasiyalar fotoşəkillərlə verilməlidir.
Bundan başqa, biz belə bir şüarla çıxış edə bilərik ki, “Ilham Əliyev korrupsiyaya qarşı mübarizədə səmimidirsə, həbsxanalardakı korrupsiya faktlarına da nəzər yetirsin!”

“Həbsxanalardakı vəziyyət qabardılmalıdır”

Eynulla Fətullayevin söylədiklərini cəzaçəkmə müəssisələrində baş verənlər barədə xəbər tutmaq baxımından çox faydalı və önəmli sayan AXCP sədri Əli Kərimli həbsdə olan siyasi məhbuslarla bağlı vəziyyətə toxundu:
– Bu mövzunun qapalı qalmasının bir səbəbi də cəmiyyətdəki narahatlıqdır. Amma qətiyyən narahat olmağa dəyməz, siyasi məhbusları bu təzyiqlər qorxutmur. Çünki onlar nəyə getdiklərini yaxşı bilirlər. Burada söhbət siyasi məhbuslardan getmir. Hazırda on minlərlə Azərbaycan vətəndaşı həbsxana həyatı yaşayır. Ona görə də həbsxanalardakı vəziyyət qabardılmalıdır. O da vurğulanmalıdır ki, Azərbaycanda siyasi məhbusların həyatı digər məhbuslardan nisbətən yaxşı keçir. Bu tədbirdə iştirak edən xeyli adam var ki, onlar siyasi məhbus həyatını yaşayıblar. Onlar hələ də ləyaqətlə sıralarımızda mübarizəni davam etdirirlər.
Hakimiyyətdən göstəriş olmasa, həbsxanadakı cinayətkarların siyasi məhbuslarla işi yoxdur. Onlar da bizim vətəndaşlarımızdır. Ədaləti, düzgünlüyü hamı istəyir. Cinayətkar da istəyir ki, o, ədalətlə mühakimə olunsun. Ona görə də ədalət uğrunda vuruşan insanlara həbsxanalarda da hörmət var.
Digər tərəfdən, siyasi məhbuslar xaraktercə yetişmiş insanlardır. Onlar rejimlə barışmır, ona meydan oxuyurlar. Belə yetişmiş insan üçün məhrumiyyətlərə dözmək adi insandan daha asandır. Digər tərəfdən, siyasi məhbusları güclü edən onların arxasında dayanan vətəndaş cəmiyyətidir. Eynulla bəyə qarşı olan təzyiqlərin xüsusi sifarişlə baş verdiyi şübhəsizdir.
Siyasi məhbusların məhkəmələrində dostlarımızın mətinliyi göz qabağındadır. Onlar mühakimə olunmağa yox, mühakimə etməyə gəlirlər. Bizim siyasi məhbuslarımızı belə təzyiqlər sındıra bilməz. O yerdə ki, nəzarət yoxdur, qapalılıq var, orada eybəcərliklər baş alıb gedir.

Qapalı sahələrə işıq salınmalıdır!

Biz cəmiyyətə sahib çıxmalıyıq. Baxın, zabitlər şikayətlənirlər ki, onlar öz vəsaitləri hesabına kazarmanı təmir etdirirlər. Ilham Əliyev hər açıqlamasında orduya ayrılan pullardan danışır. Baxsın bu videogörüntüyə, bilsin ki, orduda bütün bunlar ictimai nəzarət olmadığına görə baş verir. Həbsxanadakı vəziyyətin də səbəbi ictimai nəzarətin olmamasıdır. Biz azadlıqdakı həyatımızdan narazıyıq və düşünürük ki, Azərbaycan böyük bir həbsxanadır, azadlıqlar məhduddur. Amma burada yenə də azsaylı mətbuat orqanlarının, hüquq müdafiəçilərinin bir basqısı var. Amma ordu və həbsxana qapalı sahələrdir. Ona görə də Ictimai Palata belə bir siyasət irəli sürüb ki, cəmiyyətin bütün sahələrindəki problemlərə toxunmaq lazımdır. Zabitlərin əmək haqlarını kazarma tikintisinə sərf edənlərin problemi bizim problemimizdir. Bunları həll etməyimiz üçün yolumuz dünyanın, mətbuatın diqqətini cəlb etməkdən keçir. Biz beynəlxalq təşkilatlarla sıx işləyib, bu sahələrə işıq salmağa çalışmalıyıq. Şəxsən özüm də bu işlə ciddi məşğul olacağam.
“Əliyev rejimi durduqca ölkədə korrupsiya da olacaq, həbsxanalarda özbaşınalıq da…”
Müsavat başqanı Isa Qəmbər də çıxış etdi. Onun sözlərinə görə, müzakirələrin gedişindən də göründü ki, belə bir mövzunun gündəmə gətirilməsi düzgün qərar idi. Səslənən təkliflərlə bağlı Ictimai Palatanın sonda ümumi bəyanatının qəbul ediləcəyini deyən Isa Qəmbər vurğuladı ki, bu tədbir siyasi məhbuslara bir dəstəkdir:
– Əliyev rejimi durduqca ölkədə korrupsiya da olacaq, həbsxanalarda özbaşınalıq da. Ötən müddət bütün sahələrdə olduğu kimi, həbsxanalarda da durum daha da pisləşib. Biz vəziyyəti dəyişmək üçün əlimizdən gələni etməliyik. Amma burada ölkə reallıqları da nəzərə alınmalıdır. Konkret iş bölgüsü aparılmalı və bu istiqamətdə fəaliyyət göstərilməlidir. Heç şübhəsiz, nüfuzlu beynəlxalq təşkilatların – ATƏT-in, Avropa Birliyinin, yerli ictimaiyyətin diqqəti də baş verənlərə cəlb olunmalıdır.

Xəyal