Cəmiyyət AXCP-yə arxa durdu

Ölkə ictimaiyyəti partiyanın ildönümü tədbirinə yaradılan əngələ sərt təpki verdi

 

AXCP-nin 22 illiyi ilə bağlı tədbir ADP-nin akt zalında keçiriləcək. Bu barədə AXCP Rəyasət Heyəti iyulun 15-də qərar verib. Tədbir iyulun 16-da saat 11.00-da başlayacaq. Partiya hakimiyyətin 22 illiklə bağlı tədbirə mane olmaq cəhdini aşmaq üçün belə qərar verib. Məsələ burasındadır ki, AXCP 22 illiyini qeyd etmək üçün “Təbriz” kinoteatrını seçmişdi və bu məqsədlə Bakı şəhər Icra Hakimiyyəti, kinoteatrın rəhbərliyi və onun yerləşdiyi Nizami rayon Icra Hakimiyyəti ilə danışıqlar apararaq razılıq əldə etmişdi. Lakin son anda, partiya nümayəndələri razılığa uyğun olaraq icarə haqqını ödəmək üçün müraciət edəndə “Təbriz” kinoteatrının rəhbərliyi tədbirin keçirilməsinə yer verməkdən imtina etdiyini bildirib.
Ölkənin tanınmış şəxsləri hakimiyyətin bu addımını necə dəyərləndirir?

“Həqiqi tarixi saxtakarlar poza bilməz”


Müsavat partiyasının başqanı Isa Qəmbər Azərbaycan tarixində önəmli rol oynamış bir təşkilatın il dönümündə iştirak etməyin hər bir azərbaycanlı üçün şərəf olduğunu qeyd etdi: “22 il əvvəl qurduğumuz bir təşkilatın bayramında iştirak edəcəyik. Hakimiyyətin davranışı görməmişlik, gözü götürməmək, paxıllıqla bağlıdır. Özlərinin siyasi tarixlərində həqiqətən fəxr ediləsi, tarixə qızıl hərflərlə yazılası səhifələr yox dərəcəsindədir. Ona görə də xalqın siyasi tarixində, Azərbaycanın milli azadlıq tarixində belə bir günün qeyd olunmasından narahatdırlar. Əslində ”Təbriz” kinoteatrı da bu bayramı qeyd etmək üçün yetərli yer deyil. Bu bayram Azərbaycanın ən böyük zallarında qeyd olunacaq bayramlardan biridir. Hətta hakimiyyət “Təbriz”i də qıymır. Tədbirin, günün əhəmiyyətini unutdurmağa çalışır. Ancaq həqiqi tarixi saxtakarlar poza bilməz”.

“Hakimiyyət opponentləri ilə başqa cür davranışa hələ hazır deyil”


Politoloq Zəfər Quliyev hakimiyyətdən bunu gözlədiyini bildirdi: “Mən əvvəldən bu cür finalı gözləyirdim. Nəzərə alsaq ki, hakimiyyət müxalifətin bütün tədbirlərinə yox cavabı verir. Azərbaycan hakimiyyəti opponentləri ilə başqa cür davranışa hələ hazır deyil”.

“Hökumət ölkədə müxalif fikri tanımaq istəmir”


“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev hakimiyyətin bu addımını siyasi plüralizmə, sərbəst toplaşmaq azadlığına qarşı olan addım kimi qiymətləndirir: “Azərbaycan hakimiyyəti bu ölkədə müxalif fikir, müxalif təşkilat, müxalifəti tanımaq istəmir. Bu onu göstərir ki, ölkədə avtoritar sistem var”.

“Günbəgün, aybaay siyasi mühit korlanır”


“Gündəlik Azərbaycan” və Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayev deyir ki, Avropa Konvensiyaya və Azərbaycan Konstitusiyasına görə, sərbəst toplaşmaq azadlığı təmin olunmalıdır: “Ölkədə sərbəst toplaşmaq azadlığına, insanların bir yerə toplaşmasına çox sərt və pis reaksiya verilir. Bu da ölkədə hazırkı siyasi atmosferlə bağlı olan vəziyyətdir. Müxalifətə qarşı, xüsusilə müxalifətin avanqardı rolunda çıxış edən AXCP-nin sərbəst toplaşmaq hüququnun məhdudlaşdırılması, bu hüququn qadağan olunması ürəkaçan deyil. Çox təəssüfləndim, çünki mən də bu tədbirə dəvət olunmuşdum. Ötən il ”Təbriz”də müxalifətin bir neçə tədbir keçirilməsinə icazə verilmişdi. Bu il əks elitanın tədbirinə niyə bu qədər qıcıq yarandı? Bu onu göstərir ki, günbəgün, aybaay siyasi mühit korlanır”.

“Bu, siyasi repressiyanın elementidir”


Jurnalist Şahvələd Çobanoğlu buna təəccüblənmədiyini söylədi: “Əvvəlcədən danışılmış bir yerin sonradan əngələ çevrilməsi Azərbaycan hakimiyyətinə xas addımlardan biridir. Bir neçə AXCP üzvü həbsdədir, nə qədər üzvləri həbsxana həyatı yaşayıb. Partiyanın qərargahı əlindən alınıb. Əslində partiyalar tədbirləri öz qərargahlarında keçirməlidirlər. Niyə partiyaların qərargahı yoxdur? Sual verərlər ki, bu necə ölkədir, onun partiyaları qərargah əldə edə bilmir. Partiyaların qərargahları olub, ancaq indi əllərindən alınıb. Bunu siyasi repressiyanın elementlərindən biri kimi qiymətləndirirəm”.

“22 il öncə toplaşmaq necə çətin idisə, indi də elədir”


Sülh və Demokratiya Institutunun direktoru Leyla Yunus Sovet dövrünə qayıtdığımızı deyir: “22 il əvvəl biz AXC-nin qurultayını keçirəndə Sovet hökuməti buna mane olmağa çalışdı. Qurultayı keçirmək üçün hökumətə müraciət etdik. Bildirdik ki, qurultayı Bilgəhdə Zərdüşt Əlizadənin bağında keçirəcəyik. Polislər ora tökülüşdü, ancaq biz başqa ünvanda qurultayı keçirdik. 22 il öncə toplaşmaq necə çətin idisə, indi də elədir. Bunu fikirləşmək və nəticə çıxarmaq lazımdır”.

“Iqtidar öz səviyyəsinə uyğun mübarizə aparır”


Ictimai Palatanın koordinasiya şurasının üzvü Vidadi Mirkamal hakimiyyətin bu addımına təəccüblənmədiyini bildirdi: “Hakimiyyətdən əslində kişiyana hərəkətlər gözlənilir. Ancaq indiki iqtidar küçə metodları ilə hərəkət edir, öz səviyyələrinə uyğun mübarizə aparırlar. Hakimiyyətdə təmsil olunanlar əksəriyyəti o vaxt fəxrlə ”mən cəbhəçiyəm” deyirdi. Demokratik hərəkatlər, demokratik təşkilatlar, demokratik respublika bu kimi adlar indiki hakimiyyətə yaddır. Hansı məfhumda demokratiya sözü varsa, onları qıcıqlandırır. Ona görə də bu hakimiyyətin indiki dövrdə belə bir addım atmasını gözlənilməz saymaq olmaz”.

Ramin DEKO