Bəşər Əsəd islahatlara «yox» dedi

Nikola Sarkozi Suriya diktatoruna qarşı sanksiyaların gücləndirilməsini tələb etdi

Suriyada gərginlik davam edir. “Əl-Cəzirə” televiziyasının xəbərinə görə, hökumət qüvvələri ölkənin şimal-qərbindəki Idlib bölgəsində xüsusi əməliyyatlara başlayıb. Son 24 saat ərzində müxalifət tərəfdarlarına qarşı aparılan əməliyyatlar nəticəsində 8 nəfər həlak olub. Suriya Insan Təşkilatı Əsəd rejiminə qarşı etirazlar başlandığı gündən bu yana 1600 insanın hökumət qüvvələri tərəfindən öldürüldüyünü açıqlayıb.
Əsəd rejiminin ölkə müxalifəti ilə apardığı danışıqların uğursuzluqla nəticələnməsindən sonra suriyalı incəsənət xadimləri və ziyalılar küçələrə axışaraq mitinq keçiriblər. “Şark ul Evsat” qəzetinin xəbərinə görə, onlar ölkənin paytaxtı Dəməşqdə keçirilən mitinqdə “Ya Allah, Suriya” şüarları səsləndirərək iqtdiar və müxalifəti dialoqa çağırıblar. Hökumət qüvvələrinin aksiyaya müdaxiləsi nəticəsində çoxlu sayda iştirakçı yaralanıb, ən azı 30 nəfər həsb olunub.
Bəşər Əsəd isə Ərəb Birliyinin baş katibi Nəbil əl Ərəbi ilə görüşüb. Suriya diktatoru Ərəbinin demokratik islahatlar təklifinə rədd cavabı verib. “Darül Həyat” qəzetinin yazdığına görə, Əsəd ilə görüşdən sonra açıqlama verən Nəbil Ərəbi Əsədi ölkədə demokratik islahatlara çağırdığını, ancaq diktatorun buna müsbət cavab vermədiyini söyləyib. Suriyada “kölgə hökumət” qurulacağını açıqlayan Heysəm Elham isə Türkiyəyə qaçıb. Yayılan məlumatlara görə, Elham səsləndirdiyi bəyanatlardan sonra Əsəd rejimi onu ölümlə təhdid edib. Müxalifət təmsilçisi də həyatını qurtarmaq məqsədiylə Türkiyəyə sığınıb. Onun Türkiyədə də Əsəd rejiminə qarşı aparılan mübarizəyə dəstək verəcəyi bildirilir.
Bu arada Fransa prezidenti Nikolya Sarkozi ölkədəki etiraz aksiyalarını zorakılıqla yatırmağa çalışan Suriya hakimiyyətinə qarşı daha sərt sanksiyalar tətbiq olunmasını tələb edib. “14 Iyul Milli Gün” tədbiriylə əlaqədar “France 2″ və ”TF1″ televiziyalarının suallarını cavablandıran Sarkozi Əsəd rejiminin davranışlarının qəbuledilməz olduğunu söyləyib: “Xalqına qarşı ən kobud zorakılıq üsullarını tətbiq edən Suriya rəhbərliyini hədəf alan sanksiyalarımızı sərtləşdirmək məcburiyyətindəyik”.

Elxan