30 milyonluq fırıldaqda “Namiq Xəlilov müəmması”

Rusiyada axtarışda olan adam Azərbaycan Maliyyə Nazirliyinin şöbə müdiri deyilsə, «Novaya qazeta» onu niyə belə təqdim edib?

“Azadlıq”ın dünənki sayında Maliyyə Nazirliyinin şöbə müdiri Namiq Xəlilovun Rusiyada axtarışda olduğu barədə məlumat verilmişdi. Xəbər Rusiyanın nüfuzlu mətbuat orqanı “Novaya qazeta”ya istinadən hazırlanmışdı. Məlumatda deyilirdi ki, narkotik ticarətə görə məsuliyyətə cəlb edilən və “Borski” həbsxanasında qətlə yetirilən Nijni Novqorod Federal Təhlükəsizlik Xidmətinin keçmiş rəisi Oleq Yefremov, əslində, maliyyə fırıldağına görə tutulubmuş. Daha sonra hər iki cinayət işi bir işdə birləşdirilərək istintaq davam etdirilib.
Xəbərdə deyilir ki, Namiq Xəlilov yaratdığı və Oleq Yefremovun himayə etdiyi “Eksklüziv Investment” adlı Qapalı Səhmdar Cəmiyyəti vasitəsilə yerli əhalinin təxminən 30 milyon manat pulunu mənimsəyib. Bu fırıldaqçılığa görə şirkətin baş direktoru yerli astroloq və münəccim Yuri Demidanov həbs edilsə də, Namiq Xəlilov məsuliyyətdən yayına bilib. “Novaya qazeta” yazıb ki, Namiq Xəlilov istintaq orqanının 5509 saylı qərarı ilə axtarışa verilib. Məlumatda  Namiq Xəlilovun hal-hazırda Azərbaycanın Maliyyə Nazirliyində Dövlət Sığorta Nəzarəti şöbəsinin müdiri olması vurğulanıb.
Lakin Maliyyə Nazirliyi bu xəbəri təkzib edib. Qurumun mətbuat xidmətindən xəbər portallarına bildirilib ki, nazirlikdə belə şəxs işləmir. Maliyyə Nazirliyi bu iddiasını, məlumatda Namiq Xəlilovun atasının adının Mustafa kimi göstərilməsi ilə əsaslandırır. Şöbə müdirinin atasının adı isə Cəlildir. Əlbəttə, belə vəziyyətdə məlum cinayətdə adı keçən Namiq Xəlilovun məhz Maliyyə Nazirliyində çalışan Namiq Xəlilov olduğunu birmənalı şəkildə iddia etmək bir qədər çətinləşir. Düşünmək olar ki, “Novaya qazeta” səhvə yol verib. Lakin bu halda ortaya sual çıxır: Bəs jurnalist Namiq Xəlilovun harada işlədiyini bu cür dəqiqliyi ilə hardan öyrənib? “Bunun üçün axtarış sistemlərinə Namiq Xəlilovun adını yazmaq kifayətdir” iddiası da keçərli deyil. Bu halda, Namiq Xəlilovun atasının adında səhvə yol verilməzdi. Ehtimal etmək olar ki, Namiq Xəlilov barədə məlumatlar cinayət işinin materiallarında məhz yazıldığı kimi gedib. Bu baxımdan da atasının adı qəzetdə Mustafa kimi göstərilib. Rusiyadakı mənbələr bu versiyanı istisna etmir. Yazı da istintaq materiallarının əsasında hazırlanıb.
Yeri gəlmişkən, məlumatda Namiq Xəlilovun hələ 1994-cü ildə “Bankın təşkilati strukturunun formalaşma proseslərinin idarə edilməsi” adlı dissertasiya yazdığı da qeyd edilib.
Hər bir halda, bu məsələyə Namiq Xəlilovun özü ilə aydınlıq gətirməyə çalışdıq. Lakin şöbə müdiri ilə əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı. Bununla belə, növbəti sayımızda Namiq Xəlilovun da mövqeyini öyrənməyə çalışacağıq.

İnformasiya şöbəsi