Azad İsazadə: «Rusiyanın Xəzərdə hərbi donanmasını gücləndirməsi hərbi-siyasi dildə Azərbaycana qarşı təzyiqdir»
Rusiya Xəzərdə hərbi qruplaşmasını durmadan artırır. Bir sıra xarici mətbu orqanları məhz Xəzərin enerji resurslarının Rusiyanı dənizdə hərbi qarşıdurma yaratmağa sövq etdiyini yazır. Bu baxımdan Rusiyanın Xəzərdə öz hərbi donanmasını durmadan artırması onun təhlükəli planlarından xəbər verir. Ümumiyyətlə, son zamanlar Xəzəryanı dövlətlərdən istər Türkmənistan, istərsə də Iran donanmalarının hərbi potensialını artırmaqda davam edir.
Yeri gəlmişkən, ABŞ dövlət katibinin hərbi-siyasi məsələlər üzrə müavini Endrü Şapiro Bakıda rəsmi səfərdə olarkən ABŞ-ın Azərbaycana Xəzərdə təhlükəsizliyin təmini üçün yardım etməyə hazır olduğunu bildirmişdi. Amma Azərbaycan tərəfi ABŞ-dan gələn bu təklifə heç düşünmədən “yox” cavabını vermişdi. Xatırladaq ki, Xarici işlər nazirinin müavini Araz Əzimov elan etmişdi ki, Azərbaycan Xəzərdə öz sektorunda təhlükəsizliyi təmin etmək əzmindədir.
Hərbi ekspert Azad Isazadənin fikrincə, Rusiyanın Xəzərdə hərbi donanmasını gücləndirməsi Azərbaycana qarşı ciddi təhdiddir. A.Isazadənin sözlərinə görə, Rusiyanın gəmiləri birbaşa Azərbaycana müdaxilə etməsə də, Kremlin addımları məhz Azərbaycana mesajdır: “Rusiyanın Xəzərdə hərbi donanmasını gücləndirməsi hərbi-siyasi dildə Azərbaycana qarşı təzyiqdir. O da unudulmamalıdır ki, Xəzər dənizində beynəlxalq müqavilələrə əsasən çalışan xarici neft şirkətləri var. Və bu təhdidlərin davam etməsi, bu istiqamətdə də problemlər yarada bilər”.
Xəyal