kiv-df

Repressiyaya məruz qalan musiqiçi xanım – Xədicə Qayıbova


Azərbaycanın ilk peşəkar qadın pianoçusu

Xədicə Qayıbovanın adı Azərbaycanda təkcə fortepianoda muğamların ilk ifaçısı kimi deyil, həm də repressiyaya məruz qalan iki musiqiçidən biri kimi tarixə düşüb. O, Azərbaycanın ilk peşəkar qadın pianoçusu və pianoda ilk muğam ifaçısı kimi tanınır. X.Qayıbova 1893-cü il mayın 24-də Tiflisin məşhur müsəlman ruhanisi Osman Müftizadənin ailəsində dünyaya gəlmişdi. Atası Osman Müftizadə qızına mükəmməl təhsil vermək arzusunda idi. Ona görə də bütün imkanlardan istifadə edərək onun Müqəddəs Nina qızlar məktəbinə daxil olmasına yardım göstərdi.

Uşaq yaşlarından musiqi istedadı ilə fərqlənən X.Qayıbova ilk musiqi təhsilini elə burada alır, elementar musiqi nəzəriyyəsi, fortepianoda çalmağı öyrənir. Bir müddət X.Qayıbova Tiflisdəki tatar məktəbində dərs deyir. 1919-cu ildə həyat yoldaşı Nadir Qayıbovla birlikdə Bakıya köçür. Bu familiyanın başqa bir daşıyıcısı Mirzə Hüseyn Qayıbzadə “Məşhur Azərbaycan şairlərinin şeirləri” adlı dörd cildlik toplunun müəllifidir. O, bütün Qafqazda məşhur olan, Azərbaycan mədəniyyəti və maarifi tarixində xüsusi yeri olan Qori seminariyasının Azərbaycan bölməsinin açılmasında təşəbbüskarlardan biri olmuşdur. Ümumiyyətlə, Azərbaycan mədəniyyət tarixinə bir sıra dəyərli şəxsiyyətlər bəxş etmiş Qayıbov soyadından 20 nəfər Qori seminariyasında təhsil almışdır. Həm Müftizadələrin, həm də Qayıbzadələrin maarifçilik ənənələri, ailələrin və çevrənin mədəni mühiti Xədicə xanımın dünyagörüşünə və şəxsiyyətinin formalaşmasına ciddi təsir göstərmişdir. Muğam variasiyalarını ilk dəfə fortepianoda ifa edən Xədicə xanım sadəcə bir musiqiçi olaraq qalmamış, eyni zamanda dövrünün ictimai xadimi və görkəmli ziyalısı olmuşdur.

Pianoda ilk muğam ifası

X.Qayıbovanın evi əsl musiqi ocağı idi. Onun evində mütəmadi olaraq musiqi məclisləri keçirilirdi. O dövrün ziyalıları, musiqiçiləri, şair və yazıçıları, elm xadimləri, aktyorları  bu ocağa toplaşırdı.

Ü.Hacıbəyov, F.Köprülüzadə, R.Qlierin, L.Rudolf, M.Pressman, Sarabski, Bülbül, eyni zamanda, Azərbaycanın və Türkiyənin dövlət adamlarının, görkəmli ziyalılarının iştirak etdiyi musiqi gecələrində Xədicə Qayıbova Azərbaycan milli musiqisinin gələcəyi, xalq nəğmələrinin mühafizə olunması, qadın musiqiçilərin təhsil imkanları haqda müzakirələr keçirmişdir. Bu, öz missiyasını dərk edən o dövr Azərbaycan ziyalısının parlaq fəaliyyəti idi. Onun təşəbbüsü ilə 1920-ci ildə qadın musiqi müəllimləri hazırlamaq üçün “Qısamüddətli Şərq musiqisi kursları” açılmış, uşaq xoru yaradılmışdır.Xədicə xanım Bakıda ilk Türk Konservatoriyasının yaradıcısı olmuşdur. O, bir müddət Azərbaycan Maarif Komissarlığında Şərq musiqisi şöbəsinə rəhbərlik etmişdir. Həmin dövrdə qadınlar üçün Musiqili Dram Teatrının açılması onun xidmətlərindəndir.Xədicə Qayıbova 1927-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuş və 1934-cü ildən orada elmi-nəzəri iş aparmaqla, müəllimlik fəaliyyəti göstərmişdir.

Azərbaycanın yaradıcı ziyalılarına qənim kəsilən sovet imperiyasının qatil siyasəti bu vətənpərvər sənətkarın, bu zərif ruhlu pianoçu qadının taleyindən də yan keçməmişdir. Onun adı rus-sovet repressiyasının ilk iki ilində qətlə yetirilmiş 80 min Azərbaycan ziyalısının siyahısındadır. Xədicə xanım 1933-cü ildə sovet hüquq-mühafizə orqanları tərəfindən şübhəli şəxs kimi 3 ay müddətinə həbs olunmuşdur. Sovet hökuməti onu əksinqilabi fəaliyyətdə və türklük ideyalarının yayılmasında günahkar sayırdı.

1938-ci il martın 16-da Azərbaycan Daxili Işlər Xalq Komissarlığının Dövlət Təhlükəsizlik Idarəsi birinci bölməsinin 3-cü şöbə rəisinin müavini, leytenant Tevosyan belə bir arayış tərtib edib: “Türk və ingilis qərargahlarının Bakıda olduqları zaman 1893-cü ildə anadan olmuş Xədicə xanım Qayıbova onlarla yaxın əlaqədə olub. Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra Qayıbova öz evində Müsavat partiyasının başçılarından biri olan Mustafa Vəkilovu gizlətmiş və onun qaçması üçün şərait yaratmışdır. Mustafa Vəkilov xaricə qaçıb və hazırda Türkiyədədir.

1924-cü ildə Qayıbovanın evində Türk ordusunun zabiti Sultan Hüseynzadə gizlənib. Sonra o, Irana qaçıb və orada alman və yapon kəşfiyyatlarına xidmət edir. Qayıbovanın həyat yoldaşı Rəşid Qayıbov XDIK tərəfindən əksinqilabi-millətçi təşkilatının üzvü kimi həbs edilmişdir. Göstərilənlərə əsasən Qayıbova həbs edilib Azərbaycan SSR CM-nin 68 maddəsinə əsasən istintaqa cəlb edilməlidir”.

Məhz bu arayışa əsasən Xədicə xanım 1938-ci il martın 17-də Dövlət Təhlükəsizlik Idarəsinin 4390 nömrəli orderilə həbs edilib. 1938-ci il aprelin 28-ə kimi Xədicə xanım müstəntiq tərəfindən 9 dəfə dindirilib.

“Qoy onlar sevinməsinlər…”

X.Qayıbova tezliklə heç bir sübut, dəlil olmadığına görə həbsdən azad edilir.

1937-ci ildə o, yenidən xalq düşməni kimi həbs olunur. Bu dəfə ikinci həyat yoldaşı Rəşid Qayıbov XDIK tərəfindən əksinqilabi-millətçi təşkilatının üzvü kimi tutulur. Xədicə xanımı isə Türkiyə lehinə casusluqda, müsavatçılara rəğbət bəslədiyinə görə ittiham edirlər. X.Qayıbova 1938-ci ildə “türk kəşfiyyatının casusu” və “əksinqilabi fəaliyyət”lə məşğul olması ittihamı ilə güllələnir.

Ancaq iradəcə möhkəm qadın özünü “casusluqda” günahkar hesab etməyib. Xədicə Qayıbova ona qarşı irəli sürülən qondarma ittihamlara görə cəzalandırılacağını bilirdi, lakin heç ağlına belə gətirmirdi ki, onu güllələyəcəklər. “Xalq düşməni”nin arvadı kimi tutulmuş S.M.Əfəndiyevin həyat yoldaşı Zivər Əfəndiyeva onu belə xatırlayırdı: “Dustaqxana qadınlarla dolmuşdu. Onlar ərlərinə görə tutulmuş vəzifəli şəxslərin, hərbçilərin arvadları idilər. Mənim olduğum kamerada gözəl musiqiçi Xədicə xanım Qayıbova və başqa 30 nəfərdən çox qadın vardı. Xədicə xanım çox iradəli, şux qadın idi. Özünü şux aparır, hərdən mahnı zümzümə edir, rəqs edirdi. Bir dəfə o dedi: ”Mən incəsənət adamıyam. Mənim musiqi dünyam yasa batıb. Mən gərək özümü qoruyam, sarsılmayam, eybi yoxdur, lap sürgünə də göndərsələr, məhv olan deyiləm, lap orada da musiqi klubu düzəldib rəqs edəcəyəm, oxuyacağam, çalacağam… Qoy onlar sevinməsinlər”. Xədicə Qayıbovanın məhkəməsi cəmi 15 dəqiqə çəkir və ona güllələnmə hökmü kəsilir. Hökm 1938-ci ildə oktyabrın 27-də icra edilir.1954-cü ildə Xədicə xanımın qızı Alanqu Sultanova Azərbaycan Daxili Işlər Nazirliyinə müraciət edərək anası haqqında məlumat istəyir. 1955-ci il aprelin 28-də Dövlət Təhlükəsizlik Komitəsinin xüsusi şöbəsinin müstəntiqi Menyayev A.Sultanovanın ərizəsi ilə bağlı bildirir: “Qayıbova Xədicə xanım yoxlanmamış və səthi ifadələrlə ifşa olunub. Istintaq Qayıbovanın casusluğunu təsdiq edən heç bir material əldə etməyib. Buna görə də, Azərbaycan XDIK-in Xüsusi Üçlüyünün 1938-ci il oktyabrın 19-da Qayıbova Xədicə xanım Osman qızının güllələnməsi haqda qərarı əsassız hesab edilib, ləğv olunmalı və işdə cinayət tərkibi olmadığı üçün iş xətm olunmalıdır”.

Məhkəmə Kollegiyasının 14 fevral 1956-cı il qərarına əsasən, Qayıbova Xədicə Osman qızına bəraət verilir və fevralın 29-da qızı Alanquya bu haqda arayış təqdim edilir…

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu

KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir