“Əkrəm gədə-güdələrə qoşulub…”

Anar-Şamo savaşına Fikrət Qoca da qoşuldu

Yazıçılar arasındakı qalmaqalın çevrəsi genişlənir

 

Xalq şairi Fikrət Qoca “Azadlıq”a “Palto oğurlayan, ya paltosu oğurlanan” başlıqlı məqalə göndərib. Fikrət Qoca məqaləsində əsasən son günlər yazıçı Şamo Ariflə Yazıçılar Birliyinin sədri Anar arasında yaşanan mətbu mübahisələrə münasibət bildirir. Bununla yanaşı, xalq şairi bir neçə tanınmış ictimaiyyət adamını da ittiham edir.

Redaksiya xalq şairinin yazdıqlarını onun şəxsi mövqeyi kimi müdaxiləsiz çap edir.

***

Palto oğurlayan, ya paltosu oğurlanan

əvvəli ötən sayımızda

Beləsinin etibarına kim inanar?

Hansısa narazılığını ehyamlarla ifadə edən Əkrəm deyir ki, iqtidar yalnız ona sadiq olan ziyalıları qiymətləndirir. Bu tamamilə doğrudur, sədaqətsizləri nə iqtidar qiymətləndirir, nə müxalifət. Bir gün iqtidarın himayəsiylə hər şeyi qazanasan, sonra nədənsə məhrum olanda müxalifətin qoltuğuna sığınasan – beləsinin etibarına kim inanar? Əkrəm 37-ci ildə bəzi yazıçıların bir-birini satmasından danışır.
Məgər dotslarına dönük çıxanlar, bəzi dairələrdə yerini şirin salmaq üçün qələm yoldaşlarını satanlar yalnız o vaxtlar olub, indi yoxdurlar?
Heç də təsadüfi deyil ki, Yazıçılar Birliyi bədxahlarının qılığına girmək üçün bu təşkilatı və onun bütün üzvlərini aşağılayan Əkrəm Əylislinin özü də bu bədxahların qara siyahısındadır. Anarı hər gün zəhərləyən qəzet “üç gündən bir, beş gündən bir” Əkrəmi də sancır.
Əkrəm mənim də, elə Anarın da gənclik dostu olub, o dövrün çox sınaqlarından bərabər keçmişik, yeri gələndə bir-birimizə arxa durmuşuq. Bəs nə oldu ki, Anar və mən  Yazıçılar Birliyinə rəhbər seçiləndən (Anarın sədr seçilməsini təklif edənlərdən biri də elə Əkrəm özü idi) Əylisli hər yazısında, hər müsahibəsində indiki Yazıçılar Birliyinin əleyhinə danışır. Yəni Sovet dövrünün Yazıçılar Ittifaqı ona daha əzizdir? Ola bilər. Axı nə Anar, nə mən heç Azərbaycan Yazıçılar Ittifaqının Idarə Heyətinin də üzvü olmadığımız zamanda o vaxt lap gənc olan Əkrəm Əylislini Rəsul Rzanı çıxarıb onun yerinə SSRI Yazıçılar Ittifaqının Idarə Heyətinə üzv keçirmişdilər.

Əkrəm bunu qiymətləndirsin, gədə-güdələrə qoşulub…

Yazıçılar Birliyini addım başı qaralayan cızmaqaraçılardan fərqli olaraq Əkrəm Əylisli yazıçıdır, istedadlı yazıçıdır, görkəmli yazıçıdır. Xalq yazıçısı kimi Ağsaqallar Şuramızın üzvü, “Azərbaycan” jurnalının redaksiya heyətinin üzvüdür. Yazıçılar Birliyinin rəhbərliyi ona həmişə hörmətlə yanaşıb, müxtəlif təltiflərə təqdim edib. Ancaq Əkrəm də gərək bunu qiymətləndirsin, gədə-güdələrə qoşulub ölkəmizdə yeganə mötəbər ədəbiyyat ocağına belə ögey, yad, qərəzli münasibət bəsləməsin, ona yerli-yersiz atmacalar atmasın.
Doğrusu, bu yazı məhz bu mətləblərə görə düşünülmüşdü və adını da “Volterin tövsiyəsi” qoymuşdum. Amma son vaxtlar bəzi sayt və qəzetlərdə qaldırılan haray-həşir bu məsələlərə də münasibət bildirməyimi tələb edir. Yazımın adı da mətnin sonunda aydın olacaq.
Yəqin oxucu artıq başa düşüb ki, söhbət Şamo Arifin yaratdığı və bəzi saytların, qəzetlərin şişirtdiyi qalmaqaldan gedir.
Mən mətbuatı mütəmadən izləyirəm və qəzetlərdəki başlıqlara baxıb təəcüb qalıram: “Süleyman Rəhimovun oğlundan Anara sərt ittihamlar” (“Azadlıq” 25 iyun 2011), “Allah Anara da lənət eləsin, mənə də…” (“Azadlıq” 5 iyul 2011), “Iki yazıçının davası təhqir həddinə keçdi” (“Yeni Müsavat” 9 iyul 2011), “Yazıçı Anarın əleyhinə arxiv sənədləri tapıldı” (“Azadlıq” 8 iyul 2011), “Anar ermənilər qarşısında susub” (“Azadlıq” 9 iyul 2011). Təəccüb qalmağımın səbəbi odur ki, Anarın bu məsələlərlə bağlı haradasa nə isə yazdığını, dediyini eşitməmişəm. Bəs belə olan surətdə onun adını niyə hallandırırlar? Düzdür, az satılan qəzetlər bəzən məşhur adamların adlarını manşetə çıxarırlar ki, daha çox satsınlar, amma hər halda bəlkə mən nəyisə ötürmüşəm, Anar hardasa qalmaqala münasibətni bildirib. Bu məsələ barədə Anarla danışıram, gizlətmirəm ki, bu yazımı yazarkən bəzi məsələləri Anarla dəqiqləşdirməli oldum. Şamo Arif yazır ki, “Anara dedim sən mənə qarşı nə edirsən et, mən sənə cavab verməyəcəyəm, amma atama qarşı nankorluq etsən səni əzib keçəcəm. Hamıya sənin kim olduğunu açıb göstərəcəm”.

Şamo Arifin ağzı nədir ki…

Anardan soruşdum: – Belə bir söhbət olubmu? Anar güldü: – Əlbəttə yox, – dedi – başdan axıracan yalandır. Əvvəla mən Süleyman Rəhimova qarşı heç bir vaxt heç bir pis hərəkət etməmişəm ki, belə söhbət üçün əsas olsun. Ikinci də, Şamo Arifin ağzı nədir ki, cəsarət edib mənim üzümə belə söz desin. Sonuncu dəfə onunla üzbəsurət söhbətim 23-24 il bundan qabaq olub. Yanıma gəlmişdi ki, məni Dövlət mükafatına təqdim et. Dedim ki, keçən səfər gözəl şairimiz Məmməd Araza qarşı haqsızlıq ediblər, bu dəfə yalnız onu təqdim edəcəyik və çalışacayıq ki, mükafatı o alsın.
Belə də etdik. Məmməd Araz mükafat aldı, Şamo Arif isə mənimlə ömürlük düşmən oldu.
Yadımdadır vaxtilə mənim də iştirak etdiyim bir məclisdə Şamo Arif Anarın sağlığına elə tərifli, bəlağətli tostlar deyirdi ki, çox adam, o cümlədən elə mən də özümüzü naqolay hiss edirdik. Demə bunlar mükafat məsələsi ərəfəsindəymiş.
Indi isə Şamo Arif nəinki Anar haqqında, hətta onun valideynləri haqqında ağzına gələni yazmaqdan çəkinmir.

Anar heç yerdə Süleyman Rəhimovun adını çəkməyib

Nə mənim Anardan bir umacağım var, nə Anarın məndən. Amma uzun illər yoldaşlıq etdiyim, illər boyu çiyin-çiyinə işlədiyim dostuma, xüsusilə də onun ailəsinə qarşı belə sözlər deyilərkən necə susa bilərəm? Qoy özlərini Anara dost kimi qələmə verənlər susub bir kənara çəkilsin, hətta bəziləri qıraqdan seyr edib ləzzət alsın, qoy Rəsul Rza haqqında kitablar yazıb elmi adlar alanlar səslərini çıxarmasın, Rəsul Rza mükafatı üçün sino gedənlər özlərini görməzliyə vursun, amma bu cəmiyyətdə vicdanlı insanlar da var axı? Elə Hüseynbala Mirələmovun sırf konkret faktlara əsaslanan yazısı bunun yaxşı örnəyidir. Şamo Arif deyirdi ki, Süleyman Rəhimovu Mehdi Hüseynin ölümündə günahlandıran tək bircə nəfər var o da Anardır. Əvvəla Anar heç bir yerdə bu münasibətlə Süleyman Rəhimovun adını çəkməyib, yalnız hamının bildiyi, çoxlarının, o cümlədən elə mənim yaxşı yadımızda qalan, şahidi olduğumuz faktlardan yazıb. O vaxtlar haqqında xatirələr yazarkən bu hadisələrin üstündən necə keçə bilərdi? Şamo Arif Allaha şükür etsin ki, Anar konkret ad çəkmir, bilməyənləri agah eləmir, yalnız olan faktı xatırlayır. Bunu həm də Süleyman Rəhimovun ruhunu incitməmək üçün edir.
O günlərin hadisələri mənim yaxşı yadımdadır. Mehdi Hüseynin ürəyi dayanan saatlarda mən Yazıçılar Ittifaqında idim və sonra cərəyan edən hadisələrin şahidi oldum. Biz bir dəstə gənc- Əkrəm Əylisli, Eyvaz Borçalı, mən, otuza qədər başqa adam Mehdi Hüseynin ölümündə müqəssir olanlar haqqında yazı yazdıq. Anar da bizə qoşuldu, imza atdı. Mehdi Hüseyn haqqında çıxan nekroloqda bu günahkar sayılan yazıçıların adları yox idi. Bizi MK-ya, Komsomol MK-sına çağırırdılar, o məsələ Mərkəzi Komitə Bürosunun iclasında da geniş müzakirə edilmişdi. Yəni bütün bu hadisələrin üstündən olmayıbmış kimi keçmək, onları unutdurmağa çalışmaq mümkündürmü? Əlbəttə yox.

Şamo Arif heç kəsi məhkəməyə verə bilməyəcək

Anardan fərqli olaraq Zivər Hüseynovanın, Çingiz Hüseynovun xatirə kitablarında bu hadisələr daha müfəssəl təsvir edilir, konkret adlar çəkilərək Mehdi Hüseynin ölümünün səbəbləri aşkarlanır. Hüseynbala Mirələmov da bu epizodları Zivər Hüseynovun kitabından gətirir, Şamo Arif isə bircə faktı da təkzib edə bilməyib Mirələmovu məhkəməylə hədələyir. Boş hədədir. Şamo Arif heç bir vaxt heç kəsi məhkəməyə verə bilməyəcək, 37-ci il deyil ki, kiminsə üzünə durub, böhtan atıb evini yaxasan.
Hansı məhkəməyə çıxır-çıxsın, bu və bundan da betər faktlar qarşısında qalıb uduzacaq.
Bir neçə gün qabaq qəzetlərdə Şamo Arifin isterik “Allah Anara da lənət eləsin, mənə də”, yaxud “Allah mənə min dəfə lənət etsin” sözlərini oxuyub, “gərək mən Anara cavab verib belə lüzumsuz söhbətlərin açılmasına yol verməyəydim” peşmançılığıyla tanış olanda bir an onun səmimiyyətinə inandım. Əlbəttə, “mən gərək Anara cavab verməyəydim” sözləri dəqiq deyil, ilk olaraq məhz Şamo Arif Anara hücum edib və Anar da ona cavab verməli olub. Amma məsələ bunda deyil. Şamo Arifin peşmanlıq etiraflarını oxuyanda düşündüm ki, başı daşdan daşa dəyəndən sonra, yalnız özünü deyil, rəhmətlik dədəsini də biabır edəndən sonra ağlı başına gəlib. Sən demə, bu da riyakarlıq imiş, çünki iki gün sonra yenə köhnə sandığını açıb kiflənmiş pambığını, yəni əvvəllərdə dəfə-dəfə söylədikləri iftiraları üzə çıxarıb. Yəqin yenə yalanlar uydurmağa da daha heyi qalmayıb.

ardı var

HƏMÇİNİN OXU 

Mehriban Vəzir Fikrət Qocaya sərt cavab verdi

Xaliq Bahadır: “Anardan… anasınadək”

Şamo Arif Xaliq Bahadıra cavab verdi

Anar Şamo Arifin debat çağırışını rədd etdi

“Anar ermənilər qarşısında susub…”

Şamo Arif Anara qarşı arxiv sənədləri çıxardı

Yazıçılar arasında qalmaqal böyüyür

Süleyman Rəhimovun oğlundan Anara sərt ittihamlar