Prokurorluğun “obnaliçka” əməliyyatı

Bu əməliyyatda Milli Qvardiya, «Azneft», Dövlət Sərhəd Xidməti və bir sıra bankların adı hallanır

Azadlığın və Sülhün Müdafiəsi beynəlxalq hüquq təşkilatından redaksiyamıza müraciət daxil olub. Müraciət düzgün araşdırılmayan bir cinayət işi barədədir. Külli miqdarda dövlət əmlakı nağdlaşdırma(obnaliçka) yolu ilə mənimsənilsə də cinayətkarlar azadlıqdadır. Bu işdə yalnız bir nəfər – Ağaverdi Hüseynov barəsində həbs-qətimkan tədbiri seçilib və o, beynəlxalq axtarışa verilib. Baxmayaraq ki, A.Hüseynov istintaqın obyektiv aparılmaması səbəbindən Rusiyaya qaçıb. O, eyni zamanda istintaq obyektiv aparılacağı təqdirdə qayıtmağa hazır olduğunu da bildirib. Təşkilatın sədri Mətləb Mütəllimli bu cinayət işinin obyektiv araşdırılmasına yardımçı olması üçün dövlət başçısı Ilham Əliyevə müraciət edib.
“Azərbaycan Respublikasının Prezidenti I.Əliyev cənablarına
Vətəndaş Validə Hüseynova bizə müraciət edərək oğlu Ağaverdi Hüseynovun cinayət işinin qanunauyğun araşdırılmasında kömək etməyi xahiş etmişdir. Ərizəçi bildirir ki, A.Hüseynov 2005-ci ildə Z.Tağıyev adına Bakı Taxıl Məhsulları Kombinatında briqadir işləmişdir. Kombinatda işləməklə bərabər, o, 9 ay həm də “Dekor LTD” MMC-nin direktoru olmuş, firmanın qeyri-rəsmi rəhbəri Vahid Həsənovun göstərişinə əsasən təqdim edilən sənədlərə qol çəkmişdir.
13 aprel 2007-ci ildə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin Ibtidai Araşdırılması Departamentinin istintaq şöbəsi A.Hüseynovu Azərbaycan Respublikası CM-nin 213.4-cü maddəsi ilə vergidən yayınmaqda ittiham etmişdir. Istintaqın obyektiv aparılmadığını görən A.Hüseynov Rusiyaya getmişdir. Xətai Rayon Məhkəməsinin 18 aprel 2007-ci il tarixli qərarı ilə A.Hüseynov haqqında həbs-qətimkan tədbiri seçilməklə beynəlxalq axtarış elan edilmişdir. Bir neçə il keçdikdən sonra, A.Hüseynov axtarıldığını bilsə də Azərbaycana qayıtmağı qərara almışdır. 2010-cu il dekabr ayının 28-də, o, qatarla gələrkən Mahaçqala şəhərində saxlanmış, Rusiya Federasiyasının Baş Prokurorluğu məsələni araşdırdıqdan sonra A.Hüseynovun Azərbaycana verilməsindən imtina etmişdir.
Bizim araşdırma zamanı məlum olmuşdur ki, A.Hüseynova aid cinayət işinin istintaqı düzgün aparılmamış, istintaq tədbirləri həyata keçirilərkən ciddi qanun pozuntularına yol verilmişdir. Belə ki, A.Hüseynovun yazılı məlumatına əsasən, onun rəhbərlik etdiyi firmanın faktiki olaraq əsas işi – heç bir mal-material alıb satmadan büdcə təşkilatlarından hesablarına daxil olan pul vəsaitlərinin nağdlaşdırılması olmuşdur. Beləliklə də, 2005-ci ildə “Azneft” Birliyindən, Dövlət Sərhəd Xidmətindən, Milli Qvardiyadan, “Dənizneftqazlayihə”dən, hətta prokurorluqdan və digər büdcə təşkilatlarından “Texnikabank”, “Rabitəbank”, “Azərnəqliyyatbank”, “Koçbank” və başqa banklar vasitəsi ilə daxil olan on milyardlarla manat vəsait nağdlaşdırılaraq mənimsənilmişdir.
Bizdə olan məlumata görə, nağdlaşdırma dövründə Israil adlı Yevlax rayon sakini də müəmmalı şəkildə öldürülmüşdür ki, bu cinayət də istintaqdan və ictimaiyyətdən gizlədilmişdir.
Təəssüf ki, Vergilər Nazirliyinin və prokurorluğun aidiyyəti vəzifəli şəxsləri – əsl cinayətkarları, dövlət büdcəsini talayanları cinayət məsuliyyətinə cəlb etmək əvəzinə, saxtakarlıq etmiş, bir neçə nəfəri vergidən yayınmaya görə məsuliyyətə cəlb etməklə dövlətin iqtisadi dayaqlarını sarsıdan  cinayətlərdən birini gizlətmişlər.
Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin Ibtidai Araşdırılması Departamentinin istintaq idarəsinin rəisi Şahin Rüstəmovla danışığımız nəticə verməmiş, departament rəhbəri V.Məmmədov isə tabeliyində olan əməkdaşlarının qanunsuz hərəkətlərinə hüquqi qiymət verməkdən yayınmışdır. 30 may 2011-ci il tarixdə Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini, istintaqa nəzarət edən Rüstəm Usubova rəsmi müraciət edilmişdir. Cənab R.Usubova bildirmişdik ki, faktiki olaraq heç bir mal-material hərəkəti olmadan nağdlaşdırmadan vergi hesablanması özü ağır cinayətdir. Təklif edilmişdir ki, məhkəmə vasitəsilə həbs-qətimkan tədbiri dəyişdirilsin, A.Hüseynovun Azərbaycana könüllü gəlməsi təmin edilsin və onun iştirakı ilə cinayət işi yenidən araşdırılsın. Belə bir faktı da qeyd etmək lazımdır ki, Rusiya Federasiyası Baş Prokurorluğu 29 mart 2011-cu il tarixdə A.Hüseynovu Azərbaycan hökumətinə verməkdən imtina etsə də, o, geri qayıtmamış, 3 aydan artıqdır ki, Mahaçqala şəhərində Azərbaycan Respublikası istintaq orqanlarının obyektiv qərarını gözləyir. Başqa sözlə, Rusiya Federasiyası istintaq orqanları öz vətəndaşları olmayan A.Hüseynovun işinə qanunauyğun baxsa da, Azərbaycan hökuməti hələ də cinayəti sübuta yetirilməmiş vətəndaşına sahib olmaq istəmir. Təəssüf ki, qanunsuz nağdlaşdırmada özləri də fəal iştirak edən prokurorluq dövlət vəsaitinin küllü miqdarda mənimsənilməsinə dair müraciətimizə reaksiya verməmiş, onu cavabsız qoymuşdur.
Bizdə belə bir təəssürat yaranmışdır ki, nədənsə, prokurorluq və Vergi Cinayətlərinin Ibtidai Araşdırılması Departamenti bu cinayətin açılmasında, A.Hüseynovun Azərbaycana gələrək istintaqa zəruri ifadələr verməsində qətiyyən maraqlı deyil. 
Beləliklə də, təkcə bir cinayət işində istintaq orqanlarına və məhkəmələrə xas olan çoxlu sayda qanun pozulmalarına yol vermişdir. Belə ki:
1.Baş vermiş cinayət hadisəsi düzgün tövsif edilməmişdir;
2.A.Hüseynov barəsində Xətai Rayon Məhkəməsinin qərarı əsassız olmuşdur.
3. Dövlət büdcəsini dağıdan vəzifəli şəxslər maddi maraqlara görə istintaqdan yayındırılmışdır;.
4.Cinayət işi araşdırılarkən ölüm faktı istintaqdan gizlədilmişdir;
5.Cinayət işi araşdırılarkən prokuror nəzarəti yarıtmaz həyata keçirilmişdir;
6.A.Hüseynovun cinayət işi ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğuna dəfələrlə müraciətlər cavabsız qalmışdır ki, bu da “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin kobud formada pozulmasıdır.
Qeyd edilənləri, iş üzrə müraciətlərin süründürməçiliyə salınmasını nəzərə alaraq 2005-2006-cı illərdə on milyardlarla manat dövlət vəsaitinin mənimsənilməsini araşdıran xüsusi istintaq qrupunun yaradılmasına göstəriş verməyinizi xahiş edirəm”.