Nəcməddin Sadıqov Rusiyanın adamıdır?

«Baş Qərargah rəisinin Dağıstanın milli qəhrəmanı adını alması Rusiya qarşısındakı xidmətlərə işarədir»

Üzeyir Cəfərov: «Dövlət başçısı olsaydım, onu dərhal vəzifəsindən azad edərdim»

Azərbaycan Müdafiə Nazirliyinin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqov Dağıstanın Milli Qəhrəmanı elan edilib. Yayılan informasiyalara görə, Dağıstanın ali mükafatı azərbaycanlı generala şəxsən təqdim olunub. Mükafatı N.Sadıqova Şeyx Şamilin adı ilə bağlı olan fondun nümayəndələri təqdim edib. Maraqlıdır, bu olayı necə qiymətləndirmək olar? Azərbaycanda rusiyapərəst və rusca düşünüb-danışan bir general kimi tanınan N.Sadıqova bu tip mükafatın verilməsi də bir sıra suallar yaratmamış deyil.
Hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki, ümumiyyətlə, N.Sadıqovun personası, onunla bağlı bəzi müəmmalar Azərbaycan silahlı qüvvələri üçün başadüşülən deyil. Zamanı gələndə bir sıra məsələlərə aydınlıq gətirməli olacağını deyən Ü.Cəfərov vurğuladı ki, Sadıqovun Dağıstanın Milli Qəhrəmanı adını alması bir daha onu sübut edir ki, bu adamın Rusiya dövləti qarşısında müəyyən xidmətləri olub: “Nəcməddin Sadıqovun Rusiya dövləti qarşısında müəyyən xidmətləri, zəhməti olduğundan belə bir addım atılıb. Çünki Nəcməddin Sadıqov 90-cı ilin əvvəllərindən Azərbaycan Silahlı Qüvvələrində xidmət edir. Azərbaycan ordusuna o qədər də böyük töhvə verməyən bir şəxsin Dağıstanın Milli Qəhrəmanı adını alması bir sıra suallar doğurur”.
N.Sadıqovun son zamanlar Müdafiə Nazirliyində gərginlik yaratdığını deyən Ü.Cəfərov əlavə etdi ki, bu tendensiyalar zamanında onun hüquq-mühafizə orqanları qarşısında hesabat verməli olacağını deməyə əsas verir: “Ümumiyyətlə, anlaşılan deyil ki, Azərbaycan Müdafiə Nazirliyinin Baş Qərargah rəisini necə başqa dövlət təltif edir. Dövlət başçısı olsaydım, onu dərhal vəzifəsindən azad edərdim. Bu adın verilməsi Baş Qərargah rəisinin Rusiyaya işləyən adam kimi qiymətləndirilməsinə əsasdır. Müvafiq qurumlar bu məsələ ilə bağlı öz mövqeyini ortaya qoymalıdır”.

Xəyal