“Camaat Əli Əhmədovun yalanlarından bezib”

Gözəl Bayramlı: «Özləri də yaxşı bilirlər ki, YAP-ın camaat arasında heç bir nüfuzu yoxdur»

YAP-ın icra katibi Əli Əhmədov növbəti dəfə müxalifətin ünvanına ittihamlar səsləndirib. Ə.Əhmədov müxalifət partiyalarının proqramını, fikirlərini siyasi ambisiya adlandıraraq Azərbaycan cəmiyyətinin müxalifəti unutduğunu bildirib. Maraqlıdır, əgər, cəmiyyət Əli Əhmədovun dediyi kimi, müxalifəti unudubsa, YAP haqqında nə düşünür?
AXCP sədrinin müavini Gözəl Bayramlı hesab edir ki, YAP icra katibinin bu şablon açıqlamaları Azərbaycan cəmiyyətini çoxdan usandırıb. YAP-ın əhali arasındakı nüfuzuna gəlincə, G.Bayramlı deyir ki, bu barədə ümumiyyətlə, danışmağa dəyməz: “YAP-ın camaat arasında heç bir nüfuzu yoxdur. Bunu özləri də yaxşı bilirlər. Mən şəxsən sonuncu seçkidə bunun şahidi omuşam. Əgər cəmiyyətin YAP-a münasibəti yaxşı olsaydı, hakimiyyət bütün resurslardan istifadə edib seçkini saxtalaşdırmazdı. Amma YAP 93-cü ildən bu yana sonuncu seçki də daxil olmaqla bütün seçkiləri saxtalaşdıraraq özünü qalib elan edib. Cəmiyyətin YAP-a münasibətini elə bundan bilmək olar”.