Tələbəlik vaxtı bir sovet filminə baxmışdım. Qısası, bir neçə dost ailə birgə istirahət etmək üçün şəhər kənarına yollanırlar. Amma yerli gənclər onların istirahətini əməlli-başlı pozurlar, kişiləri döymək, qadınlara isə sataşmaq istəyirlər. Bu vaxt ailələrdən birinin başçısı həmin gənclərdən birini öldürür.Və üzücü cinayət prosesi başlayır. Amma dövlət ittihamçısı, prokuror onu ittiham etmək əvəzinə müdafiə edir. Prokuror deyir ki, bu adam özünün və başqalarının namusunu, özünün və başqalarının qadınlarını, uşaqlarını, bir sözlə, dostlarının həyatını müdafiə edib. Əgər o, bunu etməsəydi, onda pis vətəndaş, pis ailə başçısı olardı! Qərəz, axırda məhkəmə həmin ailə başçısı haqda bəraət qərarı çıxarır və onu həbs etmirlər. Bunu nədən xatırladım? O gün bizim kriminal xəbərlərdə də bir nəfəri göstərdilər. Çox oxşar hadisə idi və həmin hadisə mənim yadıma o məşhur filmi saldı. Hadisə mənə çox təsir etdi. Deməli, bir nəfər qızının namusunu qorumaq və onu açıq təcavüzdən müdafiə etmək üçün öz qonşusunu öldürmək məcburiyyətində qalır. Bəli, o, bunu məcburiyyət qarşısında edir, əgər bunu etməsəydi o hörmətsiz kişi və vətəndaş, ata olardı, adam içinə çıxa bilməzdi. Bəs indi nə baş verir? Həmin adamı azı yeddi il həbs cəzası gözləyir! Mənə elə gəlir ki, belə hallardaca biz hüququn formal sxemlərindən kənara çıxmağı bacarmalıyıq. Axı o, nə edə bilərdi? Durub gənc qızının təhqir olunmasına tamaşa etməli idimi? Belə ola biləcəyi təqdirdə biz onun haqqında nə fikirləşərdik?.. Çox vaxt mentalitet haqqında yüksək sözlər danışırıq, milli dəyərlərdən dəm vururuq. Məgər elə bu hadisə milli dəyərlərin, milli münasibətin sınağı deyilmi? Biz bu hallarda bağışlamağı bacarmalıyıq ki, insanlar sınmasın, əzilməsin və əyilməsinlər.
Bəli, əsl kişi öz ailəsinin, öz qonşusunun namusunu qorumağı bacarmalıdır. Qanun da belə hallarda onların tərəfində olmalıdır. Əks təqdirdə nə baş verə bilər? Mən bunu təsəvvür edə bilmirəm. Ona görə də bir daha elə özümdən soruşmaq istəyirəm: bunu bağışlamaq olarmı? Bəli, mənim cavabım da elə budur ki, nəinki olar, hətta lazımdır!..Legitimliyini itirdi…
Bəli, B.Əsəd artıq legitimliyini itirib! Bunu ABŞ-ın dövlət katibi bəyan edib. Çox təəssüf ki, belə hallarda hansısa tədbir görmək mümkün olmur. Əgər o, legitim prezident deyilsə, onunla əlaqələri kəsmək, başqa bir hökuməti və siyasi qurumu legitim hakimiyyət təmsilçisi kimi tanımaq olar. Amma bunu Liviyada etdilər. Təəssüf ki, hələ nəticəsi yoxdur. Bəli, Liviyadan da dolaşıq xəbərlər gəlir. Fransızlar hərbi əməliyyatların nəticəsindən məyus olublar, bu günlərdə fransız hərbçilərinin Liviyada iştirakı ilə bağlı parlamentdə də səsvermə olacaq. Gözləyək, görək, fransızlar nə qərar qəbul edirlər! Zira bir məsələ aydındır ki, diktatorların başı üzərindəki səmanı bir qeyri-uçuş zonası elan etmək hələ məsələnin həlli deyil. Mən, ümumiyyətlə, çox şübhə edirəm ki, bu diktator tayfası nə vaxtsa başını qaldırıb Göyə baxır, onlar elə siçovullar kimi dəlmə-deşiklərdə yaşayırlar.
Bəs onları necə, bağışlamaq olarmı? Qətiyyən olmaz, çünki yüzlərlə insanın qətlində günahkardırlar, milyonlarla insanın azadlığına qəsb ediblər, millətin sərvətini, varını soyub-talayıblar. Əslində onlar heç vaxt legitim olmayıblar, çünki bu ölkələrdə nə demokratik seçki keçirilib, nə də başqa bir şey baş verib! Onların hamısı bir nəfər kimi saxta prezidentlərdir, özləri özlərini prezident elan ediblər… Bəli, prezidentlik demokratik institutdur. Qərbin də ən böyük suçu budur ki, öz ölkəsində ən yaxşı haldaca tayfa başçısı olan bu insanları vaxtilə prezident kimi qəbul ediblər, indi də onların legitimliyinin itməsindən danışırlar. 1963-cü ildən fövqəladə vəziyyət şəraitində yaşayan Suriyada necə legitim dövlət başçısı – prezident seçilə bilərdi? Bəlkə də bir vaxt keçəcək, elə Suriyada da H.Əsəd və B.Əsəd dövrünü yuxu kimi xatırlayacaqlar. Amma bu, nə vaxt baş verəcək? Bu suala cavab verməkdə acizəm. Amma əminəm ki, baş verəcək, özü də yaxın vaxtda…


