Azərbaycanlı məmur Rusiyada axtarışdadır

Maliyyə Nazirliyinin şöbə müdiri Namiq Xəlilovun adı 30 milyon dollarlıq fırıldaqda

Maliyyə Nazirliyinin şöbə müdiri Namiq Xəlilov Rusiyada axtarışdadır. O, maliyyə fırıldağında təqsirləndirilir. Bu barədə Rusiyanın nüfuzlu mətbuat orqanı olan “Novaya qazeta”nın veb-səhifəsində məlumat verilib. Məlumatda deyilir ki, bugünlərdə Nijni Novqorod  Federal Təhlükəsizlik Xidməti Idarəsinin istintaq orqanının keçmiş rəisi Oleq Yefremovun “Borskiy” həbsxanasında cəzaçəkmə müəssisəsinin işçiləri tərəfindən vəhşicəsinə döyülərək öldürülməsi işi ilə bağlı səs-küylü məhkəmə prosesi başa çatıb. Məhkəmə bu işlə əlaqədar həbsxananın təhlükəsizlik bölməsinin rəisi Aleksey Bobrikova 14 il, müvəkkil Pavel Kruçininə 13 il, məhkum olunmuş milis işçisi Aleksey Toropova (Kliçko qardaşlarının keçmiş sparrinq-partnyoru) 11 il, məhkum olunmuş milis işçisi Maksim Arxipova 7 il, əməliyyat növbətçisi Manger və onun köməkçisi Ivanova isə məsuliyyətsizliklərinə görə 2 il azadlıqdan məhrumetmə cəzası kəsib.

Əvvəlcə FTXI istintaq orqanının keçmiş rəisi Oleq Yefremovun nə üçün həbs olunduğuna aydınlıq gətirək.

Gəzən xəbərlər nə deyir?

Hələ FTXI rəisi həbsdə olarkən, Rusiya KIV-lərinin əksəriyyətinin irəli sürdüyü versiya bundan ibarət olub ki, Oleq Yefremov cinayətkar şəbəkədən müsadirə olunmuş heroin ticarəti üstündə həbs olunub. Hadisə belə olub: 2004-cü ildə Dövlət Narkonəzarət Idarəsinin və milisin bayrağı altında fəaliyyət göstərən narkotik alverçilərindən, bazar qiymətlərindən ucuz narkotik maddələr satan müəmmalı qaraçılar haqqında məlumat sızıb. Növbəti alqı-satqı zamanı DNI əməkdaşları iki gənc adamı saxlayıblar. Dindirmə zamanı onlar narkotik maddələri Nijni Novqorod şəhər FTXI-nin istintaq orqanının keçmiş rəisi Vladimir Obuxovun təşkil etdiyini etiraf ediblər. Əvvəlcə bununla bağlı başlanmış cinayət işi sakitcə ört-basdır edilib, ancaq 2008-ci ildə istintaqı gözlənilmədən bərpa ediblər. Təşəbbüsçü kimi isə FTXI-nin yeni rəisi general Oleq Xramov göstərilir.
Belə ki, ilkin istintaqın gedişində keçmiş rəis V.Obuxov etirafedici ifadələr verib. O, bildirib ki, həqiqətən də müavini O.Yefremovla birlikdə növbəti satış üçün idarədən heroin çıxarmış və gizlətmişdir. Lakin keçmiş rəis məhkəmədə bəyan edib ki, istintaq zamanı verdiyi ifadə ondan təzyiq və işgəncə yolu ilə alınıb. Buna baxmayaraq, ötən ilin iyulunda V.Obuxova ittiham hökmü oxunub, o, 12 il müddətinə ciddi rejimli cəzaçəkmə müəssisəsinə göndərilib və 150 min rubl məbləğində cərimələnib. Dindirmə zamanı ona qarşı irəli sürülən ittihamları rədd edən Oleq Yefremov da tezliklə həbs olunub. Eyni zamanda heroin ticarətində iştirak etmiş başqa hüquq-mühafizə işçiləri də saxlanılıblar.

Bəs əslində necə olub?

Əslində isə, hər şey tamamilə başqa ssenari üzrə baş verib. Belə ki, O.Yefremov narkoticarət üstündə yox, maliyyə piramidasına himayədarlıq etdiyinə görə həbs olunub. Daha sonra isə hər iki cinayət işi bir işdə birləşdirilərək istintaq davam etdirilib. Yazının əvvəlində də qeyd etdiyimiz kimi, sözügedən bu cinayət işində adı hallanan və bugünədək axtarışda olan azərbaycanlı da məhz bu ssenari də rol alan əsas aktyorlardandır.  
Hələ 2007-ci ildə Nijni Novqorod şəhərində hansısı “Eksklüziv Investment” adlı Qapalı Səhmdar Cəmiyyəti peyda olub. Şirkətin baş direktoru yerli astroloq və münəccim Yuri Demidanov olsa da, əsl sahibi sən demə, Bakı şəhərindən olan bir azərbaycanlı imiş. Bu təşkilat Nyu-York birjasında həyata keçirilən maliyyə əməliyyatlarından əldə olunacaq kifayət qədər yüksək gəlirli qazanc vədi ilə əvvəlcə şəhər sakinlərini şirnikləndirib ələ almaqla məşğul olub.  Hətta  şirkətin azərbaycanlı sahibinin ABŞ-da təhsil alması və orada işləməsi faktından müştərilərin inamın qazanmaq üçün geniş istifadə olunub. Rusiya mətbuatında qeyd edildiyi kimi, hələ 1994-cü ildə “Bankın təşkilati strukturunun formalaşma proseslərinin idarə edilməsi” adlı dissertasiya yazan Namiq Xəlilovun Nijni Novqorod şəhərində yaratdığı “Eksklüziv Investment” adlı Qapalı Səhmdar Cəmiyyət şəhər sakinlərinin etimadını qazanaraq, 2007-ci ildən 2010-cu ilədək onların vəsaitləri ilə maliyyə maxinasiyası ilə məşğul olubmuş. “Eksklüziv Investment”lə fiziki şəxs olan müştərilər arasında borc müqavilələri bağlanırmış, əvəzində isə təşkilat müştərilərə əlbə-əl veksel verirmiş. Şirkət inandırıcı olsun deyə, KIV-də aktiv reklam kampaniyası aparır, Nijni Novqorod şəhər administrasiyasının yüksək vəzifəli şəxslərinin də iştirakı ilə təqdimat mərasimləri təşkil edirmiş. Bununla yanaşı şəhərdə davamlı olaraq şayiə gəzirmiş ki, bəs “Eksklüziv Investment”ə “FSB” “krışalıq” edir və hətta aylıq “daldalama” məbləğdən rəhbərlik N.Xəlilov çekist Yefremova 3,5 milyon rubl (125 min ABŞ dolları) dəyərində “Land Rover” (dövlət nömrə nişanı M 441 MM) bağışlayıb.

30 milyon toplayıb aradan çıxan azərbaycanlı

“Novaya qazeta”nın verdiyi məlumata görə, üç il işlədiyi müddətdə maliyyə piramidası 1 milyard rubl, yəni, təxminən 30 milyon manat vəsait toplaya bilib. Ancaq dividentləri ödəməyi dayandırıb. Nəticədə sadə vətəndaşlarla yanaşı, yüksək vəzifəli məmurlar, şəhər daxili işlər orqanının, prokurorluq və istintaq komitəsinin əməkdaşları (redaksiyaya çoxmilyonluq məbləğ və soyadlar bəllidir) milyonlarından olublar.
Bütün bunlardan sonra “Eksklüziv Investment” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru münəccim Demidanov həbs olunsa da, şirkətin sahibi N.Xəlilov hələ də azadlıqdadır və o, istintaq orqanının 5509 saylı qərarı ilə axtarışa verilib. Işin ən sensasion tərəfi isə N.Xəlilovun hal-hazırda Azərbaycanın Maliyyə Nazirliyində yüksək post tutmasıdır. Rusiyanın ən böyük şəhərlərindən Nijney Novqorodda fırıldaqçılıqla, maliyyə maxinasiyaları ilə insanların milyonlarını ələ keçirməklə məşğul olduğu iddia edilən bu şəxs hazırda Maliyyə Nazirliyində Dövlət Sığorta Nəzarəti Şöbəsinin müdiri işləyir.
“Novaya qazeta” yazır ki, hələ bir müddət öncə şəhər sakinlərinin şikayəti əsasında “Eksklüziv Investment”in ofisində aparılan axtarışın gedişində Oleq Yefremov orada peyda olmuş və dərhal müstəntiqlərdən  binanı tərk etməyi tələb edibmiş. Məhz bundan sonra çekist saxlanılıb və ona qarşı fırıldaqçılıqla bağlı ittiham irəli sürülüb. Növbəti gün isə onun arvadı Alinadan “FSB”nin Akademiyasından istefa vermək təklif olunub, o, akademiyada müəllim işləyirmiş. Sübutlar toplananadək isə Yefremov istintaq təcridxanasına yerləşdirilib.
“Novaya qazeta” mənbələrinə istinadən yazır ki, milyonlarını itirmiş yüksək vəzifəli şəxslərin və prokurorların vəkil etdiyi şəxslər bir neçə dəfə çekistlə görüşüb və şirkətin sahibi Namiq Xəlilovu və oğurlanan pulları tapmağı ondan tələb ediblər. Vəkillər bu xidmətin müqabilində Yefremova azadlığa çıxmaq vədini versələr də, o, dəfələrlə bayan edib ki, fırıldaqçılıqda əli yoxdur. Məhz buna görə də, onunla bağlı başlanmış istintaq işinə müsadirə olunmuş narkotik maddə və silah ticarətini də “tikiblər”.
Öz növbəmizdə araşdırmalar nəticəsində Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Şöbəsinin müdiri olan bu şəxsin 2008-ci il dekabrın 28-də APA-ya müsahibə verdiyini aşkar etdik. “Eksklüziv Investment” şirkətinin Nijni Novqorodda 2007-ci ildən 2010-cu ilədək, yəni, maliyyə fırıldaqlarının üstü açılanadək fəaliyyət göstərdiyini nəzərə alsaq, bəlli olur ki, bu adam nazirlikdə işləyə-işləyə xaricdə nəinki şirkətə sahiblik edirmiş, eyni zamanda onu həm də idarə edirmiş. Yüksək vəzifəli şəxslərin və prokurorların çekist Yefremovdan məhz Xəlilovu tələb etmələri onu göstərir ki, nazirliyin şöbə müdiri birbaşa işin içində olub və bütün maxinasiyalara nəzarət edib.

Hazırladı: Rəşad Alp