Rusiyanın Qarabağ ətrafında yeni oyunlara girişməsinə, daha böyük uduşlara can atmasına dəqiq əminəm. Ona da əminəm ki, Kreml özündən qorxub-çəkinən Azərbaycan və Ermənistan hakimiyyətlərinə təzyiq edə bilər. Qorxuruq ki, bu oyundan biz yox, ermənilər udsun. Amma ola bilər ki, bu oyundan nə ermənilər udsun, nə də biz. Yalnız Rusiya udsun. Öz aləmində. Necə ki, Qarabağ münaqişəsindən indiyəcən də, əsl gerçəkliyə baxsaq, nə ermənilər udub, nə də biz azərbaycanlılar. Yalnız ruslar məqsədinə çatıb. Kreml Ermənistanı kölə kimi saxlayır, Azərbaycana da istədiyi kimi təsir edir. Odur ki, Ilham Əliyevi daha bir çətin raund gözləyir. Rusiya onun üçün çətin keçiddir. Rusiya onun köməyi, dayağıdır. Amma qarşıda ondan ağır güzəştlər tələb edə bilərlər.
Bax belə bir zamanda adam istər ki, heç nəyə baxmayaraq, “xalqına arxalan, hakimiyyəti daha rahat saxlamaq naminə güzəştə getmə” kəlmələrini desin…Amma adam hansı mənəviyyatla bunu desin. Ölkədə baş verənlər bir yana, xalqa edilən zülmlər bir yana, sərvətlərimizin dağıdılması bir yana, neft pullarının göyə sovrulması bir yana, bəs ölkəni ağuşuna alan yaltaqlığa nə deyəsən? Bu yaltaqlıq, bu yarınmaq nədəndir?
Bilmirəm srağagün kim Nazirlər Kabinetinin 2011-ci ilin 6 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasını TV-dən izləyib. Ilham Əliyev özü aparırdı bu tədbiri. Mən bu cür tədbirləri xüsusi izləyirəm. Çünki orada səslənən rəqəmlər, fikirlər sonradan mənim mövzularım olur. Məsələn, başqa bir vaxt olsaydı, həmin iclasda I.Əliyevin son 6 ayda 38 min yeni iş yeri açılması ilə bağlı fikrinə yaxşı bir təhlil yazardım. Amma mən o iclasa baxarkən, gördüyüm yaltaqlıq mənzərələrinin təsirindən rəqəmləri belə, unutdum.Hər iki kəlmədən bir deyirlər: hörmətli, möhtərəm cənab prezident, bunlar sizin birbaşa (yaxud bilavasitə) səyiniz nəticəsində mümkün olub.
Hər kəlmədən bir söyləyirlər: möhtərəm cənab prezident, bu inkişaf şəxsən sizin xidmətiniz nəticəsində mümkün olub.Hər sözün sonunda deyirlər: hörmətli cənab prezident, siz olmasaydınız, biz uğurlara imza ata bilməzdik. Yaxşı, bu adamlar hər şeydən keçib mədhiyyələr söyləyir, onları anladıq, bəs bu möhtərəm cənab prezident niyə özündən yaşlı adamların ona mədhiyyələr söyləməsinə göz yumur, bunları qəbul edir?Bu hansı dövrün idarəçiliyidir?
Cənablar, hamı bilməlidir ki, məddahlıq və onu qəbul etmək nəinki mənəvi problemdir, hətta bizim Konstitusiya, qanunlar buna icazə vermir. Bu, dövlətin quruluşuna ziddir.
Cənablar, məddahlıq dövlət idarəçiliyində yolverilməzdir.
Məddahlıq konstitusiyalı respublika quruluşuna ziddir.
Məddahlıq mülki hüquq cəmiyyətinə təhlükədir.
Məddahlıq demokratiyaya əksdir.
Məddahlıq mənəvi korrupsiyadır.
“Hörmətli” sözü hörmətə layiqdir, amma onu hörmətdən salıb siyasi vasitəyə çevirmək olmaz. Onu siyasi yarınmaq alətinə çevirmək olmaz. Haradasan, Azər?!
Gəncədə Mustafa dayı ilə söhbətim fani dünyadan şikayətə çevrilir. Bu fani dünyanın nə olduğunu deyəsən əvvəllər anlayırdım, doğrusu, onun nə olduğu indi mənə çox dumanlıdır.
– Mustafa dayı, niyə fani dünyadan şikayətlisən, dünyanın düzəni var, hökumət var, qanun var.
– Mənim dərdim tamam başqadır, oğlum. Oğlum Azəri 11 ildir görmürəm, Rusetdədir, o gedən gedib…
Bir az pərt oldum:
– Bəs yerini bilirsənmi, zəng edirmi heç olmazsa, niyə çağırmırsan gələ.
Kişi bir az fikrə getdi:
– Hərdən zəng edir etməyinə. Amma çağırdım gəldi, bəs gəlib neyləyəcək burada?!