2 aprel məhbuslarının məhkəməsi başladı

Vicdan məhbusları məhkəmədə mübarizliklərini bir daha nümayiş etdirdilər

“Mən burda olmağımdan qürur duyuram. Qürur duyuram ki, burda xalqımızın azadlığı, ölkəmizin demokratikləşməsi üçün dayanmışam. Bizi yox, dövlətin imicini düşünün, çünki bu həbslər Azərbaycanın bütün dünyada imicini zədələyir, dövləti hörmətdən salır…” (S.Kərimov).

“Bizi 3 aydır ona görə həbsdə saxlayırlar ki, bizdən əməllərimizdən peşiman olmağımız haqda etiraf alsınlar. Belə etirafdan söhbət gedə bilməz. Biz 3 aydır məhkəməni ittiham olunmağımız üçün gözləməmişik. Ona görə gözləmişik ki, bu müddətdə bizi günahsız yerə həbs etdiklərinə, ailələrimizi məhrumiyyət içində qoyduqlarına görə gəlib bizdən üzr istəsinlər. Bizə vurulan zərərə görə kompensasiya versinlər…”(A.Alışlı).

Bu çıxışları dünən Səbail Rayon Məhkəməsində dəmir barmaqlılar arxasında dayanan Ictimai Palatanın 2 aprel aksiyasına görə həbs olunan AXCP sədrinin müşaviri Sahib Kərimli və cəbhəçi fəal Arif Alışlı etdilər.

Məhbusların vüqarlı duruşu

Dünən nəhayət, 2 aprel mitinqinə görə həbs edilən 6 nəfərin (Sahib Kərimov – AXCP sədrinin müşaviri, Arif Alışlı – AXCP fəalı, Zülfüqar Eyvazov – AXCP Nizami rayon şöbəsinin rəhbəri, Babək Həsənov – AXCP Nərimanov rayon şöbəsinin üzvü, Elşən Həsənov – Müsavat fəalı, Elnur Isrəfilov – bitrəf) məhkəməsi başlandı. Səbail rayon məhkəməsinin hakimi Elnur Həsənovun sədrliyi ilə keçirilən məhkəmə iclası saat 10:00-a təyin olunsa da 11:30-da başladı. Ləngiməyə səbəb kimi dustaqların Bakı Istintaq Təcridxanasından məhkəməyə gec gəlməsi göstərildi.
Məhkəməni izləməyə yüzədək siyasi aktivist, IP üzvləri, gənclər, ABŞ və Fransanın ölkəmizdəki səfirliklərinin nümayəndələri qatılmışdılar.
Məhkəmənin ətrafında çoxsaylı polis qüvvələri cəmlənsə də, əvvəl burda keçirilən siyasi proseslərdən fərqli olaraq polis bu dəfə toplaşanlara qarşı xüsusi aqressiya göstərmədi. Siyasi məhbuslar onları dəstəkləmək üçün məhkəmə önünə yığışanların alqışlarının müşayiəti altında zala aparıldı. Onların hər birinin çöhrəsində müsbət emosiya hiss olunurdu.

Ziya Məmmədovun “zərərçəkən” adamları

Məhkəmədə təqsirləndirilən şəxsləri vəkillər Yalçın Imanov, Ilqar Musayev, Kamran Musayev, Fəxrəddin Mehdiyev, Natiq Mustafayev, Mənsum Bayramov müdafiə edirdilər.     
Zərərçəkən kimi isə nəqliyyat naziri Ziya Məmmədovun adamları – Səlman Məhərrəmov, Həbib Nəbiyev, Elvin Məmmədov, Ayaz Qasımov (3 saylı Avtonəqliyyat MMC-nin nümayəndəsi), Elxan Qubadov (“M-trans”-ın nümayəndəsi) zərərçəkən qismində məhkəməyə dəvət olunmuşdular.

Nəinki müşahidəçilərə, heç məhbusa da oturmağa yer olmadı

Proses başladığı an vəkillərin ilk etirazı siyasi məhbusların dəmir barmaqlıqlar arxasında oturdulmasına oldu. Vəkillər bunu insan ləyaqətini alçaldan hal kimi qiymətləndirdilər və müdafiə etdikləri şəxslərin qəfəsdən çıxarılmasına dair vəsatət verdilər. Hakim vəsatəti qəbul etmədi. Dəmir barmaqlıqların insan ləyaqətini alçaldan hal olması bir yana, onun darlığı göz-görəti problem yaratmışdı. Faktiki olaraq barmaqlıqlar arxasında oturmağa yer olmadığından məhbuslardan ən cavanı Elnur proses başlayandan bitənə qədər ayaq üstə qaldı. Hakimsə vəsatəti təmin etmədi.

Bixəbər

Hakim zərərçəkənləri dindirdi. Zərərçəkənlərdən Səlman Məhərrəmov hakimə cavab verə bilmədi. Onun cavabından məlum oldu ki, ümumiyyətlə, nə üçün məhkəməyə çağırıldığından xəbəri yoxdur.

Vəsatətlər

Vəkillər cinayət işinə xitam verilməsi və təqsirləndirilən şəxslərin buraxılması üçün vəsatət qaldırdılar. Vəkil Ilqar Musayev istintaqdan, ya da məhkəmədən qaçıb gizlənmə etimalına görə təqsirləndirilənlər barədə həbs-qətimkan tədbiri seçilməsini yanlış qiymətləndirdi: “Bu şəxslərin Dubayda villaları, Yaponiyada adaları yoxdur ki, ölkədən qaçıb orda gizlənsinlər. Uzaqbaşı ya Saatlıda olacaqlar, ya da Şəkidə”.
Vəkillər vəsatətlərini onunla əsaslandırdılar ki, 2 aprel aksiyasında kifayət qədər videoçəkilişlər aparılıb, təqsirləndirilən şəxslərin aksiya zamanı hər hansı obyektə zərər yetirmələrini əks etdirən hər hansı görüntü və başqa sübutlar yoxdur. Vəkillər aksiya iştirakçılarını saxlayıb polis maşınlarına mindirən mülki geyimli şəxslərin müəyyən olunmasını və məhkəməyə dəvət edilərək dindirilmələrini də xahiş etdilər.
Vəkillər iclas zamanı jurnalistlərin foto və videoçəkiliş aparması üçün vəsatət qaldırdılar. Hakim bildirdi ki,   hazırlıq iclası olduğundan vəsatəti təmin edə bilməz.
S.Kərimovun vəkili Ilqar Mirzəyev bildirdi ki, müdafiə etdiyi şəxslərə qarşı qaldırılan ittihamlar qondarma və əsassızdır: “Bu adamlar heç bir cinayət törətməyiblər, sərbəst toplaşmaq hüququndan istifadə ediblər. Onlar yox, onların sərbəst toplaşmaq hüququnu əllərindən almış Ata Abdullayevlər məhkəmədə dindirilməlidir”.

Hacıbala Abutalıbovun cavabdehliyi

E.Həsənovun vəkili Fəxrəddin Mehtiyev aksiyaya icazə verməyən Bakı Şəhər Icra Hakimiyyətinin nümayəndəsinin də məhkəməyə dəvət olunmasına və dindirilməsinə dair vəsatət qaldırdı: “Bakı Şəhər Icra Hakimiyyətinin həmin qərarı adamların sərbəst toplaşmaq hüququnu pozub. Əslində, vəziyyətin bu yerinə çatmasının səbəbkarları da Bakı Şəhər Icra Hakimiyyətində həmin qərarı qəbul edənlərdilər. Baş verənlərə görə onlar cavab verməlidir”.
Daha sonra vəkillər təqsirləndirilən şəxslər barədə həbs-qətimkan tədbirinin ləğv edilməsinə dair vəsatət verdilər. Arif Alışlının məhkəmə tərəfindən təyin olunan vəkili Xədicə Şirinova dedi ki, biz şahidi oluruq ki, ağır cinayətdə ittiham olunanlar belə məhkəmənin sonunadək zaminə buraxılırlar: “Ancaq bu adamlara qarşı ictimai qaydanın pozulması ilə bağlı ittihamlar irəli sürülüb və hələ bunun sübuta yetirilib-yetirilməyəcəyi məhkəmənin gedişində müəyyən olunacaq. Nəzərə alaraq ki, bu adamların heç bir ictimai təhlükəliliyi yoxdur, onlar barəsində həbs-qətimkan tədbirinin ləğv olunmasını xahiş edirəm”.

Əlil və xəstələrə qarşı “humanizm”

Bəzi vəkillərsə müdafiə etdikləri məhbusların əlil və xəstə olmalarını səbəb gətirərək onların təcridxana şəraitində saxlanmalarının mümkünsüzlüyünü bildirdilər. Bəlli oldu ki,  Zülfüqar Eyvazov ağır şəkər xəstəsi, Elşən Həsənov 2 dəfə əməliyyat olunmuş və hepatit C-nin daşıyıcısı, Elnur  Isrəfilov və Babək Həsənov 2-ci qrup əlildir.

Təzyiq altında alınan ifadələr

Vəkil Yalçın Imanovun növbəti vəsatəti Elnur Isrəfilovun şübhəli şəxs və təqsirləndirilən şəxs kimi aprelin 25-i, 26-sı, mayın 25-də verdiyi ifadələrlə bağlı oldu. Vəkil bildirdi ki, müstəntiqlər Azər Ismayılov və Vaqif Süleymanov Elnurdan özü və yaxınları əleyhinə ifadələri təzyiq yolu ilə alıblar, buna görə də həmin ifadələr cinayət işindəki sübutlar siyahısından çıxarılmalıdır. Amma hakim vəsatəti təmin etmədi.

Sahib Kərimovdan hakimə çağırış: “Özünüzdə təpər tapın”

Məhkəmədən söz alan S.Kərimov cinayət işini birmənalı olaraq rədd edərək demokratiya uğrunda mübarizə apardıqlarına görə dəmir barmaqlıqlar arxasına salındıqlarını dedi. AXCP sədrinin müşaviri bildirdi ki, onlar heç bir qanunu pozmayıblar, siyasi  sifariş əsasında həbs olunublar: “Burdakı insanları beynəlxalq təşkilatlar vicdan məhbusu adlandırıb. Bu səbəbdən də yerli və beynəlxalq ictimaiyyət prosesi diqqətlə izləyir”.
O, siyasi rüsvayçılığa son qoymaq üçün hakimi özündə təpər tapmağa səslədi: “Möhtərəm hakim, siz 1992-ci ildə hüquq təhsili almaq üçün AXC hakimiyyətinin Türkiyəyə göndərdiyi gənclərdənsiniz. Hüququn işlədiyi demokratik cəmiyyətdə təhsil alıb Azərbaycana qayıtdınız. Mən inanıram ki, siz bir çox ədalətsiz qərarlar çıxaran hakimlərdən fərqli olaraq, hüququn, demokratiyanın nə olduğunu bilirsiniz. Heç olmasa siz hüquqa hörmət edin və ədalətli qərar çıxarın”.
S.Kərimovun alqışlarla bitən çıxışından sonra hakimin həyəcandan əlindəki qələmi tez-tez oynatmağı da diqqətdən qaçmadı.
Ən sonda Arif Alışlı çıxış edərək təqsirsiz olduqlarını, əsl günahkarların vətəndaşların söz və toplaşmaq azadlığın məhdudlaşdıran hakimiyyət olduğunu dedi. Alışlı bildirdi ki, onları sındırmaq istəyənlərin cəhdi boşa çıxıb.
Hakim vəsatətlərə münasibət bildirmək üçün müşavirəyə getdi. Qısa müşavirədən sonra vəsatətlərin təmin olunmaması barədə qərarı elan etdi.
Növbəti məhkəmə iclası iyulun 19-u, saat 14.30-a təyin edildi.

Natiq Güləhmədoğlu