Fransa Liviya diktatorundan aldıqları mesajları açıqladı
Liviyada 4 aya yaxındır davam edən vətəndaş müharibəsi və siyasi böhran sona yaxınlaşmaqdadır. Bir neçə gün öncə Rusiya hakimiyyətindəki rəsminin mətbuata verdiyi açıqlamasında Müəmmər Qəzzafinin bəzi şərtlər müqabilində hakimiyyətdən getməyə razı olduğunu bildirmişdi. Kreml rəsmisi hətta Liviya diktatorunun təmsilçilərinin Fransa hökumətiylə bu barədə danışıqlar apardığını da söyləmişdi. Liviyalı üsyançılar bu xəbəri təsdiqləsələr də Fransa tərəfi məlumatı nə təsdiq nə də təkzib etmirdi.
Nəhayət Fransa rəsmi olaraq Liviya diktatoru Müəmmər Qəzzafinin nümayəndələri ilə danışıqlar aparıldığını təsdiqləyib. Rəsmi Paris Qəzzafi təmsilçilərinin diktatorun Liviyanı tərk etməyə hazır olduğuna dair mesajını aldıqlarını bildirib. Fransanın xarici işlər naziri Alen Jupe “France Info” radiosuna verdiyi açıqlamasında “Liviya rejimi polkovnik Qəzzafinin hakimiyyətdən və ölkədən ayrılmaq məsələsini müzakirə etmək məqsədiylə Türkiyəyə, Nyu Yorka və Parisə dəvətlər göndərir” deyib.
Qəzzafi təmsilçiləri ilə qurulan əməkdaşlığın onunla nələrisə müzakirə etmək mənası vermədiyini söyləyən Alen Jupenin sözlərinə görə, Liviya diktatoru mütəmadi olaraq hakimiyyətdən və ölkədən getməyə hazır olduğuna dair mesajlarını göndərir. Nazir bildirib ki, informasiya mübadiləsi olsa da hələ müzakirələrə start verilməsi gündəmdə deyil. Fransa rəsmisi Qəzzafinin təkliflərini çatdıran elçilərin kimliyini açıqlamayıb.
Fransa Maliyyə Nazirliyinin sözçüsü Bernard Valero da liviyalı elçilərin Qəzzafini təmsil etdiklərini söylədiklərini vurğulayıb. Valero rəsmi Parisin eyni təklifi Qəzzafiyə göndəriyini və bu barədə koalisiya qüvvələriylə sıx əməkdaşlıq etdiyini bildirib. Rəsmi Paris bu açıqlamaları ölkə parlamentində 4 aydır davam edən NATO-nun komandanlığı altında keçirilən hərbi əməliyyatlara rəhbərlik etməyə başladığı ərəfədə bəyan etid.
Baş nazir Fransua Fiyon parlamentdə çıxışı zamanı Liviyadakı böhranın aradan qalrıdılmasına yönəlik siyasi həll yoluna start verildiyini bildirib. “BBC”-nin Paris müxbiri Hyu Şofildin xəbərinə görə, səslənən açıqlamaların şübhəli olması belə Liviya hadisələrində əsas rol oynayan ölkələrdən biri Fransanın müsbət nəticəyə nail olacağına işarədir. Və rəsmi Paris problemin həllinə dair yeni mərhələnin startına hazırdır.
Xatırladaq ki, Fransa Liviya vətəndaşlarını qorumaq məqsədiylə Qəzzafi rejiminə qarşı hərbi əməliyyatlar haqda BMT qətnaməsinin qəbulunda və onun tətbiqində mühüm rol oynayıb. Liviyalı üsyançılar ölkənin şərqini və qərbindəki bəzi bölgələri ələ keçirmiş olsa da, Qəzzafi və tərəfdarlarının sığındığı paytaxt Tripoliyə daxil ola bilmirlər. Fransa və digər koalisiya qüvvələri də ölkədəki savaşın sona çatması üçün Liviya diktatorunun hakimiyyətdən getməsini israrla tələb edirlər.
Elxan


