Aldadılan vətəndaşlarla FHN, PA, BŞIH ötür-ötür oyunu oynayır
“Mur-Ay” MMC- nin qurbanları ötən gün səhər saatlarında paytaxtın bir neçə yerində etiraz aksiyası keçirdilər. Yüzə yaxın aksiya iştirakçısı ilk olaraq Fövqəladə Hallar Nazirliyinə (FHN) yürüş etdi.
FHN-dən PA-ya…
Aldadılan vətəndaşlar səhər saatlarında FHN-in binası qarşısına toplaşdılar. Əraziyə gələn polis onlara sakit olmağı məsləhət gördü. Aksiyaçılar isə polislərin dedikləri ilə razılaşmadı, bildirdilər ki, nazirliyin sözçüləri onları qəbul edəcəkləri təqdirdə işlərini yekunlaşdıracaqlar. Bir neçə dəqiqə keçəndən sonra yalnız bir nəfər qəbul otağına daxil ola bildi. Etirazçılara tutarlı cavab verilmədi. Əksinə, bildirildi ki, aldıqları mənzillərin, ümumiyyətlə, tikinti şirkətinin sənədləri yoxdur. Bakı Şəhər Icra Hakimiyyəti (BŞIH) həmin sənədləri qaydasına qoysa, işin həll edilmə ehtimalı olar.
Zərərçəkən Iradə Məmmədovanın sözlərinə görə, onların işinə ciddi baxılmır: “FHN-də dedilər ki, sənədlərin qaydaya salınmasında Hacıbala Abutalıbovun imzası olmalıdır. Abutalıbov isə sənədlərə imza atmaqdan imtina edir, işi yubadır. Halbuki mer bizim düşdüyümüz vəziyyəti anlamalıdır. Insanlar küçədə qalıb, məmurlar isə bir-birinin acığına sənədləri qaydasına salmır. Biz istəyirik ki, haqlarımız tələb olunsun. Bizim bundan başqa istəyimiz yoxdur. Özləri məsələni uzadaraq siyasiləşdirirlər. Halbuki buradakı insanların belə məqsədi yoxdur. Onlar pullarını və evlərini tələb edirlər”.Işin bu cür yekunlaşdığını görən qurbanlar Prezident Administrasiyasına (PA) üz tutdular. Bu dəfə də sakinlərə binanın qarşısında toplaşmağa icazə vermədilər. Əraziyə gətirilən 50-dən çox polis şikayətçiləri oradan qovmağa başladı. Aksiyaçılar nə qədər müqavimət göstərsə də, heç nəyə nail ola bilmədilər. Bu zaman bir neçə qadın polis zorakılığı, təhqiri ilə üzləşdi. “Mur-Ay” qurbanları isə polisin hərəkətindən məhkəməyə şikayət edəcəklərini bildirdilər. Az sonra məlum oldu ki, qadınları təhqir edən şəxs Xəqani Qəhrəmanov adlı polisdir. Etirazçılar buna görə DIN-ə, məhkəməyə müraciət edərək adıçəkilən polis əməkdaşının cəzalandırılmasını tələb edəcəklərini söylədilər”.
…PA-dan BŞIH-ə, oradan da…
“Biz hökumətdən əlavə pul, ev istəmirik. Çəkdiyimiz ziyanın qarşılığını tələb edirik. Bu işə görə bir neçə şəxsi həbs ediblər. Onların həbsi bizə heç nə vermir. Hamıya aydındır ki, şirkətin başında duranların ayrı-ayrı ünvanlarda villaları var. Onlar müsadirə edilsin və bizim pullarımız qaytarılsın. Ya pulumuzu, ya da evlərimizi versinlər, biz də bura toplaşmayaq” – deyir, zərərçəkənlər.
Aldadılan vətəndaşlar sona qədər mübarizə aparacaqlarını söyləyirlər: “Məqsədimiz haqqımızı almaqdır. Ya bizim evlər qaytarılsın, ya da pullarımızı versinlər. Elə ailələr var ki, var-yoxunu satıb, özünə ev alıb. Hazırda kirayədə yaşayır. Bu cür haqsızlığı Allah da götürməz”.PA qarşısında vəziyyətin gərgin olduğunu, məsul şəxslərdən heç kimin qəbuluna düşə bilməyəcəklərini görən sakinlər BŞIH-in binasına doğru hərəkət etdilər.
Bu dəfə aksiya iştirakçıları küçələrdə şüarlar səsləndirməyə başladılar. Yol boyu “Haqqımızı bərpa edin”, “Biz evlərimizi istəyirik” kimi şüarlar paytaxtı bürüdü. BŞIH-də onları heç kim qəbul etmədi. Etirazçılara Abutalıbovun məzuniyyətdə olduğu bildirildi. Etirazçılar bunun yalan olduğunu deyərək, binanın qarşısında şüar səsləndirməyə davam etdilər. Əraziyə gələn polis onları uzaqlaşdırmağa başladı. Ötür-ötür oyunu Baş Prokurorluqda yekunlaşdı. Orada da onlara problemin həllinin Hacıbala Abutalıbovdan asılı olduğu söylənildi.
***
Xatırladaq ki, “Mur-Ay”ın rəhbəri Elxan Hüseynov vətəndaşlardan mənzil üçün aldığı pulları Şirvan şəhərində Heydər Əliyev Mərkəzinin tikintisinə sərf edib.
Şirvanın icra başçısı, müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Mərdan Camalov Elxan Hüseynova bildirib ki, Heydər Əliyev Mərkəzinin tikintisini üzərinə götürsə və bu işi uğurla başa çatdırsa, rayonlardan birinə icra başçısı təyin edilə bilər. “Mur-Ay” MMC-nin rəhbəri də həvəslənərək vətəndaşlardan mənzil üçün aldığı pulları bu istiqamətdə xərcləyib.
Sonradan aldadılan vətəndaşlar etirazlara başlayanda Elxan Hüseynovun həbsi məsələsi gündəmə gəlib. Lakin “Mur-Ay”ın sahibi “yuxarılar”a mesaj göndərib ki, həbs ediləcəyi təqdirdə pulların Heydər Əliyev Mərkəzinə xərcləndiyini ictimaiyyətə açıqlayacaq. Bununla da Elxan Hüseynov özünü həbsdən sığortalaya bilib. Onun əvəzinə Prezident Administrasiyasının (PA) şöbə müdiri Zeynal Nağdəliyevin bacanağı, həmçinin fövqəladə hallar naziri Kəmaləddin Heydərovun yaxın qohumu Qalib Məmmədbəyli həbs edilib. Bəzi məlumatlara görə, əslində Qalib Məmmədbəylinin həbsi PA rəhbəri Ramiz Mehdiyevlə adıçəkilən məmurlar arasındakı ziddiyyətlərdən qaynaqlanır. Və bu həbsin “Mur-Ay” qalmaqalına heç bir aidiyyəti yoxdur.
Onu da qeyd edək ki, “Mur-Ay” şirkətinə qarşı vətəndaşlara külli miqdarda ziyan vurmaqla bağlı dələduzluq maddəsi ilə cinayət işi başlanıb. Rəsmi məlumata əsasən tikinti şirkəti Bakıda tikilən 414 mənzilli binada bir mənzili 3 və daha artıq adama satıb.
Ramin DEKO