«Qərbi-çıraq» 2013-cü ildə işə başlayacaq

Yataqda 306 milyon barrel neft ehtiyatı var

“Azəri-Çıraq-Günəşli” yatağında 2013-cü ilin sonunda “Çıraq” Neft Layihəsi çərçivəsində yeni “Qərbi-çıraq” platforması işə başlayacaq. Bu yataqda sayca yeddinci olan platformanın tikintisinə keçən ilin martında qərar verilib. Neft ehtiyatı təxminən 306 milyon barrel olan “Qərbi-çıraq”dan gündəlik hasilat 160-180 min barrel olacaq. Hazırda platforma hazırlıq mərhələsindədir. Platformanın dayaq bloku Heydər Əliyev adına dərin özüllər zavodunda, üst hissəsi isə ATA (Amec, TekFen, AzFen) tikinti quraşdırma sahəsində hazırlanır.
Elə dünən bp-nin təşkilatçılığı ilə bir qrup jurnalist sözügedən quraşdırma sahəsində olub. Layihənin direktoru Ilqar Məmmədov jurnalistlərə açıqlamasında bildirdi ki, “Qərbi-çıraq” “Azəri-Çıraq-Günəşli” yatağında ən böyük platforma (19.200 ton) olacaq. Platforma 170 metr dərinlikdə quraşdırılacaq. Onu da qeyd edək ki, ilk dəfədir bu tipli platformanın dayaq bloku və göyərtəsi Azərbaycanda hazırlanacaq. I.Məmmədov onu da bildirdi ki, layihəyə 3000 işçi cəlb olunub ki, onun da 90 faizi yerli işçidir. “Qərbi-çıraq”ın dayaq bloku 2012-ci ilin dördüncü rübündə “Dərinsulu Günəşli” və “Çıraq-1″ arasındakı ərazidə yerləşdiriləcək. Plaformanın üst hissəsi isə 2013-cü ilin 2-ci rübündə quraşdırılacaq. Bütün işlər başa çatdıqdan sonra platformadan ilk neft 2013-cü ilin sonunda çıxarılacaq.
Məlumat üçün deyək ki, 1997-ci ildə  məhz “Çıraq”ın nefti xarici kampaniyaların Xəzərdə çıxardığı ilk neft olub. “Azəri-Çıraq-Günəşli” yatağının ehtiyatları 900 milyon barrel neft, 140 milyard kub metr qaz proqnozlaşdırılır. “Azəri-Çıraq-Günəşli”nin partnyorları bp (operator – 37,4%), Shevron (11,3%), SOCAR (10%), INREX (11%), Statoil (8,6%), ExxonMobil (8%), TRAO (6,7%), ITOSNU (4,3%) və Ness (2,7%)dir.

Xəyal