Hara gedirik?

Assancın Vikiliks-i rejimin zirvəsindəkilər barədə zəlzələ effektli sənədlər yayır.

Türkiyənin Bakıdakı səfirliyinin keçmiş əməkdaşı Turqut Ərin iqtidarın cinayət əməlləri haqqında açıqlamalarını Azərbaycanda birnəfəsə oxuyurlar.Bakı Beynəlxalq Avtovağzal Kompleksinin sahibi Böyük Britaniyanın Vircin adasında tapıldı.

Qədim Şamaxının müdrik icra başçısının şəhərin girəcəyində qoyduğu möhtəşəm sənət əsəri – eşşək abidəsi dağıdıldı.Gəncənin icra başçısı şəhəri köhnə icra başçısının bərbad vəziyyətə saldığını dilə gətirir.
Əski icra başçısına isə Sumqayıtı abadlaşdırmağı rəva bildilər.
Camaatın evləri sökülür, mülkləri dağıdılır.
Korrupsiyaya qarşı mübarizə kampaniyası deyəsən, uğurla sona çatdı. Məmurlar 6 ay əvvəl olduğu kimi rüşvət yığmağında, dövləti talan etməyindədir.Işğaldakı ərazilərin taleyinə dair qısır danışıqlar davam edir…
Və padşahımız turnikdə 10 dəfə dartınmaqla fiziki gücünü nümayiş etdirir.
Başımızın üstündə Allah var, düzünü deyək, padşahımızın atasının padşahlığında Azərbaycanda bu səviyyədə dərəbəylik gözə çarpmırdı.Öz aramızdır, hansı nazir və ya icra başçısı cəsarət edib özünə villalar kompleksi tikdirər, milyon dollarlıq zirehli “Mersedes” sifariş edə bilərdi?Hansı vəzifəli şəxs at oynada bilərdi?
Bu gün görəv sahibləri elə oyunlardan çıxır ki, adamın papağı başından düşür.
Bu gün hökumətin ən yüksək pilləsində dayananlar çox-çox iri oliqarxlara çevrilib.
Bu gün vəzifəlilərin 20-25 yaşlı uşaqları bank, holdinq açır, xaricdə özləri üçün şirkətlər qurur. 
Diqqət edin, yalnız 2010-cu ildə qardaş Türkiyədə Azərbaycanlı iş adamları 136 şirkət açıb. Vəzifəlilər və onların ailə üzvlərindən savayı kim aça bilər bu şirkətləri?
Cümlə Azərbaycan, az qala Abşeron yarımadasında məskunlaşıb və şirkət açan o iş adamları məgər ölkədəki işsizlikdən bixəbərdir?Nədən o iş yerlərini Azərbaycanda açmırlar?
Və bu gün Azərbaycanda ağlı başında olanların hər biri təsdiq edər ki, Heydər Əliyevin zamanında bu eybəcərliklər baş verməzdi.Oğulun ataya rəhmət oxutdurması adət halına düşüb Azərbaycanda.
Ilham Əliyev də bu adətə riayət edir deyəsən.

Padşahımız Azərbaycanın sükanını əlində elə saxlayır ki, müqayisə aparanlar atasına rəhmət oxuyur. 
5 il əvvəl vəziyyətin düzələcəyinə ümid edənlər, Ilham Əliyevin korrupsiyanın və rüşvətin qarşısını ala biləcəyinə inananlar, indi “Azərbaycan düzəlməz” deyir.
Çünki 5 il əvvəl bir nazirin və ya bir icra başçısının tikdirdiyi villadan yana-yana danışanlar, indi padşahın özünün Dubayda uşaqları üçün aldığı 44 milyonluq villalar haqqında düşünürlər.
Və düşündükdən sonra da deyirlər ki, Azərbaycanın işi Allaha qalıb.
Azərbaycan qatarı tunelə girib. Hara getdiyimizi də izhar edən yoxdur.
Hara gedirik? 
Tuneldən nə zaman çıxıb işığa qovuşacağıq?
Gözlərimizi açmamız lazım.Işığa gözüyumulu qovuşmaq olmur.