«Azadlıq»ın əməkdaşı Kür daşqınlarından ziyan çəkənlər üçün ayrılan vəsaitlərin mənimsənilməsi faktlarını üzə çıxarıb
Dünən Media Mərkəzində “Azadlıq”ın əməkdaşı Natiq Güləhmədoğlunun qəzetdə dərc edilən “Kür suyunun açdığı korrupsiya izləri” məqaləsinin ictimai müzakirəsi keçirilib.
“Turan”ın məlumatına görə, mərkəzin layihələr koordinatoru Seymur Kazımov bu müzakirənin “Media 4-cü hakimiyyət rolunda” layihəsi çərçivəsində təşkil olunduğunu və layihəni ABŞ-ın Azərbaycan səfirliyinin maliyyələşdirdiyini qeyd edib.
Natiq Güləhmədoğlu 2009-cu ildə baş vermiş sel daşqınlarının aran rayonlarında yaratdığı durumla bağlı araşdırma aparıb. Bu məqsədlə müəllif Sabirabadın 5 kəndində olub və məqalədə qaldırılan problemləri hamının bildiyi, hamıya məlum olan problemlər kimi dəyərləndirib. Sel daşqınlarının nəticəsinin aradan qaldırılmasında ciddi korrupsiya faktları var. Hakimiyyətin istənilən vəsiləsində sel daşqınlarının vurduğu ziyanın nəticələrinin aradan qaldırılması ilə bağlı hesabatlar gizli saxlanılır. Həm də hakimiyyət ictimaiyyətin iştirakıyla araşdırma aparmaqda maraqlı deyil. Əhalinin bağlarına, təsərrüfatına, mal-qarasına, meyvə ağaclarına dəyən ziyana görə kompensasiya ödənilmədiyi də vurğulanıb.
Evləri uçmaqda, ağır qəza durumunda olan sakinlər var ki, hələ də onlara ev tikilməyib. Həm də sakinlər “Kür” Vətəndaş Qərargahı istisna olmaqla, başqa heç bir qurumun fəaliyyətinə inamla yanaşmırlar.

Son olaraq, müəllif sakinlərə dəyən ziyanı aradan qaldırmaq üçün ayrılan vəsaitlərin mənimsənilməsi kimi ciddi cinayət faktları olduğunu da qeyd edib.
“Kür” Vətəndaş Qərargahının üzvü Mehman Əliyev sel daşqınlarından əziyyət çəkən əhalinin haqlarının bərpasıyla bağlı işlərin miqyasını genişləndirəcəklərini nəzərə çatdırıb. O, yalnız vətəndaş cəmiyyəti institutlarının fəallığıyla rəsmi qurumları bu zonada az-çox işləməyə məcbur edə bildiklərini söyləyib. Fəlakətin nəticələrinin aradan qaldırılması üçün 300 milyon manat ayrılmasına baxmayaraq, bu yaxınlarda daha 6 milyon manatın ayrılmasını M.Əliyev bir qədər təəccüblə qarşılayıb. Fəlakət zonasında sakinlərə verilən pulların xaotik olduğunu, eyni şəraitdə yaşayan, eyni saylı ailələrin birinə 300, birinə 1000, birinə 500 manat verilməsinin səbəbinin aydın olmadığı qeyd edilib. Tikilən evlərə qoyulan xərclərə gəlincə, həmin xərclərin 3 dəfəyə qədər şişirdildiyi nəzərə çatdırılıb. Qərargah üzvü həmin vəsaitlərin zərərçəkənlərin özlərinə verilməsini daha doğru saydığını deyib.
Eyni zamanda, sakinlər sel daşqınlarının nəticələrinin aradan qaldırılmasında yol verdikləri bir sıra qanunsuzluqlara görə Nazirlər Kabinetini, Fövqəladə Hallar Nazirliyini 1 saylı Iqtisad Məhkəməsinə verib. Bu məsələnin Avropa Məhkəməsinə kimi qaldırılacağı vurğulanıb.
Müzakirə iştirakçıları bu istiqamətdəki araşdırmaların davamlı və faydalı olacağına ümidlərini ifadə ediblər.



