tapanca-ates

Çempionun qətli ilə bağlı şok iddia

Miremil İbrahimlini güllələyənin dövlət mühafizə xidmətində çalışdığı bildirilir

Redaksiyamıza uşu-sanda üzrə Azərbaycan çempionu Miremil Ibrahimlinin qətli ilə bağlı yeni məlumat daxil olub. Məlumatı oxucuların diqqətinə çatdırmazdan əvvəl bildirək ki, Miremil Ibrahimli iyunun 18-də Mərdəkan qəsəbəsindəki “Tropikanka” çimərliyinin açılış mərasimində qətlə yetirilib.
Rəsmi məlumatlara görə, dostları ilə “Tropikanka”ya istirahətə gələn çempion giriş haqqını ödəmək istəməyib. Bu isə mühafizəçilərlə mübahisə yaranmasına səbəb olub. Mühafizəçilərdən biri – Bakı sakini Çingiz Allahverdiyev silaha əl atıb. O, tapança ilə Miremil Ibrahimlinin ayağından iki, başından isə bir güllə vurub. Sonra silahı ataraq qaçıb. Çempion ağır vəziyyətdə 3 saylı xəstəxanaya yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Çingiz Allahverdiyev isə Xəzər rayon Polis Idarəsinin 1-ci bölməsinin əməkdaşları tərəfindən tutulub.
Əldə etdiyimiz məlumatda iddia olunur ki, Çingiz Allahverdiyevin çempiona heç nədən çəkinməyərək atəş açması səbəbsiz deyil. Məlumata görə, Çingiz Allahverdiyev Baş Dövlət Mühafizə Idarəsində çalışırmış. Elə bu baxımdan məsuliyyət hiss etməyərək Miremil Ibrahimlini güllələyib. Çingiz Allahverdiyev düşünüb ki, bu olaya görə məsuliyyətdən yayına bilər, ən pis halda isə yüngül şəkildə cəzalandırılar. Lakin deyəsən o, bu qənaətində yanlışlığa yol verib. Çünki məlumatlara görə, Çingiz Allahverdiyevin bu əməli “yuxarılar”ı bərk qəzəbləndirib. Gələn xəbərlərdə bildirilir ki, çempionun qətlilə bağlı ümumilikdə altı nəfər həbs edilərək Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinə (BMCQMI) aparılıb. Orada həmin şəxslərin işgəncəyə məruz qaldığı iddia edilir.

İnformasiya şöbəsi