Bəlkə də sualın cavabı başqa bir sualdadır. Biz dəyişiklik istəyirikmi? Məni bu ölkədə dəyişiklik istəməyənlərin varlığı heç də təəccübləndirmir, bütün dünyada mühafizəkar insanlar olur və həm də insanlara da bir ətalət xasdır, bir də görürsən ki, həyatı azacıq məcraya düşmüş, nisbi rahatlıq hiss edən bir insan da mühafizəkarlaşır, dəyişikliklərdən qorxur. Əvvəllər insanları liberal dəyərlərin qorxutması bir qədər başadüşülən idi. Insanlar özlərini o qədər də müstəqil həyata hazır bilmirdilər, özlərini dövlətin müdaxiləsindən kənarda təsəvvür etmirdilər.
Amma artıq bir müddət keçib, adamlar özlərinə həyat və dolanışıq qurmağı öyrəniblər. Fəqət, indi, əvvəldə qeyd etdiyim kimi, mühafizəkarlığın yeni bir dalğası yaranıb. Yox, bunlar təkcə mövcud “oyun qaydaları”nı qəbul etmiş, mövcud siyasi, iqtisadi sistemə adaptasiya olunmuşlar deyil. Dəyişikliklərə daha böyük təbəqə şübhə ilə yanaşır. Bəli, “yeniləri gəlib nə edəcək?”, “nəsə dəyişəcəkmi?” kimi suallarla tək indiki sistemlə harmoniyada yaşayan insanlar özlərini məşğul etmirlər. Bir çoxu bu aqibətdədir. Nə demək olar? Dəyişikliyi elə həyatın atributu kimi qəbul etmək lazımdır. Bizə elə gəlir, təbiətdə, kainatda bir əbədilik var, başımızın üstündəki səma, ulduzlar dəyişmir. Yox, belə deyil, hər şey dəyişir, hətta bizə əbədiliyin simvolu kimi təsir bağışlayan makro-kosmos da. Sadəcə, sürət bir qədər fərqlidir, xarakterik zaman başqadır.
Burada bir psixoloji və insana xas olan bir detal da var. Insanlar həmişə dəyişikliklərə yeni itkilərin ərəfəsi kimi baxırlar. Bu vaxta qədər mövcud olan sosial-siyasi sistemlər insanlarda belə vərdiş yaradıb – rus imperiyası dağıldı və insanlar itirdilər, daha sonra sovet quruluşu dağıldı və insanlar yenə də böyük bir çətinliklə qazandıqlarını itirdilər. Beləcə, insanlar hər dəfə nəsə qazanır və sonra onu itirirlər. Belə bir hal psixoloji vərdiş yaradır və insanlar dəyişikliyə yalnız və yalnız itkilərin səbəbi kimi baxırlar. Azadlıq təməl hüquq olmayanda, ölkədə mülkiyyət institutunun toxunulmazlığı təsbit olunmayanda belə olur. Elə buna görə də bundan sonra baş verə biləcək dəyişikliklərin nələrə toxunacağına və nələrə toxunmayacağına bir qədər aydınlıq gətirmək lazımdır. Təbii ki, elə dəyişikliklərdən söhbət gedir ki, onlar insanların azadlıqlarını bir qədər də genişləndirir, mülkiyyət institutunu bir qədər də möhkəmləndirir. Kiçik qrup istisna olmaqla böyük əksəriyyət inanmalıdır ki, dəyişiklik vaxtları onlar əllərindəkini itirməyəcəklər, əksinə, onları artıracaqlar, daha azad, daha varlı olacaqlar. Belə olsa, insanlar dəyişiklikdən ehtiyat etməz, ondan heç qorxmazlar və “əşşi, bunlar gəlib nə edəcək?” kimi sualları daha eşitmərik.
Dərnəklər dəyişikliyə apara bilərmi?
Daha bir detal da budur ki, getdikcə daha çox adamdan siyasi partiyaların dərnəklərə çevrilməsi haqda fikirlər eşidirik. Əslində bu, dövrə və elə siyasi sistemə də tam adekvatdır. Güclü və tam leqal partiyalar yalnız demokratik rejimlərdə olur. Sərt avtoritar rejimdə narazılıq çox böyük olur, amma buna özünün institusional formasını tapmağa və leqallaşmağa imkan vermirlər, ona görə də siyasi partiyalar pərakəndə və zəif olurlar.
Siyasi partiyalar niyə zəifdir? Bu sualın bircə həqiqi cavabı var: ona görə ki, ölkədə sərt avtoritar rejim hökm sürür və bu rejim siyasi hüquqları və azadlıqları məhdudlaşdırır. Ona görə də dərnək forması əslində heç kimi çəkindirməməli və həvəsdən salmamalıdır. Totalitar rejimlərin süqutu ərəfəsində yalnız siyasi dərnəklər mövcud idi, güclü, təşkilatlanmış bircə partiya vardı və bu da hakim partiya idi. Amma sonradan dərnəklər izdihamlı mitinq və hərəkatlara təkan verdi. Indiki olaylar da başqa vaxtlarda və qeyri bir dövlətlərdə olanların miqyasca başqa formasıdır, yeni heç nə yoxdur, hələ bu vaxta qədər heç kimə orijinal totalitar və avtoritar siyasi sistem yaratmaq nəsib olmayıb, onlar hamısı bir-birinə bənzəyir, eyni sxem üzrə yaranır və eyni sxem üzrə də süqut edir, orijinal heç nə yoxdur…



